Oktyabrın 9-da Gülüstan sarayında Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Daha sonra Əli Nağıyev çıxış edərək itkin düşmüş şəxslərlə bağlı artıq üçüncü ildir təşkil olunan beynəlxalq tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verib. Xidmət rəisi Prezident İlham Əliyevə konfransın keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirərək, itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsində dövlətimizin başçısının qətiyyətli və prinsipial mövqeyini qeyd edib. Hazırda Dövlət Komissiyasında 3 min 990 nəfərin itkin şəxs kimi qeydiyyata alındığını, bu vaxtadək işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarının müəyyən olunaraq ekshumasiya edildiyini vurğulayan Dövlət Komissiyasının sədri itkin düşmüş şəxslərdən artıq 187 nəfərinin şəxsiyyətinin eyniləşdirilərək ailələrinə təhvil verildiyini, habelə axtarış-qazıntı işləri nəticəsində Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində növbəti kütləvi məzarlığın aşkarlandığını diqqətə çatdırıb. O, 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin 9-cu maddəsinin itkin şəxslərin taleyinin müəyyən edilməsi sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsini nəzərdə tutduğunu, Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət komissiyaları arasında son vaxtlarda mütəmadi əsasda davam edən təmasların, həmçinin müvafiq beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsinin bu işə töhfə vərəcəyinə ümidvar olduğunu deyib.
Konfransda çıxış edən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberger son on ildə dünyada itkin düşənlərin sayının xeyli artdığını diqqətə çatdırıb. O bildirib ki, hazırda dünyada silahlı münaqişələrin sayı ən yüksək həddə çatıb. Bunun nəticəsində itkin düşənlərin sayı da artmaqdadır. İtkin düşmə hallarının başqa bir səbəbi də qlobal istiləşmədir. Meşə yanğınları, qasırğalar, daşqınlar dünyada itkinlərin sayını artırır. Bununla bağlı digər mühüm məsələ miqrantların itkin düşməsidir. Hazırda dünyada təxminən 1 milyard insan köç halındadır və onların bir çoxu itkin düşür. Katrin Bomberger, həmçinin deyib ki, əməkdaşlıq həqiqətən də itkin düşmüş şəxslərin taleyinin araşdırılmasında çox vacibdir: “Konfransın əsas açar sözlərindən biri də əməkdaşlıqdır. Ailələrin bu məsələlərlə bağlı yüzlərlə sualı var. Onlarla işləmək çox önəmlidir. Qurumlararası əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir”.
Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti, general-leytenant Giorgio Battisti qeyd edib ki, həm hərbi, həm də mülki şəxslərin müharibə qanunlarını başa düşməsi olduqca önəmlidir. Rəhbərlik etdiyi qurum barədə məlumat verən G. Battisti bildirib ki, 1970-ci ildə təsis olunan Beynəlxalq Humanitar Hüquq İnstitutu ötən 50 il ərzində müxtəlif təşəbbüslərlə çıxış edib. 160 ölkədən 4 mindən çox iştirakçı humanitar hüquqla bağlı tədbirlərdə iştirak edib: "Beynəlxalq təşkilatlarla iş birliyimiz nümunəvidir. Biz fəal olaraq beynəlxalq, regional, lokal səviyyədə dövlətlərlə iş birliyimizi gücləndiririk. İtkin düşmüş şəxslərlə bağlı məsələ bizi narahat edir. Xüsusilə də insanların itkin yaxınları ilə bağlı məlumat almaq hüququnu nəzərə alırıq. Biz dəyirmi masa keçirir, itkin düşmüş şəxslərin problemlərini humanitar böhran fonunda müzakirə edirik. Belə hallarda insan hüquqları ön plana çıxır. Beynəlxalq Humanitar Hüquq İnstitutu bu məsələdə xüsusilə fəaldır. Fundamental insan hüquqlarının, azadlıqlarının təmin olunması gələcək nəsillərin sabitliyi baxımından önəmlidir. Önləyici tədbirlərlə bir sıra faciələrin qarşısını ala bilərik".
Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi üzrə Dövlət naziri, İtkin düşmüş şəxslərin qalıqlarının tapılması və ötürülməsi üzrə Qurumlararası Komissiyanın rəhbəri Tea Axvledianinin fikrincə, silahlı münaqişələr və ya digər hallar nəticəsində insanların itkin düşməsi ən dağıdıcı və davamlı humanitar böhranlardan biri olaraq qalmaqdadır. Bu, xüsusilə uzun illər, bəzən isə onilliklər boyu qeyri-müəyyənlik və ağrılı itki ilə yaşayan ailələr və icmalar üçün dərin bir insan faciəsidir. Komissiya rəhbəri qeyd edib ki, ölkələri birləşdirən ortaq məqsəd mümkün qədər çox ailəyə itkin düşmüş yaxınlarının taleyi və harada olmaları barədə cavablar verməkdir:“Bu ortaq öhdəlik bizi bir araya gətirir və əməkdaşlıqla tərəfdaşlığın böyük əhəmiyyətini ön plana çıxarır. Dövlətlər arasında, eləcə də humanitar təşkilatlar və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq, məlumatlılığı artırmaq, təcrübə və gələcək baxışları bölüşmək, eləcə də itkin düşmüş şəxslər faciəsinə daha təsirli və ləyaqətli cavab verilməsini təmin etmək baxımından mühüm rol oynayır”.
Türkiyənin ədliyyə nazirinin müavini Hurşit Yıldırımın sözlərinə görə, məcburi itkin düşmənin nəticəsi ölüm olmasa da, bu hadisənin həmin şəxs üzərində təsirlərinin ömür boyu davam edəcəyi qaçılmazdır. Nazir müavini fikirlərinə belə davam edib: "İtkin düşmüş şəxslərlə bağlı problemə həsr olunan konfrans beynəlxalq səyləri artırmaq və beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından önəmlidir. İtkin şəxslər problemi təkcə keçmişin, tarixin problemi deyil. Bu konfrans ilə problemin həll edilməsi, qarşısının alınması baxımından səmərəli müzakirələrin aparılacağı bir platforma yaradılması itkin düşən şəxslərin ailələrinin haqlarının qorunması kimi bir çox vacib məsələləri ön plana çıxaracaq. Bu çərçivədə itkin şəxslərin yerini müəyyən etmək, şəxsiyyətlərini müəyyənləşdirmək üçün müxtəlif məhkəmə ekspertizası və yeni texnologiyaların tətbiqinin faydalı olacağına inanıram".
Konfransda çıxış edən Xorvatiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Stepan Mesiç məsələ ilə bağlı öz təcrübəsini və fikirlərini bölüşərək deyib: “Xorvatiyanın Prezidenti olduğum vaxt mənim həm bir imtiyazım, həm də böyük bir məsuliyyətim var idi. Yüzlərlə ana, ata, uşaq və həyat yoldaşları ilə görüşmək. Onlar mənim qarşıma yalnız bir sualla çıxırdılar: “Bizim əzizlərimiz haradadırlar?” Bu təcrübə mənə öyrətdi ki, itkin düşmüş şəxslər məsələsi heç vaxt yalnız statistika deyil, bu, dərin humanitar və sivilizasiyaya aid bir problemdir”.
Sabiq Prezident bildirib ki, itkinlərin tapılması və identifikasiyası, ailələrinə cavabların verilməsi olmadan həqiqi sülh yoxdur. Çünki sülh yalnız silahların susması demək deyil. “Xorvatiyanın təcrübəsi açıq şəkildə göstərir ki, itkin düşmüş şəxslər haqqında cavab verilməyən suallar qalana qədər heç bir sülh sazişi, reinteqrasiya və münasibətlərin normallaşması tam ola bilməz. Bu dərs ağır və ağrılıdır, lakin universaldır. O, Balkanlar, Qafqaz, Ukrayna, Yaxın Şərq və münaqişələrdən əziyyət çəkən hər bir başqa region üçün keçərlidir”, - deyə Stepan Mesiç əlavə edib
Moldovanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiçi qeyd edib ki, itkin düşmüş insanların taleyi ən ağrılı humanitar faciələrdən biridir:”Bu gün də vurğulandığı kimi, hər bir itkin insanın arxasında ailələr var”.
