Kəngərli rayonunda Təcili Tibbi Yardım Xidmətinin yeni geolokasiyası istifadəyə verilib

post-img

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair  2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Təcili Tibbi Yardım Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Kəngərli rayonu üzrə Qarabağlar Ailə Sağlamlıq Mərkəzində Təcili Tibbi Yardım Xidmətinin yeni geolokasiyası istifadəyə verilib.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, aidiyyəti dövlət qurumlarının əməkdaşları və kənd icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov yeni istifadəyə verilən geolokasiyanın bölgə əhalisi üçün əhəmiyyətindən bəhs edib, bu istiqamətdə görülən işlərin tibbi xidmətin keyfiyyətinin və əhaliyə əlçatanlığının daha da artırılmasına töhfə verəcəyini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov çıxışında Təcili Tibbi Yardım Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, xidmətin maddi-texniki bazasının gücləndirilməsi, eləcə də yeni ambulansların müasir tibbi avadanlıqlarla təchiz edilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Təcili Tibbi Yardım Xidmətinin direktoru Vüsal Əliyev ambulansların yenilənmiş daxili təchizatına daxil olan avadanlıqlar və onların funksiyaları barədə ətraflı məlumat verib.

Tədbirin sonunda iştirakçılar Qarabağlar Ailə Sağlamlıq Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Yeni geolokasiya Qarabağlar Ailə Sağlamlıq Mərkəzi üzrə Qarabağlar, Çalxanqala, Xıncab, Təzəkənd kəndlərindən olan 11590 nəfərə xidmət göstərəcək.

Qeyd edək ki, əvvəlki dövrdə 8 geolokasiyada fəaliyyət göstərən Təcili Tibbi Yardım Xidmətinin geolokasiyalarının sayı 2024-cü ilin sonu və 2025-ci ilin əvvəllərində artırılaraq 14-ə çatdırılıb. Mərhələli şəkildə davam edən bu proses çərçivəsində yaxın gələcəkdə hər bir Ailə Sağlamlıq Mərkəzində Təcili Tibbi Yardım geolokasiyalarının fəaliyyət göstərməsi nəzərdə tutulur.

Səbuhi HƏSƏNOV









Sosial həyat