Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Şərur rayonunun çətin relyef şəraitinə malik Havuş kəndində sakinlərin telekommunikasiya xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə mühüm infrastruktur layihəsi həyata keçirilib.
Bu haqda “Xalq” qəzetinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Layihə çərçivəsində kənddə ilk dəfə olaraq optik internet xətti çəkilib və müasir Avtomat Telefon Stansiyası (ATS) quraşdırılaraq istifadəyə verilib. Bununla əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliysosinin nazir müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, aidiyyəti qurumların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azər Məmmədrəhimov bildirib ki, Havuş kəndində ilk dəfə internet və telefon rabitəsinin istifadəyə verilməsi sadəcə texniki yenilik deyil, bu, kəndin ölkənin ümumi rəqəmsal inkişaf prosesinə tam qoşulmasının real göstəricisidir. O qeyd edib ki, uzun illər rabitə və internet imkanlarından kənarda qalan Havuş kəndində bu gün yeni bir mərhələnin əsası qoyulur. Kənddə az sayda ailənin yaşamasına baxmayaraq, dövlət üçün hər bir vətəndaşın və hər bir yaşayış məntəqəsinin eyni dəyərə malik olması prinsipi əsas götürülərək bu layihə həyata keçirilib. Nazir müavini layihənin Şərur Rayon İcra Hakimiyyəti ilə aparılan müzakirələr və birgə koordinasiya nəticəsində reallaşdırıldığını vurğulayıb, hazırda internet xidmətinin optik xətt üzərindən test rejimində təqdim olunduğunu bildirib.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxışında Havuş kəndində telefon və internet xidmətlərinin ilk dəfə istifadəyə verilməsini sakinlər üçün əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd edib ki, dövlətin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində uzun illər rabitə imkanlarından kənarda qalan ucqar yaşayış məntəqələrində də müasir infrastruktur formalaşdırılır. Rayon rəhbəri bu layihənin kəndin sosial-iqtisadi inkişafına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və gələcəkdə turizm potensialının artmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Bildirilib ki, görülən işlər nəticəsində kənd sakinlərinin elektron dövlət xidmətlərinə çıxışı təmin olunacaq, təhsil və distant təhsil imkanları genişlənəcək, səhiyyə və təcili rabitə imkanları yaxşılaşacaq, sosial əlaqələr və informasiya mübadiləsi artacaq, kəndin sosial-iqtisadi cəlbediciliyi və yaşayış dayanıqlığı yüksələcək.
Kənd sakinləri bildiriblər ki, Havuş kəndi indiyədək rabitə və internet imkanlarından kənarda qalıb. Kəndin sərhəd ərazidə yerləşməsinə baxmayaraq bu günədək burada heç vaxt rabitə xətti olmayıb və həyata keçirilən layihə həm gündəlik həyatın asanlaşmasına, həm də gələcəkdə turizmin inkişafına geniş imkanlar yaradacaq. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlıqlarını ifadə ediblər.
Səbuhi HƏSƏNOV
XQ