O deyib ki, itkin düşmüş şəxslər məsələsi bütövlükdə humanitar reallığın bir hissəsidir. “Tarix bizə göstərir ki, son onilliklərdə bəşəriyyət böyük güc əldə edib. Normal halda biz bu gücdən qurmaq, inşa etmək və yenilik yaratmaq üçün istifadə etməliyik, amma çox zaman bu əksinə olur. Tez-tez cəmiyyətlərimiz dialoqu, sülhü deyil, qarşıdurmanı, münaqişəni seçir. Halbuki hər bir böyük böhran güc tətbiqi ilə deyil, dialoq və əməkdaşlıqla həll olunub. Məhz buna görə inanıram ki, bəşəriyyətə yeni bir liderlik fəlsəfəsi lazımdır”, - deyə Kiril Qaburiçi vurğulayıb.
Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutunun İdarə Heyətinin sədri Marko Yurişiç diqqətə çatdırıb ki, itkin düşmüş şəxslərin ailə üzvləri bizim düşüncə və fəaliyyətlərimizin mərkəzində olmalıdırlar. Əminəm ki, itkin düşmüş şəxslər məsələsi həll olunmadan demokratik cəmiyyət qurmaq mümkün deyil. Bu, insan hüquqlarının əsas məsələlərindən biridir. Onun fikrincə, itkin düşənlərin ailə üzvlərinin ağrı və travmaları aradan qaldırılmadan barışıq və yaxşı qonşuluq münasibətləri də mümkün ola bilməz. “Müharibə bəlası dünyanın üzərində dolaşmaqdadır. Hər gün dünyanın müxtəlif yerlərində onlarla insan mənasız münaqişələrdə öldürülür. Müharibələr dayanmır. Əksinə, daha da amansız gələcək münaqişələrin kölgələri görünür. Bu amansız müharibə və münaqişələrin arxasında dağıntılar, öldürülən insanlar, itkin düşmüş şəxslər qalır”, - deyə Marko Yurişiç əlavə edib.
Keniya parlamentinin senatoru professor Tom Odhiambo Ojienda Azərbaycanın itkin düşmüş şəxslərin probleminə yanaşmaya görə beynəlxalq model olduğunu deyib. O nəzərə çatdırıb ki, müxtəlif rejimlərin fəaliyyəti nəticəsində bəşəriyyət itkin düşmüş şəxslər problemi ilə üzləşib: "Belə vacib məsələni qabartdığı üçün Azərbaycana təşəkkür edirəm. Üçüncü dəfədir, keçirilən bu tədbir ümumi anlaşmaya aparır. İtkin düşmə halı daha çox müharibə, sonra isə miqrasiya, fəlakətlər nəticəsində yaranır. İtkin düşmə halı olduqda yalnız beynəlxalq əməkdaşlıq cəhdləri bu faciənin həll olunmasına töhfə verə bilər. İtkin düşmüş şəxslər problemi elədir ki, hər bir ölkə buna sahiblənməlidir. Bu, sərhədləri aşan problemdir. Sərhədlər itkin düşən şəxslərin axtarışına mane olmamalıdır. Kollektiv tədbir olmalıdır ki, dialoqu növbəti mərhələlərə çıxara bilək".
Rumıniyanın Baş nazirinin sabiq müavini və ədliyyə naziri Ana Birçal diqqətə çatıdırıb ki, dünyada müharibələr, münaqişələr, zorla didərgin salınma halları baş verir və milyonlarla ailə bunu böyük ağrı ilə müşahidə edir. Bu hadisələr sərhəd tanımır. Təəssüf ki, məlumatlar da, hüquq sistemləri də çox vaxt natamam olur. Əgər biz beynəlxalq əməkdaşlıqdan faydalanmaq istəyiriksə, qorxmadan açıq danışmalıyıq. O, hər bir itkin düşmüş şəxsin arxasında bir ailənin dayandığını qeyd edərək deyib: “Bu ailələr çox vaxt nəyə ümid etdiklərini bilmədən gözləməyə davam edirlər. Hər bir ailənin bir ümumbəşəri sualı var - “Onlar haradadırlar?” İtkin düşənlərlə bağlı məlumatların ailələrə açıqlanmaması, onların xəbərsiz saxlanılması insan hüquqlarının ciddi şəkildə pozulması deməkdir”.
