Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 27 Sentyabr – Anım Günü münasibətilə geniş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Çiçək Hüseynova 27 Sentyabr tarixinin hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət daşıdığını, Vətən müharibəsində Azərbaycan Ordusunun dünyanın bir çox ölkələri üçün nümunə ola biləcək qəhrəmanlıq və rəşadət göstərdiyini, şəhidlərin xalqımızın qəlbində daim yaşayacağını və bu Zəfərin gələcək nəsillər üçün böyük qürur mənbəyi olduğunu bildirib. Daha sonra Azərbaycan dili müəllimi Sevda Şahverdiyevanın rəhbərliyi ilə mərkəzin şagirdləri tərəfindən hazırlanmış təqdimat nümayiş etdirilib. Şagirdlər öz çıxışlarında II Qarabağ müharibəsinin gedişatı, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birliyini əks etdirən maraqlı faktları təqdim edib, vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Gənclər öz çıxışları ilə torpaq uğrunda canından keçən qəhrəmanlara dərin ehtiram bəslədiklərini, həyatda onlara oxşamağa çalışacaqlarını ifadə ediblər.
Digər çıxış edənlər də 27 sentyabrın Azərbaycanın tarixində yeni səhifə açdığını, həmin gündən başlayaraq noyabrın 8-də Şuşa azad edilənə qədər böyük və şanlı bir Qələbə yolu qət edildiyini, bu uğurun arxasında bütün xalqımızın və şübhəsiz ki, şəhidlərimizin fədakarlığının dayandığını vurğulayıblar. Onlar şəhidlərin adlarının daim yad ediləcəyini, qazilərimizin və bütün müharibə iştirakçılarının xalqımızın qəlbində xüsusi yer tutduğunu deyiblər.
P.ƏMİRCANOV
XQ