Yaxud balıq verməkdənsə, balıq tutmağı öyrət
Müasir əmək bazarında dövlətlərin əsas çağırışlarından biri sosial müdafiə ilə iqtisadi fəallıq arasında balansın düzgün qurulmasıdır. Azərbaycan bu çağırışı fəal cavablandıraraq məşğulluq siyasətinin əsas prioritetlərindən biri kimi aşağı sosial dəstək mexanizmindən yüksək iqtisadi iştirakçılıq mexanizminə keçidin təmin olunmasını müəyyənləşdirib.
Ənənəvi sosial yardım mexanizmləri qısamüddətli rifah effekti yaratsa da, uzunmüddətli perspektivdə iqtisadi passivlik və asılılıq risklərini artırır. Məhz bu kontekstdə özünüməşğulluq modeli sosial siyasətin daha çevik, davamlı və dayanıqlı aləti kimi ön plana çıxır, eyni zamanda, iqtisadi fəallığa da müsbət impuls verir.
Son illər ölkəmizdə həyata keçirilən məşğulluq islahatları, xüsusilə özünüməşğulluq proqramı bu yanaşmanın institusional səviyyədə tətbiq edildiyini göstərir.
Prezident İlham Əliyev 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində proqramın əhəmiyyətinə toxunaraq vurğuladı ki, ölkəmizdə “özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır” və bu mexanizm vətəndaşlara yalnız müvəqqəti gəlir mənbəyi deyil, ailə büdcələrini təmin etməklə layiqli həyat qurmaları üçün imkan yaradır. Bu fikirlər özünüməşğulluğun artıq adi sosial dəstək layihəsi yox, dövlətin strateji məşğulluq siyasətinin tərkib hissəsi olduğunu təsdiqləyir.
Özünüməşğulluğun Azərbaycan modeli
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Məşğulluq tədbirləri departamentinin müdiri Pərviz Bənnalı bildirdi ki, özünüməşğulluq, adından da aydın olduğu kimi, şəxsin müstəqil surətdə və ya dövlətin dəstəyi ilə öz məşğulluğunu təmin etməsidir:
– Burada işsiz, habelə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər nəzərdə tutulur. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə dəstək göstərilir. Yəni vətəndaşa birbaşa maliyyə vəsaiti verilmir, o, təqdim etdiyi biznes plana uyğun olaraq kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə müvafiq əmlaklar ilə təmin edilir. Bu, özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.
Ölkəmizdə bu proqramı Dövlət Məşğulluq Agentliyi icra edir və mərhələli yanaşmaya əsaslanır. İlkin müraciət mərhələsi özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsindən, yəni özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsindən ibarətdir. Növbəti mərhələdə uyğunluğun müəyyənləşdirilməsi məqsədilə mənzil-məişət şəraitinə baxış keçirilir, burada vətəndaşlara müraciət etdiyi zərf üzrə peşə bacarıqlarını ölçmək məqsədilə suallar verilir, təcrübəsi yoxlanır. Sonra özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi, o cümlədən təlimlərin keçirilməsi və nəticələri qiymətləndirilir. Nəhayət, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlak 1 il müddətinə müqavilə əsasında vətəndaşa verilir: Şəxsin fəaliyyəti həmin dövrdə monitorinqdən uğurla keçdikdə əmlaklar vətəndaşın mülkiyyətinə verilir.
Rəqəmlərə gəlincə, 2017-ci ildə icrasına başlanan proqram çərçivəsində 2025-ci ilin sonuna olan məlumata əsasən, 113 minədək vətəndaş özünüməşğulluq fəaliyyəti ilə əhatə olunub. Bu rəqəm özlüyündə proqramın miqyasını və sosial əhatəliliyini aydın şəkildə göstərir. Təkcə 2025-ci il ərzində ümumi 16 min 827 nəfər özünüməşğulluğa cəlb edilib ki, onlardan 94 nəfər şəhid ailəsi üzvü, 976 nəfər məcburi köçkün, 131 nəfər ünvanlı dövlət sosial yardımı alan şəxs, 520 nəfər pensiya yaşına 2 ildən az qalan şəxs, 262 nəfər isə cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxs kateqoriyasına daxildir.
