Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Oğuz Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirdə dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb.
XQ xəbər verir ki, tədbirdə çıxış edən Oğuz RİH başçısı Cavid Əbdül-Qədirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizdə kənd təsərrüfatı sahəsi dinamik inkişaf edir. Aqrar sektorda yüksək nəticələrin əldə olunmasında dövlət dəstəyi mexanizmlərinin rolu xüsusi əhəmiyyət daşıyır. Kənd təsərrüfatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə işlərinin vacibliyini vurğulayan icra başçısı bölgələrdə keçirilən bu cür panel müzakirələrini mühüm platforma kimi dəyərləndirib.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, 2025-ci ildə bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları çərçivəsində 14 rayonda “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Bu il də analoji tədbirlərin davam etdiriləcəyini bildirən Anar Cəfərov ilk panel müzakirənin Oğuz rayonundan start götürdüyünü qeyd edib. Onun sözlərinə görə, bu format bölgələrdə fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə daha dolğun məlumat əldə etməsinə, eyni zamanda dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə xidmət edir. Direktor əlavə edib ki, panel müzakirələrin təşkili istiqamətində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə sıx əməkdaşlıq qurulub və bu barədə tərəflər arasında razılıq əldə olunub.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, təmsil etdiyi qurum dövlət-özəl tərəfdaşlığı çərçivəsində aqrar sahədə birgə fəaliyyətin genişləndirilməsi, sahibkarların dəstəklənməsi və maliyyə savadlılığının artırılması məqsədilə Aqrar İnnovasiya Mərkəzi ilə əməkdaşlığı daha da genişləndirib. Onun sözlərinə görə, əvvəlki illərdə regionlarda keçirilən Aqrar Biznes Festivallarına sahibkarların aktiv cəlb olunması bu əməkdaşlığın uğurlu nəticələrindəndir. Bu ildən etibarən isə bölgələrdə təşkil olunan “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələrinə sahibkarların daha fəal şəkildə cəlb edilməsi nəzərdə tutulur. Vüqar Zeynalov fermer və sahibkarların maliyyə savadlılığının artırılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin və praktiki müzakirələrin əhəmiyyətini qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov çıxışında qeyd edib ki, aqrar sahədə dövlətin dəstək mexanizmləri yalnız subsidiyaların verilməsi və güzəştli kreditlərin təqdim olunması ilə məhdudlaşmır. O, hazırda azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin elan edildiyini xatırladaraq, bölgələrdə yaşayan və fəaliyyət göstərən fermer və sahibkarları bu müsabiqələrdə aktiv iştiraka çağırıb. Şöbə müdiri investisiya müsabiqələrində iştirak qaydaları, layihələrin istiqamətləri, icarə müddəti, ərizələrin təqdim olunma proseduru və investisiya layihələrində nəzərə alınmalı əsas tələblər barədə iştirakçılara ətraflı məlumat verib.
Panel müzakirələr iştirakçı dövlət qurumları və özəl təşkilatların təqdimatları ilə davam edib. Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktoru Emin Şirinov Fond tərəfindən təqdim olunan layihələrin maliyyələşdirilməsi mexanizmləri barədə məlumat verib. O bildirib ki, kredit ayrılması üçün müraciət prosesi tam elektronlaşdırılıb və fermerlər istənilən bölgədən biznes plan və digər zəruri sənədləri Fondun ofisinə gəlmədən elektron qaydada təqdim edə bilirlər. Baş direktor ötən il Fond tərəfindən 6 mindən çox layihənin maliyyələşdirildiyini qeyd edərək, dövlətin təqdim etdiyi bu imkanlardan hər bir vətəndaşın yararlana biləcəyini vurğulayıb.
Panel müzakirələr çərçivəsində tərəfdaş qurumların nümayəndələri tərəfindən subsidiya, kredit, lizinq və sığorta mexanizmlərinə dair təqdimatlar keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Azərbaycan Biznesinin İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, eləcə də özəl maliyyə qurumlarından “Rabitəbank”, “Unibank”, “Aqrar Kredit” və “FINCA Azerbaijan” bank olmayan kredit təşkilatlarının nümayəndələri fermer və sahibkarların suallarını cavablandırıblar.
Qeyd edək ki, 2025-ci il ərzində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda İmişli, Ağdaş, Zəngilan, Quba, Samux, Şəmkir, Kürdəmir, Xaçmaz, Göygöl, Şamaxı, Qusar və Saatlı rayonlarında, eləcə də Naxçıvan və Xankəndi şəhərlərində ümumilikdə 14 panel müzakirə keçirilib.
Növbəti panel müzakirənin sabah Qax rayonunda, Heydər Əliyev Mərkəzində keçirilməsi planlaşdırılır.














