Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş Hesabat yığıncağı keçirilib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci Ərazi sektorunun müdiri Elvin Azadəliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Əmiraslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Hesabat yığıncağı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qeyd edib ki, 2025-ci il ölkəmizin müasir tarixində dövlət suverenliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun dərinləşdirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması baxımından əlamətdar olmuşdur. O bildirib ki, respublikanın sosial-iqtisadi inkişafında əldə olunan uğurlar, regionların tarazlı inkişafı, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edilməsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir.
Rayon rəhbəri vurğulayıb ki, Prezident cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində 2025-ci ildə Ağstafa rayonunda infrastruktur layihələri həyata keçirilmiş, abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmış, əhalinin rifahının yüksəldilməsi məqsədilə mühüm layihələrin icrası davam etdirilmişdir.
Prezident Administrasiyasının məsul əməkdaşı Elvin Azadəliyev və Milli Məclisin deputatı Azər Əmiraslanov çıxışlarında qeyd ediblər ki, Azərbaycanın inkişaf yolunun əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlətçilik konsepsiyası və güclü hüquqi dövlət ideyası dayanır. Bu strateji xəttin Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirildiyi, Azərbaycanın suverenliyinin və milli maraqlarının qətiyyətlə qorunduğu xüsusi vurğulanıb.
Daha sonra Ağstafa Elektrik Şəbəkəsinin rəisi Namaz Mənsimovun və Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanovun məruzələri dinlənilib.
Ağstafa RİH başçısı aparatının sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Sənəm Budaqova Hesabat yığıncağının qərar layihəsini, sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini-sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Ziya Məmmədov isə yığıncaq iştirakçıları adından Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ünvanlanan müraciətin mətnini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup şəxs, o cümlədən RİH başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Sücayət qızı Eyyubova və digər fərqlənən şəxslər Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Fəxri Fərmanları ilə təltif olunublar.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri





