İstiləșmənin psixoloji fəsadları

post-img

Son illər iqlim dəyişikliyi təkcə ekoloji və iqtisadi sahədə deyil, insan sağlamlığının ən həssas tərəflərindən biri olan psixi durum üzərində də ciddi izlər buraxır. Dünyanın bir çox regionlarında müşahidə olunan uzunmüddətli və intensiv istilər insan həyatına yeni risklər gətirir. Ənənəvi olaraq ekstremal istilər günvurma, ürək-damar problemləri və susuzlaşma ilə əlaqələndirilsə də, müasir elmi yanaşmalar bu təhlükənin daha dərin və görünməyən tərəfinə – psixi sağlamlığa təsirinə diqqət çəkir. Aparılan tədqiqatlar göstərir ki, yüksək temperatur yalnız bədəni deyil, insanın emosional tarazlığını, davranışını və psixoloji davamlılığını da sarsıdır. 

Belə ki, ABŞ-ın ayrı-ayrı ştatları səviyyəsində aparılan növbəti tədqiqatlarda ekstremal istilərin təsirinin depressiya və təşviş pozuntularının daha geniş yayılması ilə əlaqələndirilir. Bu qənaətə tədqiqatçılar ABŞ-ın bütün 50 ştatı üzrə məlumatları təhlil edərək gəliblər. “Araşdırma Journal of Psychiatric Research” (JPR) jurnalında dərc olunub.

Tədqiqatın müəllifləri iqlim ekstremallarının əhalinin psixi sağlamlığına necə təsir göstərə biləcəyini araşdırıblar. İşə başlamağa səbəb ABŞ-da son illərdə istilik dalğalarının, meşə yanğınlarının və iqlim dəyişikliyinin digər təzahürlərinin artması olub.

Təhlil üçün alimlər federal qurumların məlumatlarından istifadə ediblər. Onlar 2020-ci ilin iyun–sentyabr ayları arasında — yay mövsümünün ən isti dövründə — hər bir ştatda temperaturun 38°C-dən yuxarı olduğu günlərin orta sayını hesablayıblar. Daha sonra bu göstəricilər mümkün gecikmiş istilik təsirini nəzərə almaq üçün 2022-ci ildə depressiya və təşvişin yayılma səviyyələri ilə müqayisə edilib.

Analiz davamlı müsbət əlaqə ortaya qoyub: ştatda ekstremal istilərin olduğu günlərin sayı nə qədər çox olurdusa, iki il sonra depressiya və təşviş pozuntularının göstəriciləri də bir o qədər yüksək olurdu. Müəlliflərin hesablamalarına görə, temperaturun 38°C-dən yuxarı olduğu hər əlavə 10 gün psixi sağlamlıq problemlərinin yaranma ehtimalının 6,2% artması ilə əlaqəli olub.

Bu əlaqə yaş strukturu, cins, irqi və etnik tərkib, təhsil səviyyəsi və tibbi sığortası olmayan əhalinin payı da daxil olmaqla demoqrafik və sosial-iqtisadi amillər nəzərə alındıqdan sonra da qalmaqda davam edib. Eyni zamanda, ştatlar üzrə təşviş və depressiv simptomların median yayılma səviyyəsi təxminən 51%, ekstremal isti günlərin median sayı isə təxminən səkkiz gün təşkil edib, baxmayaraq ki, regionlar arasında fərqlər xeyli olub.

Araşdırma həmçinin göstərib ki, sosial həssaslıq istilərin təsirini gücləndirir. Təhsil səviyyəsi daha aşağı olan və sığortasız əhalinin payı yüksək olan ştatlarda psixi pozuntuların göstəriciləri daha yüksək qeydə alınıb. Müəlliflərin fikrincə, bu fakt iqlim riskləri ilə sosial bərabərsizliklərin kəsişdiyini göstərir.

Gözlənilməz nəticələrdən biri isə 65 yaşdan yuxarı əhalinin payı daha çox olan ştatlarda təşviş və depressiya göstəricilərinin daha aşağı olmasıdır. Bu, yaşlı insanların iqlim stressorlarına daha həssas olması barədə yayğın təsəvvürə ziddir. Müəlliflər vurğulayırlar ki, bu təsir ayrıca və daha dərindən öyrənilməlidir.

Alimlər iqlim amillərinin psixi sağlamlığa təsiri ilə bağlı tədqiqatların genişləndirilməsinə və bu risklərin ictimai səhiyyə strategiyaları ilə iqlimə uyğunlaşma planlarının hazırlanmasında nəzərə alınmasına çağırıblar. Mövcud elmi sübutlar göstərir ki, ekstremal istilər psixi sağlamlıq üçün ciddi və artan təhlükədir. Bu risk iqlim dəyişikliyinin sürətləndiyi şəraitdə daha da aktuallaşır və yalnız fərdi deyil, ictimai sağlamlıq məsələsi kimi dəyərləndirilməlidir.

Odur ki, iqlim dəyişiklikləri ilə mübarizə təkcə təbiətin deyil, insanın psixi rifahının qorunması deməkdir. Ekstremal istilərin görünməyən təsirlərini vaxtında dərk etmək və qabaqlayıcı tədbirlər görmək cəmiyyətin sağlam gələcəyi üçün mühüm şərtdir.

Nurəngiz ADİLQIZI

XQ

 

Sosial həyat