Proqramın tələbləri və üstün qruplar
Ümumiyyətlə, istiqamətindən asılı olmayaraq özünüməşğulluğa müraciət etmək istəyən şəxs üçün başlıca meyar onun qanunvericiliyə uyğun olaraq işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxs olmasıdır. Bu tələb ödənirsə, şəxslə müvafiq olaraq Məşğulluq İmkanlarının Qiymətləndirilməsi sorğusu həyata keçirilir və şəxsin təqdim etdiyi məlumatlar əsasında Fərdi Məşğulluq Proqramı tərtib olunur.
“Məşğulluq haqqında” Qanuna əsasən, özünüməşğulluğunun təşkili zamanı sosial həssas əhali qrupuna – ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsi üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Bunu əsas tutaraq növbəlilik reyestrində həmin kateqoriyadan olan şəxslər öncəliyə malik olur və bu səbəbdən daha tez əmlaklarla təmin olunurlar. Həmçinin Birinci Qarabağ və Vətən müharibələrində iştirak etmiş, eləcə də müharibə ilə əlaqədar əlilliyi olan şəxslər də bu üstünlüklərdən yararlana bilirlər. Bu seçim mexanizmi proqramın resurslarının məqsədyönlü istifadəsini və nəticəyönümlü icrasını təmin edir.
Qarabağ və Şərqi Zəngəzurda özünüməşğulluq
İşğaldan azad olunmuş ərazilərimizə köçən əhalinin məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritetlərindən biridir. Bu məsələdə də Dövlət Məşğulluq Agentliyinin üzərinə böyük iş düşür. Görünən odur ki, Agentlik bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün özünüməşğulluq proqramının icrasına xüsusi önəm verir və aktiv məşğulluq tədbirləri arasında bu proqramın icrasını prioritet hesab edir. Agentlikdən verilən məlumata görə, cari dövrədək “Böyük Qayıdış” çərçivəsində 700-ə yaxın şəxsə öz kiçik biznesini qurması üçün dövlət dəstəyi göstərilib və həmin şəxslər özünüməşğulluq proqramı çərçivəsində əmlaklarla təmin ediliblər.
Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin əmək bazarının inkişafına zəmin yaradır. Bu çərçivədə həmin ərazilərdə icra olunan özünüməşğulluq proqramı keçmiş məcburi köçkünlərin iqtisadi reinteqrasiyasına, kənd təsərrüfatı və xidmət sahələrinin inkişafına stimul verməklə, yerli məşğulluğun dayanıqlı əsaslarla qurulmasını təmin edir. Yəni burada özünüməşğulluq artıq sosial adaptasiya mexanizmi deyil, postmünaqişə iqtisadi inkişaf strategiyasının əsas elementlərindən biri kimi çıxış edir.
Elşad MƏMMƏDOV,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor
Əmək bazarında ən ciddi yanaşmalardan biri işsizliyin yalnız statistik azaldılması deyil, davamlı və dayanıqlı məşğulluğun təmin edilməsidir. Özünüməşğulluq proqramı bu baxımdan klassik məşğulluq mexanizmlərindən fərqlənir. Bu model vətəndaşı əmək bazarında işaxtaran subyektdən işyaradan subyektə çevirir; mövsümi və qeyri-sabit gəlir risklərini minimuma endirir; ailə təsərrüfatlarının formalaşmasına şərait yaradır; regionlarda əmək miqrasiyasının qarşısının alınmasına kömək edir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda işləmək istəyən hər kəs üçün imkanlar mövcuddur – istər tikinti sektorunda, istər kənd təsərrüfatında, istərsə də digər sahələrdə. Özünüməşğulluq proqramı isə bu imkanların genişlənməsinə və institusional çərçivəyə salınmasına xidmət edir. Bu proqram xüsusilə də kiçik sahibkarlığın inkişafına təsir göstərərək istehsal və xidmət sahələrində yerli bazarın tələblərinə uyğun yeni müəssisələrin yaranmasını təmin edir.