Birləşmiş Krallıq Parlamenti Birləşmiş Krallığın Xarici İşlər Ofisində sabiq nazir Rəhman Çişti bildirib ki, Azərbaycan növbəti dəfə önəmli mövzuda keçirilən konfransa ev sahibliyi edir. “Prezident İlham Əliyevə təşəkkür edirəm. Prezident İlham Əliyev beynəlxalq miqyasda öndərdir. 2023-cü və 2024-cü illərdə də Azərbaycan bu mövzuda beynəlxalq tədbir keçirib. Bugünkü konfransla Azərbaycan bir daha liderliyini göstərdi. Dünyadakı münaqişələrə baxdıqda görürük ki, itkin düşmüş şəxslərlə bağlı rəqəmlər artır. İtkin düşmüş şəxslərin axtarılması üçün birlikdə addımlar atılmalıdır. Burada müştərək fəaliyyət qurulmalıdır. Onların axtarışı barışığın qurulması baxımından da önəmlidir. Bu proses müxtəlif qurumlar arasında dialoqdur. İtkin düşmüş şəxslərlə bağlı informasiyanın çatdırılmaması da beynəlxalq hüququn pozulmasıdır və sanksiya yaradacaq haldır", - deyə Rəhman Çisti diqqətə çatdırıb.
İtkin düşmüş şəxslər üzrə Qlobal Alyansın həmsədri, Xorvatiyadan olan nümayəndəsi Vlatka İvanda Çukun fikrincə, itkin düşmüş şəxslərin axtarışı tək münaqişə zamanı deyil, ondan sonra da bütün tərəflərin öhdəliyidir. Ona görə də qarşıdurmada olan tərəflər münaqişədən sonra da itkin düşmüş şəxslərin tapılması, identifikasiyası üçün bütün lazımı tədbirləri davam etdirməlidirlər. Onun sözlərinə görə, itkin düşmüş şəxslərin faciəsi silahlı münaqişələrin çərçivəsindən, bir ölkənin hüdudlarından kənara çıxır. “Əziyyət çəkən ailələrə köməyin göstərilməsi hər kəsin müştərək məsuliyyətlidir. Bu, gələcəkdə münaqişələrin təkrarlanması riskinin önləmməsi deməkdir. Eyni zamanda, fəal axtarışların həyata keçirilməsi, ailələrə dəstəyin göstərilməsi cəmiyyətə irəliləmək imkanı verir. Məhz buna görə də itkin düşmüş şəxslər üzrə Qlobal Alyansın üzvləri də daxil olmaqla, bir çox sayda dövlətlərin itkin düşmüş şəxslərin tapılması və ailələrinə dəstək mexanizmlərini, təsisatlanmanı, institusional strukturu görürük. Bu da təqdirəlayiqdir. Çox sayda dövlətlər üzərlərinə əlavə öhdəliklər götürüb bu məqsədlərə nail olurlar. Belə təqdirəlayiq təcrübə bu məsələnin həllinə yönəlmiş cəhdlərə əlavə dəyər qata bilər. Biz bu təcrübəni dəstəkləməliyik. Siyasi iradə olmadan proseslər öz nəticəsini tam verə bilməyəcək, uğur imkanlarımız məhdud olacaq. Azərbaycan qlobal alyansın həmtəsisçisilərindən biridir. Buradakı siyasi iradəyə, itkin düşmüş şəxslərlə bağlı bütün tədbirlər və təşəbbüslərə görə Azərbaycana təşəkkür edirik. Ekspertlərin qarşılıqlı təcrübə mübadiləsi apara bilməsi çox vacibdir".
Sonra Dövlət Komissiyası ilə Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu arasında əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.
Konfrans işini sessiyalarla davam etdirir.