Dövlət müstəqilliyimizin mətbu qaranquşu

post-img

“Səs” qəzeti – 35

Bu ilin ilk ayında dövlət müstəqilliyimizin mətbu qaranquşlarından olmuş “Səs” qəzetinin ilk sayının işıq üzü görməsinin 35-ci ili tamam oldu. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə milli azadlıq hərəkatının həlledici mərhəsində ilk addımlarını atmış bu müstəqil nəşrin müstəqil dövlətçiliyimizin bərpası və möhkəmləndirilməsi prosesinə verdiyi informasiya dəstəyinə, hadisələrin mürəkkəbləşdiyi dövrdə tutduğu obyektiv mövqeyə yüksək qiymət vermişdir.

Qəzetin baş redaktoru Bəhruz Quliyev ötən dövrdə nəşrin fəaliyyətinin seçilən məqamlarını XQ-yə belə açıqladı:

– “Səs” qəzeti yaxın keçmişdə xalqımızın çətin, taleyüklü sınaqlarla üzləşdiyi günlərdə informasiya məkanında yaranmış boşluğu cavablandırmaq üçün demokratik ziyalıların yaratdığı müstəqil nəşrlərdən biri kimi ilk günlərdən hadisələrə ayıq-sayıq baxışı, cəsarətli mövqeyi və milli maraqları ifadə etməsi ilə seçilib. O dövrdə respublikada ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi. Ölkəmiz Ermənistanın işğalına və soyqırımına məruz qalmışdı. Yüz minlərlə soydaşımız doğma torpaqlarından didərgin düşmüşdü. Ölkədə ağır sosial-iqtisadi durum hökm sürürdü.

Belə çətin günlərdə müstəqil qəzetin fəaliyyətə başlaması böyük cəsarət və yurdsevərlik tələb edirdi. Lakin qəzetin yaradıcıları bu çətinliyi aşaraq informasiya məkanında doğru sözün kütləvi tirajlanan “Səs”ini uclatdılar. Fəaliyyətə başladığı ilk gündən qəzet azərbaycançılıq məfkurəsinə əsaslandı.

Həmin dövrdə hakimiyyətdə olan qaragüruh qüvvələrin siyasi sifarişi əsasında respublikanın yıxılmaqda olan kommunist rejiminə bağlı mətbuatında çətin günlərdə xalqına dayaq olmaq üçün min bir maneəni aşıb Vətənə dönmüş ümummilli lider Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı. Qəzetimizin qurucuları belə bir məsuliyyətli və yaxınlaşan müstəqilliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev xilaskarlıq missiyasını, zəruri çağırışlarını ictimaiyyətə çatdırmaq kimi gərəkli bir missiyanı öz üzərinə götürdülər. Bu, o zamankı hakimiyyətə qarşı müxalif mövqedə olmaq, təzyiq və ciddi maneələrlə üz-üzə durmaq demək idi. Lakin bu kiçik heyət heç nədən çəkinmədən Naxçıvanda xalqının taleyi üçün alışıb yanan bir ürəyin atəşini və döyüntülərini xalqımıza çatdırmaqdan çəkinmədi.

O bəlalı günlərdə qəzetin böyük fədakarlıqla xalqımızın ulu öndər Heydər Əliyevlə bağlı arzu və diləklərini cəmiyyətə çatdırdığını vurğulayan həmkarımız bildirdi:

– 1992-ci ilin oktyabrında bir qrup ölkə ziyalısı xalqın iradəsini ifadə edərək ümummilli lider Heydər Əliyevə “Səs” qəzeti vasitəsilə müraciət etdi. Naxçıvanda xilaskarlıq missiyasını gerçəkləşdirən Ulu öndər, əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı. Dünya şöhrətli siyasət və dövlət xadimi cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanılması strategiyasını açıqladı. Bizim üçün şərəflidir ki, bu cavab da məhz “Səs” qəzetində dərc olunub.

Ulu öndər yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasınının 10 illik yubileyindəki çıxışında “Səs” qəzetinin öz adını Azərbaycanın tarixinə yazmış bir media qurumu olduğuna diqqət yetirərək demişdi: “Səs” qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. “Səs” qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində məlumatlandırılmasında çox böyük rolu olub. “Səs” qəzeti tarixə düşmüş bir qəzetdir”.

Sonrakı illərdə qəzetin cəmiyyətin siyasi avanqardı olan YAP-ın müstəqil dövlət quruculuğundakı fəaliyyətini cəmiyyətə çatdıran bir nəşrə çevrildiyini qeyd edən Bəhruz Quliyev dedi:

– “Səs” qəzeti həmişə Yeni Azərbaycan Partiyasının ideya-siyasi tribunası olub. Qəzet daim Ulu öndər Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə sədaqətlə xidmət edib. Prezident Heydər Əliyevin cəmiyyətdə yaratdığı demokratik şəraitdə bütün media vasitələri kimi “Səs” qəzeti də öz fəaliyyətini normal şəkildə davam etdirib. Qəzetimiz dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında da həmişə fəal iştirak edib.

Qəzetin bazası əsasında yaradılmış “Səs” İnformasiya Agentliyi fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir internet resursa çevrilib. Media Qrupumuza daxil olan “Səs” televiziyası da indiki informasiya və texnologiya dövründə media məkanımızda özünə layiqli yer tutub.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın regionda mövqelərini daha da möhkəmləndirmiş, respublikamız regionda lider ölkəyə çevrilmişdir. Kütləvi informasiya vasitəsi olaraq bu siyasəti dəstəkləməyi bizdən söz azadlığının həqiqəti əks etdirmək prinsipi, xalqın öz liderinə olan inam və etibarı tələb edir. Kollektivimiz xalqımızın ön sırasında həmişə Ulu öndər Heydər Əliyevin ideya və əməllərinə xidmət etmiş, bu gün də onun böyük siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdədir.

Hazırladı:
T. RÜSTƏMLİ
XQ



Sosial həyat