Fevralın 5-də "Paşa Holding"in təşkilatçılığı ilə keçirilən "LEGİS Hüquq Forum"u çərçivəsində "Süni intellekt və hüquq: Tənzimləmə, məsuliyyət və gələcəyin imkanları" adlı sonuncu panel təşkil edilib.
XQ xəbər verir ki, panelə “Deloitte & Touche” (Azərbaycanın) hüquq və komplayens üzrə baş meneceri Bahar Kavuzova moderatorluq edib.
Panel müzakirələrdən əvvəl çıxış edən “Koç Holding A.Ş.” şirkətinin baş hüquq və komplayens müşaviri Kənan Yılmaz çıxışında son illər startap dünyasının hüquq bazarının böyüklüyünü nəzərə almağa çalışdığını qeyd edib: "Dünyada dəyişikliklər sürətlə baş verir. Əvvəllər sahibkarlar hüquqşünasları onların işlərini yavaşladan insanlar olaraq görürdülər. Sonralar isə bu anlayışın mahiyyəti dəyişdi. Bildirim ki, şirkətlərin baş hüquq müşavirləri idarəedici heyətin iclaslarına qatılmalıdırlar. Şirkətlərin hüquqşünaslarına qapı arasından suallar verilməməlidir. Şirkətlərin rəhbərləri hüquqşünasların daim yanında olmalıdırlar".
Panel müzakirənin ilk çıxışçısı, Almaniyanın Martin Lüter adına Halle-Vittenberg Universitetinin professoru Azər Əliyev bildirib ki, hüquqda cəmiyyətin mürəkkəbliyinin parçalanması üçün müxtəlif imkanlar var: "Bir qayda olaraq hər hansı inqilabi dəyişikliklər tənzimləmə ilə bağlı dəyişikliyə gətirib çıxarır. Getdikcə münasibətlərin mürəkkəbliyi artır, eyni zamanda, sürətlənmə baş verir. Artıq Avropa İttifaqında sürətlənmiş prosesləri tənzimləmək üçün bir neçə alət hazırlanıb".
“Esin Attorney Partnership (Baker McKenzie)” şirkətinin idarəedici partnyoru Eren Kurşun bir zamanlar yenidən tərtib olunmuş sazişlərin şirkətlərə göndərildiyini xatırladıb: "Şirkətlər faktların gəlməsini gözləmək üçün saatlarla gözləyirdi. İndi beş saniyəyə imeyl göndərmək olur. Bir dəqiqə fərqlə sənədləri müqayisə etmək mümkündür. Əminəm ki, süni zəka nə qədər inkişaf etsə də, hüquqşünaslar gələcəkdə işsiz qalmayacaqlar. Bir şey dəqiqdir ki, hüquqşünaslar tam olaraq səhnədən kənarda qalmayacaqlar. Təbii ki, məlumat sızıntısı baş verəcək".
Harvard və Oksford universitetlərində tədqiqatçı, İngiltərə və Uels üzrə fəaliyyət göstərən barrister, süni intellekt və texnologiya hüququ mövzusunda “New York Times bestseller” kitablarının müəllifi Ceymi Susskind bildirib ki, əvvəlcə hüquqşünasların mövcud olmasının səbəblərinə baxılmalıdır. "Onlar problemləri həll etmək üçün var. Əgər bunu süni zəka edəcəksə, ona müraciət ediləcək. Əgər fiziki şəkildə həkimə getmədən xəstəliyi süni zəka ilə həll edə biliriksə, təbii ki, süni zəkaya müraciət edəcəyik. Əvvəllər süni intellekt sistemləri təhlilləri ən yaxşı hüquqşünaslardan yaxşı edəcəyini desəydilər, biz inanmazdıq. Hüquqşünaslar da səhvlər edə bilirlər. Bizim müştərilərimiz böyük kommersiya müqavilələrinin hazırlanmasına baxırlar. Müəyyən qədər hüquq şirkətləri gələcəkdə də mövcud olacaq. Süni intellektin yaratdığı yeni imkanların fonunda bazarlar da açılacaq", - deyə o vurğulayıb.
“KPMG Lav”ın hüquq və süni intellekt üzrə meneceri Martin Knost bildirib ki, hüquq şirkətləri xoşbəxt sonluq qurmaq barədə düşünməlidir: "Biz müştərilərimizin rəqabətliliyini artırmağa çalışırıq. Süni intellekti anlayan hüquqşünas daha azdır. Bu sahədə şəffaf idarəetmə çox vacibdir. Yoxlama prosesinin necə baş verəcəyini bilmək lazımdır. Müştərilərimiz təhlükəsizliyə önəm verirlər. Biz bir layihədə istifadə olunan həllər deyil, təkrar istifadə edilən alətlər işləyib hazırlayırıq. Prosesə bütövlükdə transformasiya kimi baxmaq lazımdır".







