“Dəm qazı” niyə “qəm qazı”na çevrilib?

post-img

Amansız bəla davam edir, günahsız insanlar mənzillərində həyatlarını itirirlər 

Azərbaycanda dəm qazından zəhərlənmə halları uzun illərdir ki, xüsusilə payız-qış mövsümündə bir sosial təhlükə kimi qalır. Bu bəlaya qarşı Fövqəladə Hallar və Səhiyyə nazirlikləri, eləcə də digər aidiyyəti qurumlar tərəfindən maarifləndirici kampaniyalar aparılmasına, kütləvi informasiya vasitələrində xəbərdarlıqlar verilməsinə, texniki normalara dair çağırışlar səsləndirilməsinə baxmayaraq ölüm və ağır zəhərlənmə hallarının getdikcə çoxalması müşahidə edilir. Araşdırmalarla problemin təkcə texniki deyil, eyni zamanda, sistemli və çoxşaxəli səbəblərlə bağlı olduğu qənaətinə gəlinir. Ekspertlər tərəfindən isə mövcud yanaşmanın artıq müsbət nəticə vermədiyi və bu narahatlığı institusional səviyyədə köklü şəkildə yenidən dəyərləndirməyin zəruriliyi bildirilir. 

Mütəxəssislərin sözlərinə görə, dəm qazı faciələrinin əsas səbəblərindən biri yaşayış fondunun, xüsusilə də köhnə binaların mühəndis-kommunikasiya sistemlərinin müasir təhlükəsizlik standartlarına cavab verməməsi ilə bağlıdır. Başqa sözlə, bu, bir çox mənzildə qaz sobaları, su qızdırıcıları (kolonkalar) və fərdi istilik sistemlərinin istismar müddətini çoxdan başa vurması, yaxud qeyri-peşəkar müdaxilə nəticəsində təhlükəli vəziyyətə gətirilməsi ilə əlaqədardır. Eyni zamanda, fərdi evlərdə və köhnə çoxmənzilli binalarda tüstü bacalarının texniki vəziyyətinə mütəmadi nəzarət mexanizmi demək olar ki, çox zəifdir. Bacaların tutulması, düzgün layihələndirilməməsi və ya qanunsuz dəyişdirilməsi dəm qazının otaqlara dolmasına gətirib çıxarır.

 Çox deyilir, amma... 

Son illər urbanizasiya proseslərinin sürətlənməsi fonunda Bakı və Abşeron ərazisində plansız, layihə-smeta sənədləri olmadan tikilmiş fərdi yaşayış evlərinin sayı artıb. Bu tip evlərdə qaz xətlərinin çəkilməsi, ventilyasiya və tüstü bacalarının qurulması isə çox zaman normativlərə uyğun aparılmayıb. Nəticədə, qaz avadanlıqları təhlükəsizlik baxımından risk mənbəyi kimi diqqət çəkib. Qanunsuz tikililərin sonradan istismara qəbul edilməsi və kommunal şəbəkələrə qoşulması isə problemi daha da ağırlaşdırıb. 

Kommunal xidmətlər üzrə ekspert Aydın Qasımovun bildirdiyinə görə, dəm qazı zəhərlənmələrinin ən təhlükəli cəhəti ondan ibarətdir ki, o, rəngsiz, qoxusuz, dadsız qazdır, hava ilə asanlıqla qarışır. Bu xüsusiyyətlərə baxmayaraq, əhalinin çox hissəsi hələ də təhlükəni tam dərk etmir. Qaz cihazlarının gecə vaxtı nəzarətsiz saxlanılması, hamam otaqları daxilində su qızdırıcılarının quraşdırılması, pəncərə və ventilyasiya dəliklərinin bağlanılması və “qənaət” məqsədilə təhlükəsizlik qaydalarına məhəl qoyulmaması kimi amillər məhz bunun bariz ifadəsidir. Bütün sadalananlar isə onu göstərir ki, maarifləndirmə tədbirləri formal xarakter daşıyır və real davranış dəyişikliyinə yetərincə təsir etmir.

