Xalqımızı dünyada şərəfləndirmiş gün

post-img

Beş il bundan əvvəl Zəfəri şəhidlərimizin qanı bahasına qazandıq. 44 günlük işğaldan qurtuluş savaşında minlərlə igid oğul şəhidlik zirvəsinə ucaldı, bir o qədəri də qazi oldu. Amma onların hər biri canlarından çox sevdikləri Azərbaycan naminə ölməzlik və əbədi xatirə qazandı. Xalqımız şəhidlərin xatirəsini əziz tutur, onların ruhuna ehtiram göstərir. Bu gün Azərbaycanın hər bir guşəsində, eləcə də diplomatik nümayəndəliklərimizin fəaliyyət göstərdiyi, soydaşlarımızın yaşadığı xarici ölkələrdə Anım Günü qürurla qeyd olunur. Bu tarix, eyni zamanda, xalqın milli kimliyinin, Vətən sevgisinin ali ifadəsini özündə yaşadır. Azərbaycanda və dünyanın dörd tərəfində həm də Xalq–Ordu–Lider vəhdətinin rəmzi kimi dalğalanan üçrəngli bayrağımız azad və firavan gələcəyi müjdələyir.

Türkiyə

“Qarabağ sonsuza qədər Azərbaycandır!”. Bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 27 Sentyabr – Anım Günü ilə bağlı "X" hesabındakı paylaşımında yer alır. Paylaşımda daha sonra deyilir: “Dostumuz, qardaşımız, sevimli Azərbaycanımızın Anım Günündə Qarabağı və işğal olunmuş Azərbaycan torpaqlarını böyük qəhrəmanlıqla azad edən şəhidlərimizi rəhmətlə yad edir, veteranlarımıza ehtiramımı bildirirəm.

Səudiyyə Ərəbistanı

“27 Sentyabr təkcə Anım Günü deyil, həm də Qarabağın ermənilər tərəfindən işğalına son qoyulduğu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi və Cənubi Qafqaz tarixində sülh və sabitliyə doğru yeni səhifənin açıldığı tarixdir”. Bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Bəhreynin "The Daily Tribune" nəşrində dərc olunmuş məqaləsində yazıb. Məqalədə Vətən müharibəsindən keçən beş il ərzində Azərbaycanın Qarabağ bölgəsini dirçəltməsi, orada həyatın canlanması, keçmiş məcburi köçkünlərin qayıdışını təmin etməsi, həmçinin bölgədə sülh və tərəqqini bərqərar etmək istiqamətində atdığı addımlardan bəhs edilir.

Gürcüstan

Gürcüstanın Marneuli şəhərində “Zəfərə gedən yol” adlı Anım Günü tədbiri keçirilib. Tədbir eyniadlı tamaşanın təqdimatı ilə başlayıb və Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Marneuli meriyasının nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, din xadimi Əziz Quliyev, keçmiş parlament üzvü Azər Süleymanov, Gürcüstan müsəlmanları idarəsinin müftisi Etibar Eminov, idman ictimaiyyətinin nümayəndələri, aşıq sənətinin tanınmış simaları və icma üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Faiq Quliyev bildirib ki, Anım Gününün təsis olunması Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin göstərdiyi ali ehtiramın təsdiqidir. O, həmçinin vurğulayıb ki, Anım Günü gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması və ölkə vətəndaşlarının birliyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

Mərakeş

Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinin Mərakeş Milli Kitabxanası və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Anım Gününün 5-ci ildönümü ilə bağlı dəyirmi masa təşkil edilib. Tədbiri açan Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov 44 günlük Vətən müharibəsi haqqında danışıb, ölkəmizin beynəlxalq səviyyədə tanınmış bütün torpaqları üzərində suverenliyini tam bərpa etməsinin müasir Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildirib. Səfir 27 Sentyabr – Anım Günündə vətənimizin müdafiəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılmasının hər bir azərbaycanlı üçün müqəddəs borc olduğunu bildirib.

Daha sonra çıxış edənlər – Mərakeş–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Muhamməd Fakiri, İslam dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Tərəfdaşlıqlar və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Anar Kərimov, Türkiyənin Mərakeşdəki səfiri Mustafa İlker Kılıç, Mərakeşin ölkəmizdə səfiri olmuş Həsən Hami Azərbaycanın regional siyasəti, çoxvektorlu diplomatiyasından danışmış, bölgədə sülhün bərqərar olmasının iqtisadi inteqrasiya və əməkdaşlığa müsbət töhfə verəcəyinə inandığını ifadə ediblər.

Niderland

Azərbaycanın Niderlanddakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar bədii-musiqili xatirə gecəsi keçirib. Tədbirdə diplomatik korpusun, Niderland ictimaiyyətinin, bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxışında Anım Gününün xalqımızın müasir tarixindəki xüsusi yerindən bəhs edib. Diplomat bildirib ki, bu əlamətdar gün Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əbədiyaşar xatirəsinə ehtiramın, xalqımızın qəhrəmanlıq irsinə sədaqətinin parlaq təcəssümüdür. O, Ermənistanın 30 illik hərbi təcavüzünün ağır nəticələri barədə danışan diplomat Azərbaycanın bu işğal ilə heç vaxt barışmadığını və Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbəni yaxınlaşdırmaq üçün bütün siyasi, diplomatik, iqtisadi və hərbi imkanların səfərbər edildiyini deyib. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Elsevər Məmmədov çıxışında Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlığının yaddaşlarda əbədi yaşayacağını bildirib.

Tailand

Azərbaycanın Tailanddakı səfirliyi bu ölkənin nüfuzlu ali təhsil ocaqlarından olan Thammasat Universitetində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirib.

Səfirliyin yaydığı məlumatda deyilir ki, tədbirdə Tailandda yaşayan Azərbaycan diasporunun təmsilçiləri, Banqkok şəhərində yerləşən beynəlxalq təşkilatlarda çalışan həmvətənlərimiz, Thammasat Universitetinin nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş igidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, İkinci Dünya müharibəsi zamanı xarici işğalçılara qarşı mübarizə aparmış Azad Tai Hərəkatı iştirakçılarının şərəfinə ucaldılmış abidənin önünə əklil qoyulub.

Azərbaycanın Tailanddakı səfiri Elçin Bəşirov 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısının alınması məqsədilə Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində cavab tədbirləri həyata keçirdiyini və bununla da 44 günlük Vətən müharibəsinin başladığını bildirib. Səfir Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun rəşadəti və şücaəti sayəsində qələbə qazanaraq, 30 illik işğala son qoyduğunu xüsusi vurğulayıb.

Peru

Peru Konqresi Anım Günü ilə bağlı bəyanat verib. Konqeresin sədri Xose Xeri Orenin təşəbbüsü ilə qəbul edilmiş sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi ehtiramla yad olunur, Azərbaycan xalqına başsağlığı və həmrəylik ifadə edilir. Bəyanatda, həmçinin Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən bu il avqustun 8-də Ağ Evdə keçirilmiş və tarixi qərarların qəbul olunduğu yüksək səviyyəli görüşə dəstək vurğulanıb.

Moldova

Azərbaycanın Moldovadakı səfirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə Kişineudakı diplomatik nümayəndəliyimizin "X" hesabında paylaşım yerləşdirilib. Səfirlikdə qeyd ediblər ki, anım tədbirinin iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bundan başqa, onlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstü və Hərbi Memorialın önünə gül dəstələri düzüblər.

Hazırladı:
İ.HƏSƏNQALA
XQ

 

 









Sosial həyat