Hakimlər “yanılırlar”, “Qarabağ” isə tarix yazır

post-img

Ədalətsizliyin kölgəsində qazanılan layiqli qələbə daha möhtəşəmdir

İdman təkcə fiziki gücün və taktiki gedişlərin mübarizəsi deyil, həm də mənəviyyatın, iradənin və ədalətin sınaq meydanıdır. Azərbaycan futbolunun fəxri “Qarabağ” klubunun beynəlxalq arenada keçdiyi yol bu həqiqətin bariz təcəssümüdür. Son olaraq UEFA Çempionlar Liqası əsas mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt Frankfurt” komandası ilə keçirilən qarşılaşma bir daha sübut etdi ki, “hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapır”.

“Ayntraxt Frankfurt”la oyunda baş verənlər “Qarabağ” üçün artıq tanış ssenari idi. Hakimin rəqibin cərimə meydançasındakı kobudluğa göz yumaraq penaltini verməməsi, lakin az sonra oxşar epizodda “Qarabağ”ın əleyhinə onbirmetrlik nöqtəni göstərməsi, sadəcə, bir “insan səhvi” kimi xarakterizə oluna bilərmi? Bəlkə də bu, bir komandanın iradəsini sındırmaq cəhdi idi. Lakin Azərbaycan çempionu geri çəkilmədi. Hesabda geri düşməsinə baxmayaraq, oyunun sonlarında vurulan iki möhtəşəm qol “Qarabağ”ın əyilməz ruhunun təntənəsi idi. 3:2 hesablı bu tarixi qələbə, eyni zamanda, ədalətsizliyə verilən ən kəskin cavab oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında komandanı təbrik edərkən vurğuladığı fikirlər bütün xalqın ürək sözləri idi: “Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil”.

Prezidentin qeyd etdiyi kimi, bu, təəssüf ki, ilk belə hal deyil. 2014-cü ildə İtaliya “İnter”inə qarşı Bakıda keçirilən oyun hələ də futbol tariximizin ən böyük haqsızlıqlarından biri kimi yaddaşlardadır. Oyunun sonlarında vurulan və “Qarabağ”ı pley-offa daşıyacaq təmiz qolun qeydə alınmaması, sadəcə, bir qələbənin yox, minlərlə insanın sevincinin oğurlanması idi.

Daha sonra 2021-ci ildə İsveçrədə “Bazel”lə UEFA Konfrans Liqası oyununda Abdulla Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, nə baş hakim, nə də köməkçi hakim bunu “görmədi”. VAR sisteminin olmaması isə bu kobud səhvin aradan qaldırılmasına imkan vermədi.

Bu kimi faktlar nə birdir, nə də iki. Amma bütün bu haqsızlıqlara baxmayaraq, həm “Qarabağ”, həm də onun baş məşqçisi Qurban Qurbanov həmişə haqq-ədalətə sadiqliyi ilə seçilib. 2021/22 mövsümündə “Marsel”lə oyunda komandasına qol lazım olduğu bir anda, topun rəqib qapısına əllə vurulduğunu hakimə bildirməsi üçün futbolçusuna göstəriş verməsi azərbaycanlı məşqçinin necə böyük ürəyə və vicdana sahib olduğunun göstəricisidir. Bu “fair-play” (“ədalətli oyun”) nümunəsi qələbədən daha uca bir dəyəri - ləyaqəti hər şeydən üstün tutmağın rəmzinə çevrildi.

Prezident İlham Əliyev də o vaxt bu hadisəyə yüksək qiymət vermişdi: “Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir”.

Ölkə başçısının “bizə saxta nailiyyət lazım deyil” fikri təkcə idmana deyil, bütövlükdə, milli dəyərlərə verilən önəmin göstəricisidir. “Qarabağ”ın uğurları da məhz bu prinsip üzərində qurulub: alın təri, zəhmət və ləyaqət.

Nəticə etibarilə, hakimlərin ədalətsiz və qərəzli qərarlarına, beynəlxalq idman qurumlarının bu hallara seyrçi qalmalarına Azərbaycan komandası hər dəfə meydanda öz oyunu ilə cavab verməyi bacarıb.

“Ayntraxt Frankfurt”la qarşılaşmada qazanılan zəfər bir daha göstərdi ki, əməklə, zəka və ləyaqətlə qazanılan uğur heç bir ədalətsiz qərarla məhv edilə bilməz.

Yaşasın “Qarabağ!”, yaşasın haqq-ədalət!

R.MÖVSÜMOV

İdman