Azərbaycanda qaz təsərrüfatının qurulması və istismarı sahəsində kifayət qədər normativ sənədlər mövcuddur. Lakin əsas problem həmin sənədlərin icrası və nəzarət mexanizmlərinin zəifliyidir. Məsələn, qaz avadanlıqlarının texniki baxışdan dövri keçirilməsi prosesinin səmərəsizliyi ciddi narahatlıq doğurur. Mənzillərdə təhlükəli dəyişiklərə görə real sanksiyalar nadir hallarda tətbiq olunur. İstismar zamanı məsuliyyət bölgüsü (istehlakçı – qazpaylayıcı – icraedici orqanlar) bilinmir. Bu şəraitdə hüquqi tələblər kağız üzərində qalır, təhlükəsizlik isə gerçəkləşdirilmir. 

Yeri gəlmişkən, qaz cihazlarının məcburi dövri texniki baxışının səmərəsizliyi bu prosesin formal xarakter daşımasından irəli gəlir. Çünki mənzillərdə təhlükəli yenidənqurma işlərinə görə real sanksiyalar tətbiq edilmir. Yuxarıda vurğulandığı kimi, qazpaylayıcı qurumlar, icra hakimiyyətləri və mənzil sahibləri arasında məsuliyyət bölgüsü qeyri-müəyyənliyi ilə müşahidə olunur. Nəticədə hər hansı faciədən sonra məsuliyyət “insan amili” adı altında fərdin üzərinə yönəldilir, sistem isə toxunulmaz qalır. Beləliklə, dəm qazı zəhərlənməsinin ictimai sağlamlıq və həyat təhlükəsizliyi məsələsi olduğu unudulur. Eyni zamanda, bununla problemə cavabdeh qurumlar arasında koordinasiyanın zəif qurulduğu, başqa sözlə, bu sahəyə məsul nazirliklər, qazpaylayıcı şirkətlər, yerli icra strukturları və bələdiyyələrin əlaqəsiz fəaliyyətləri də aşkarlanır. 

Bəzi hallarda vətəndaş təhlükəsizlik risklərini bilməsinə baxmayaraq, maddi imkanların məhdudluğu səbəbindən köhnə qaz cihazlarını dəyişmir, sertifikatlaşdırılmış ustaların xidmətindən istifadə etmir. Bu isə xüsusilə regionlarda və aztəminatlı ailələr arasında riski daha da artırır. Ümumiyyətlə, dəm qazından zəhərlənmə hallarının davam etməsi təkcə bir qurumun və ya bir səbəbin nəticəsi deyil. Burada texniki, hüquqi, sosial, institusional və mədəni amillər bir-birini tamamlayır və nəticədə təhlükəli bir sistem formalaşır.

Azərbaycanda dəm qazı ilə bağlı faciələrin qarşısının alınması üçün təkcə mövsümi xəbərdarlıqlar kifayət etmir. Bu problemə milli təhlükəsizlik və ictimai sağlamlıq məsələsi kimi yanaşılmalı, real nəzarət mexanizmləri qurulmalı, təhlükəsizlik mədəniyyəti gündəlik davranış normasına çevrilməlidir. Əks halda, hər il eyni faciələrin təkrarlanması qaçılmaz olacaq. 

Hamını qoruyan sistem

Ekspertlər tərəfindən bu bəladan çıxış yolu sistemli təhlükəsizlik modelinə keçilməsində görülür. Bəs bu modelin tətbiqi zamanı hansı layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur? İlk növbədə, burada qaz avadanlıqlarının vahid reyestrinin yaradılmasına, mənzillər üzrə risk xəritəsinin hazırlanmasına mühüm önəm verilir. Eyni zamanda, yüksək riskli binalar üçün məcburi texniki audit mexanizminin işə salınmasının, qazdan istifadə hüququnun təhlükəsizlik şərtlərinə bağlanmasının zəruriliyi bildirilir.

Azərbaycanda dəm qazı riskinin davam etməsinin əsas səbəblərindən biri də təhlükəsizlik mədəniyyətinin formalaşmamasıdır. İnsanların əhəmiyyətli hissəsi təhlükəni anlasa da, onu prioritet hesab etmir. Bu isə maddi imkanların məhdudluğu, uzun illər formalaşmış vərdişlər, “indiyə qədər problem olmayıb” psixologiyası ilə bağlıdır. Halbuki təhlükəsizlik mədəniyyəti yalnız elanlarla deyil, gündəlik davranış normaları və hüquqi məsuliyyətlə formalaşır.

Uzun illər təbii qaz təchizatı sistemində fəaliyyət göstərən Ehtiram Cəlilovun sözlərinə görə, Azərbaycanda problemin real həlli üçün bir sıra layihələr həyata keçirilməlidir. İlk növbədə, dəm qazı (karbonmonoksid) detektorlarının quraşdırılması mərhələli şəkildə məcburən gerçəkləşdirilməlidir. Köhnə qaz cihazlarının utilizasiyası üçün dövlət dəstəyi proqramı hazırlanıb reallaşdırılmalıdır. Texniki baxışdan yayınmaya görə real maliyyə və inzibati sanksiyalar tətbiq olunmalıdır. Qanunsuz tikililərdə qazlaşdırmanın təhlükəsizlik şərtlərinə bağlanması diqqətdə saxlanılmalı və media, eləcə də təhsil vasitəsilə davamlı, hədəfli maarifləndirmə aparılmalıdır. 

Beləliklə, dəm qazından zəhərlənmə halları Azərbaycanda artıq təsadüf yox, sistemli riskə çevrilib. Problemin davam etməsi isə göstərir ki, mövcud yanaşma dəyişməlidir. Fərdi məsuliyyəti önə çəkməklə yanaşı, dövlət nəzarəti, hüquqi məcburiyyət və institusio­nal cavabdehlik gücləndirilməlidir. Əks halda, hər payız eyni suallar, hər qış eyni faciələr təkrarlanacaq.

Bu məqamda beynəlxalq təcrübəyə də diqqət yetirmək istərdik. İnkişaf etmiş dövlətlərdə dəm qazı zəhərlənmələri texniki standartlar və hüquqi məcburiyyətlər vasitəsilə minimuma endirilir. Avropa İttifaqı ölkələrində karbonmonoksid detektorlarının yaşayış sahələrində quraşdırılması məcburi hesab edilir. Qaz avadanlıqları yalnız sertifikatlı ustalar tərəfindən quraşdırılır. Texniki baxışdan keçməyən cihazların istifadəsi qanunla qadağan edilir. 

Qardaş Türkiyədə qaz paylanılması sistemi təhlükəsizlik standartlarına əməl olunmadıqda avtomatik dayandırılır və köhnə tip kolonkaların mərhələli şəkildə istifadədən çıxarılması həyata keçirilir. Böyük Britaniyada isə dəm qazı təhlükəsi ilə bağlı qaydaların pozulması cinayət məsuliyyəti hesab edilir.

Eyyub HÜSEYNOV, 
Azad İstehlakçılar Birliyinin sədri

Xarici ölkələrdə dəm qazı zəhərlənmələri texniki standartlar və hüquqi məcburiyyətlərlə minimuma endirilir. Bu, bir sıra vasitələrlə həyata keçirilir. Məsələn, yerli bələdiyyələr, kommunal xidmət idarələri tərəfindən mənzillərdə dedektorlar quraşdırılır. Bununla vaxtaşırı borulardan mənzillərə qaz sızması yoxlanılır. Azərbaycanda da bu qurğunun geniş tətbiqinə zəruri ehtiyac duyulur. Sabit tarif üçün toplanan ödənişlərdən bu qurğunun alınmasına müəyyən vəsait ayrılması məqsədəuyğun sayılır. Hətta bu məsələ reallaşmasa belə, vətəndaşların şəxsi vəsaitləri hesabına dedektorların alınıb mənzillərdə quraşdırılması, bu yolla təhlükəsizliyin təmin olunması prioritet istiqamət hesab edilir. 