Nəticədə, bu proqram çərçivəsində açılan kiçik istehsal müəssisələri məhsul çeşidini artırır, xidmət sahələri isə yeni iş imkanları yaradaraq məşğulluğu gücləndirir. Misal üçün, 2025-ci ildə pilot olaraq Oğuz rayonunda həyata keçirilmiş avtoklaster layihəsi buna nümunədir. Özünüməşğulluq proqramına cəlb edilmiş bir qrup şəxsin əmək bazarının tələbi, iqtisadiyyatın prioritet sahələri nəzərə alınaraq “Avtodəmirçi xidmətləri - PDR batıqların bərpası”, “Avtorəngsaz”, “Avtoçilingər xidməti - Katalizatorların təmizlənməsi xidməti”, “Avtoelektrik - Kondisioner təmiri”, “Avtoyağlama xidməti”, “Avtorazval xidməti”, “Avtotəmizləmə xidməti”, “Özünüxidmət avtotəmizləmə xidməti”, “Avtodisk təmiri – Avtomobil şinlərinin bərpası” üzrə əmlaklarla təmin edilməsi və onların eyni məkanda birgə fəaliyyətinin təşkili bu layihənin əsas məqsədi olub.
Özünüməşğulluq proqramının təsiri yalnız fərdi səviyyə ilə məhdudlaşmır. Bu mexanizm ölkə üzrə iqtisadi aktivliyin genişlənməsinə də mühüm töhfə verir. Bu cür aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi və dəstəklənməsi iqtisadiyyatın inkişafı, əlavə dəyərin yaradılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq vərdişlərinin aşılanması və işsizlik səviyyəsinin azaldılmasına imkan yaradır; kiçik və mikrobiznes subyektlərinin artması yerli bazarlarda mal və xidmət təklifini genişləndirir, regionlarda iqtisadi dövriyyəni canlandırır, həmçinin kənd yerlərində qeyri-neft sektorunun inkişafını sürətləndirir.
Zamanla özünüməşğulluq fəaliyyəti ilə məşğul olan şəxslərin bir qismi daha böyük biznes strukturlarına çevrilir, yeni iş yerləri yaradır və vergiödəyici statusu qazanır. Bu isə proqramı həm sosial, həm də iqtisadi baxımdan səmərəli edir. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində hər il benefisiarlara dair qiymətləndirmə işləri aparılır. Bu proses aktivlər vətəndaşa verildikdən 12 ay və 24 ay sonra olmaqla, ümumilikdə iki dəfə həyata keçirilir. Araşdırmaların nəticəsi göstərir ki, proqramın öz məqsədinə nailolma faizi 12 ay sonra 90, 24 ay sonra isə 75 faizin üzərindədir.
Prezident İlham Əliyevin yerli mediaya son müsahibəsində səsləndirdiyi əsas mesaj ondan ibarət idi ki, sosial siyasətin məqsədi vətəndaşlara müvəqqəti dəstək vermək deyil, ümumilikdə insan potensialını gücləndirmək və dayanıqlı inkişafa nail olmaqdır. Özünüməşğulluq proqramı bu fəlsəfənin praktik ifadəsidir. Çünki bu proqram vətəndaş məsuliyyətini və təşəbbüskarlığını artırır, iqtisadi fəallığı stimullaşdırır, sosial rifah ilə iqtisadi inkişaf arasında davamlı körpü yaradır. Məhz bu səbəbdən özünüməşğulluq bu gün sadəcə alternativ məşğulluq forması deyil, strateji seçimdir.
Mustafa KAMAL
XQ




