İsidor Baraxov — Yakutiya türklərinin mənəvi atası

post-img

İsidor (İsidr) Baraxov (1898–1938) Yakutiya türklərinin görkəmli ictimai-siyasi xadimi, ziyalısı və I Bakı Türkoloji Qurultayının fəal nümayəndələrindən olmuşdur. RSFSR-in tərkibində Yakutiya Muxtar Respublikasının (indiki Saxa Respublikası) yaradıcılarındandır.

O, 12 fevral 1898-ci ildə Yakutiya vilayətinin Verxnevilyui ulusunun Xarbalax nasleqində (kəndində) varlı bir kəndli-maldar ailəsində dünyaya gəlmişdir. Erkən yaşlarından elmə və ictimai fəaliyyətə maraq göstərmiş, 1914-cü ildə Verxnevilyui kənd ibtidai məktəbini bitirmişdir. Daha sonra Yakutsk şəhərindəki müəllimlər seminariyasında təhsil almış, burada gələcəyin tanınmış bolşevik xadimlərdən biri olan Y. M. Yaroslavski ilə tanış olmuş və onun rəhbərlik etdiyi inqilabi dərnəyə qoşulmuşdur.

1917-ci ilin sentyabrında Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) üzvü seçilən İsidor Baraxov, vətəndaş müharibəsindən sonrakı illərdə Yakutiyada sovet hakimiyyətinin qurulmasında mühüm rol oynamışdır. 1920–1922-ci illərdə Rusiya Kommunist Partiyası (b) Yakutya quberniyası, Vilyuy rayon bürosunun katibi, 1922–1924-cü illərdə isə Yakut MSSR Xalq Komissarları Sovetinin sədri vəzifələrində çalışmışdır. O, SSRİ miqyasında tanınan partiya xadimlərindən biri kimi 1926–1928-ci illərdə Ümumittifaq Kommunist Partiyası Yakutiya Vilayət Komitəsinin birinci katibi olmuşdur.

Yakut xalqının mənəvi atası sayılan İsidor Baraxov 1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayında yakut nümayəndə heyətinə rəhbərlik etmişdir. Onun çıxışları yakut dilinin türk dilləri ailəsindəki yerini və özünəməxsus xüsusiyyətlərini elmi şəkildə izah etməsi ilə diqqət çəkmişdir.

I Türkoloji Qurultayda Yakutiya nümayəndəsi Baraxov rəyasət heyətinə seçilmiş, qəbul edilmiş qərarların redaktə və düzəliş komissiyasında da fəaliyyət göstərmişdir. O, qurultayda diqqətəlayiq elmi məruzə ilə çıxış etmiş və yakut dilinin vəziyyəti, eləcə də əlifba məsələsi barədə mühüm fikirlər irəli sürmüşdür.

Baraxov çıxışında tarixi səbəblər nəticəsində yakut xalqının əsas türk etnoslarından müəyyən qədər təcrid olunduğunu, buna görə də digər türkdilli xalqlar kimi ərəb əlifbasından latın qrafikasına keçid məsələsinin onlar üçün aktual olmadığını vurğulamışdır. O bildirmişdir ki, yakutlar hələ inqilabdan əvvəl dillərinin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılmış rus qrafikasından istifadə edirdilər. Bununla yanaşı, o dövrdə yakut dilində yazı sistemi üçün 4 fərqli əlifba variantının mövcud olduğunu qeyd etmiş, onlardan Böhtlink tərəfindən tərtib edilmiş əlifbanın Rusiya Elmlər Akademiyası tərəfindən qəbul edildiyini xatırlatmışdır.

Baraxov, həmçinin əlavə etmişdir ki, inqilabdan sonra yakut dilində S.A.Novqorodovun hazırladığı, beynəlxalq fonetik transkripsiya prinsiplərinə əsaslanan latın qrafikalı əlifba tətbiq olunmağa başlanmışdır. Bu əlifba, onun fikrincə, həm elmi dəqiqliyi, həm də fonetik uyğunluğu baxımından daha mükəmməl bir sistem idi. O, çıxışının sonunda qurultayın ümumi məqsədinə uyğun olaraq belə bir ümidini ifadə etmişdir: “Ümidvarıq ki, Türkoloji Qurultaydan sonra qarşımızda latın və ya ərəb əlifbalarından hansının üstünlüyü məsələsi deyil, bütün türk dilləri, o cümlədən yakut dili üçün də faydalı olacaq ortaq türk əlifbasının yaradılması istiqamətində səylərin birləşdirilməsi və əlaqələndirilməsi vəzifəsi duracaq”.

Baraxovun bu fikirləri, bir tərəfdən, yakut türklərinin dil və yazı ənənələrinin özünəməxsus inkişaf yolunu əks etdirsə də, digər tərəfdən, onun ümumtürk birliyi ideyasına sadiqliyini və elmə əsaslanan ortaq mədəni inteqrasiya arzusunu nümayiş etdirirdi. Bu çıxış, Türkoloji Qurultayın yalnız fonetik və qrafik məsələlərin deyil, türk xalqları arasında elmi və mədəni əməkdaşlığın gücləndirilməsi kimi daha geniş ideoloji məqsədləri daşıdığını da bir daha göstərirdi.

İsidor Baraxov 1928–1933-cü illərdə Qırmızı Professorlar İnstitutunda təhsil almış, burada marksist nəzəriyyə, iqtisadiyyat və kənd təsərrüfatı idarəçiliyi üzrə ixtisaslaşmışdır. Təhsilini başa vurduqdan sonra ÜKP (b) Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsində, Şərqi Sibir və Uzaq Şərq sektorunun müdiri kimi fəaliyyət göstərmişdir.

İsidor Baraxov təkcə siyasi xadim deyil, həm də Yakutiya iqtisadiyyatı və kənd təsərrüfatı problemlərinə dair bir sıra elmi məqalələrin müəllifi idi. O, bölgənin təbii resurslarının səmərəli istifadəsi və yerli xalqların iqtisadi inkişafı məsələlərinə dair praktik təkliflər irəli sürmüşdür. Lakin 1930-cu illərin sonlarında SSRİ-də başlanan siyasi repressiyalar dalğası Baraxovu da yaxaladı. 1938-ci ildə ona qarşı “xalq düşməni” kimi saxta ittihamlar irəli sürüldü. Həmin ilin 15 sentyabrında Moskva yaxınlığında yerləşən Kommunarka poliqonunda güllələndi.

Yalnız 31 oktyabr 1956-cı ildə İsidor Baraxov bəraət aldı. Baraxovun fəaliyyəti Yakut türklərinin tarixində mühüm mərhələ təşkil edir. O, həm sovet idarəçiliyində, həm də türk xalqlarının mədəni və elmi inteqrasiyasında fəal rol oynamış, Bakı Türkoloji Qurultayında iştirakı ilə Yakutiya xalqının səsini türk dünyasına çatdırmış nadir şəxsiyyətlərdən biri kimi tarixə düşmüşdür.

Namiq QƏDİMOĞLU
XQ





Sosial həyat