Əncir qədim Yunanıstanda və Romada sağlamlıq və uzunömürlülüklə əlaqələndirilir. Meyvənin əla lif, A, B, xüsusilə B6 və C vitaminləri, eləcə də bir çox həyati minerallar – kalsium, kalium, maqnezium, manqan, sink, mis, fosfor və dəmir mənbəyi olduğu sübut olunub.
Təzə əncirin kalorisi nisbətən az olsa da, qurudulmuşu daha şirin və yüksək kalorili, eyni zamanda, yüksək kaliuma malik olur. Bundan əlavə, təzə meyvədə antioksidantlar, hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyan maddələr var.
Əncir bədənə fayda verən bir çox xüsusiyyətə malikdir.
1. Meyvə qədim zamanlardan ənənəvi tibbdə qəbizliklə mübarizə və ümumiyyətlə, həzm funksiyasını yaxşılaşdırmaq üçün istifadə edilib. Bu, əncirin lif və digər prebiyotiklərlə zəngin olması ilə əlaqədardır.
2. Hipertoniya və ya xroniki yüksək qan təzyiqi insult və infarkta birbaşa yoldur. Hipertoniyaya səbəb olan amillərdən biri də qida rasionunda natrium və ya duz çoxluğu ilə birlikdə kalium çatışmazlığıdır. Əncir kaliumla zəngin olduğundan bu balanssızlığı düzəldir, lif bədəndən artıq natriumun çıxarılmasına kömək edir.
3. Əncir təkcə kalium deyil, həm də kalsium mənbəyidir. Bu minerallar birləşdirildikdə, sümük sıxlığını artırmaq üçün çox faydalıdır, bu da osteoporozun (kövrək sümüklərin) qarşısını almağa kömək edir və buna görə də sınıq riskini azaldır.
4. Meyvə saçları qorumaq üçün vacib olan dəmirlə zəngindir. Eyni səbəbdən, əncir dəmir çatışmazlığı anemiyası olan xəstələrə də tövsiyə olunur.
5. Əncirin tərkibində iltihab əleyhinə xüsusiyyətlərə malik birləşmələr var. Onlar iltihab yaradan sitokinlərin – immun molekulların fəaliyyətini bloklayır. Buna görə də ənənəvi tibbdə əncir öskürək, boğaz ağrıları (meyvəsi isti südlə dəmlənir) və qızdırmasalıcı kimi istifadə olunur.
Əncirin sağlamlıq faydaları elmi cəhətdən tam araşdırılmasa da, sübut olunub ki, bu meyvədə olan bioaktiv birləşmələr çəki idarə etməyə, diabet xəstələrində qan şəkərinin səviyyəsini aşağı salmağa, qaraciyər və mədəaltı vəzi funksiyalarını yaxşılaşdırmağa qadirdir.
Z.HÜSEYNLİ
XQ