Yeri gəlmişkən, həm dəm qazına, həm də qaz sızıntısına qarşı mübarizədə mühüm önəm daşıyan detektorlar lazımi məqamda xüsusi səs siqnalı vasitəsilə xəbərdarlıq edir, klapanı bağlayır və təchizat dayanır. Bununla da, baş verə biləcək bədbəxt hadisənin, faciənin qarşısı alınır. Ona görə də bu gün bütün evlərdə, mənzillərdə detektorların quraşdırılmasına zəruri ehtiyac duyulur. 

“Azəriqaz” binaların girişinə, sayğaca qədər məsuliyyət daşıyır. Ondan sonra mənzillərə qaz, su, işıq çəkilməsi mənzil sakininin öz öhdəsinə düşür. Burada isə problemlərlə üzləşilir. Belə ki, çox vaxt naşı, özünü usta adlandıran adamlar tərəfindən bina daxili işlər görülərkən, müəyyən təhlükəsizlik qaydaları pozulur, yanlışlıqlara yol verilir. Ona görə də kommunal xidmətlər, kommunal təsərrüfat idarələri nəzdində peşəkarlardan, ustalardan ibarət xüsusi briqadaların yaradılması məsləhət bilinir. 

Sayğac quraşdırıldıqdan sonra cihazların qoyulması (dedektorların quraşdırılması) həmin briqadalar tərəfindən icra olunmalıdır. Bu işi bələdiyyələr, yerli icra hakimyyəti orqanları, ərazilər üzrə qaz istismar idarələri də həyata keçirə bilər. Məsələ bu yolla həllini tapmadıqda, cihazların qoyulması, dedektorların quraşdırılması vətəndaş tərəfindən yerinə yetirilir. Nəticədə proses zamanı müəyyən yanlışlıqara yol verilir, təhlükəsizlik prinsipləri pozulur. 

Qaz sızması və dəm qazından boğulma halları daha çox hamam otaqlarında baş verir. Yaxud, evin qızdırılması məqsədilə qaz açıq qoyulur, saatlarla yanan “mavi yanacaq” nəticədə boğulmaya gətirib çıxarır. Küləkli havada isə daha diqqətli olmaq lazımdır. Çünki kənara çıxan qaz və kombi boruları küləyə qarşı olarsa, hər an boğulma baş verə bilər. Bəzən isə belə bir vəziyyətin yaranması qaz sobalarının yararsızlığı ilə əlaqələndirilir. Məsələn, bu “günah” bir çox hallarda İrandan gətirilən qaz sobalarına yönəldilir. Əslində, həmin sobalar istehsal olunduğu ölkədə standartlara uyğundur, lakin Azərbaycan qazının təzyiqi ilə düzgün gəlmir. Ölkəmizdə qaz sobasının dəliyi genişləndirilir, bu zaman, təbii ki, standart pozulur və bədbəxt hadisələr baş verir. 

Qazı açıq qoyub yatmaq, yaxud evi tərk etmək təhlükəyə yol açır. Düzdür, bu hallar bəsit təhlükəsizlik qaydalarıdır, lakin çox vaxt bu məqamlara laqeyd yanaşılır. Yanan qazdan, plitələrdən evi isitmək üçün istifadə də təhlükəli şərait yaradır. Havanın dövr etməsi üçün hamam otağının qapısında mütləq dəliklər olmalıdır. Bacası, havalandırması olmayan yerdə qazdan istifadə etmək sonda acı nəticələrə, faciəli hadisələrə səbəb ola bilər. Bir sözlə, istismar edilən qaz cihazı standartlara uyğun gəlməli, havaçəkən sistem işləməli, nəfəslik açıq saxlanılmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağı hissəsində dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. 

Vaqif BAYRAMOV
XQ

 



Sosial həyat