Konfutsi İnstitutunun müəllimləri “Miqrasiya, suverenlik və konstitusion hüquqlar” mövzusunda konfransda iştirak ediblər

post-img

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin dili müəllimləri - Çjao Çzinjuy, Fan Çzixao, Li Şa və Lin Tin, həmçinin Çin tərəfindən direktor Li Çzixua Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin təşkil etdiyi “Miqrasiya, suverenlik və konstitusion hüquqlar” mövzusunda konfransda iştirak edib.

XQ xəbər verir ki, konfrans Beynəlxalq Miqrant Gününə, həmçinin Prezident İlham Əliyevin ölkə Konstitusiyasının qəbulunun 30 illiyi və Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinə həsr olunub. Bu təşəbbüs respublikanın ərazi bütövlüyünün bərpasını, hüququn aliliyinə və dövlətçiliyə sadiqliyini simvolizə edir.

Konfransda Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları çıxış ediblər. Tədbir çərçivəsində Azərbaycanda yaşayan miqrant Nik Nvolisanın kitabının təqdimatı da keçirilib. Müəllif kitabda Qarabağ barədə təəssüratlarını və Azərbaycanın suverenliyinin bərpası prosesini bölüşüb.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, institutda Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tələbə seminarı da təşkil edilib. Seminar zamanı qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1995-ci ildə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq müzakirəsindən sonra referendum yolu ilə Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən qəbul edilmiş ilk Konstitusiya bu gün də dövlətçiliyimizin əsas dayağıdır. Azərbaycan Respublikasının Konstitusiyası suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması, hüquqi və dünyəvi dövlətin möhkəmləndirilməsi, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, eləcə də dostluq və tərəfdaşlığa əsaslanan beynəlxalq münasibətlərin inkişafı üçün möhkəm hüquqi baza rolunu oynayır.

R. Abbasov Çin Xalq Respublikasının hazırda qüvvədə olan Konstitusiyasından da söz açıb. Direktor vurğulayıb ki, əsas müddəalar islahatların aparılması, sosialist modernləşməsi, insan hüquqlarının müdafiəsi, milli vəhdət, həmrəylik, harmoniyanın və sabitliyin təminatıdır. Onun sözlərinə görə, Çin Kommunist Partiyası tərəfindən uğurla hazırlanmış Konstitusiya təkcə Çin deyil, bütövlükdə dünya konstitusion hüququnun inkişaf tarixində yenilikçi əhəmiyyətə malikdir.

Sosial həyat