Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

post-img

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Məmmədrəhim Nəcəfov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə BƏƏ arasında son illərdə siyasi, iqtisadi və digər sahələr üzrə əməkdaşlığın genişlənməsi, eləcə də mövcud potensialın daha da artırılması imkanları yüksək qiymətləndirilib. Agentlik tərəfindən BƏƏ-nin qida təhlükəsizliyi nəzarət sisteminin ekvivalentliyinin tanınması barədə qəbul edilən qərar əməkdaşlığın inkişafına töhfə kimi dəyərləndirilib.

Qeyd olunub ki, 2025-ci il ərzində BƏƏ-dən ölkəmizə mal və quş əti, kərə yağı, qarğıdalı, kinoa, bitkiçilik və digər məhsullar idxal edilib. Eyni zamanda, Azərbaycandan qarşı tərəfə əsasən emal olunmuş ət məhsulları, süfrə yumurtaları, bitki yağları və meyvə şirələri ixrac edilib.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi də müzakirə olunub.

Müzakirələr zamanı iki ölkə arasında dəniz məhsulları, bal və digər arı məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları üzrə ümumilikdə dörd baytarlıq sertifikatının rəsmi şəkildə razılaşdırıldığı diqqətə çatdırılıb.

Eyni zamanda, Azərbaycan mənşəli, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətində olan ixracyönümlü məhsulların BƏƏ bazarına çıxışının genişləndirilməsi, habelə diri heyvanların ixracı üçün baytarlıq sertifikatlarının razılaşdırılması məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb.





Sosial həyat