Vətən müharibəsinin ilk şəhidləri

post-img

Qarabağın səma qartalları

Haqqında söhbət açacağımız igid qəhrəmanlarımız 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk şəhidlərindəndir. Onları siz də tanıyın: Abbas Rza oğlu Qasımov və Xalid Həsən oğlu Gözəlov. Dünyaya göz açdıqları yurd yerləri fərqli olsa da Vətənin azadlığı, suverenliyi, bütövlüyü üçün canlarından birgə keçiblər. İki can yoldaşı, iki silahdaş. Elə çox vaxt mavi səmalarda birgə uçarmışlar.

Abbas Qasımov 1988-ci ilin noyabr ayında ailəsi ilə birgə Qərbi Azərbaycandan ermənilər tərəfindən doğma yurdlarından deportasiya ediləndən sonra Bakının Binəqədi rayonunda məskunlaşıblar. 6 yaşında ikən atasını itirsə də, balaca Abbas çətin günlərə sinə gərərək, yaşıdlarından geri qalmayıb. 1993–2003-cü illərdə rayondakı F.İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə oxuyub. 2003–2007-ci illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. 2007-ci ildə bu ali təhsil müəssisəsini bitirən Abbas sərhədlərin mühafizəsi bölüyünə göndərilib və bir neçə rayonda sərhəddə xidmət edib. Xidməti dövründə daim fərqlənib, medal və təltiflərlə mükafatlandırılıb. Hər zaman pilot olmağı arzulayan Abbasa yeni bir yol açılıb. Milli Aviasiya Akademiyasına daxil olub. 2017-ci ildə mayor rütbəsi alıb.

Həmişə Zəngəzur həsrətini dilə gətirərək söyləyərmiş ki, əgər bir millət silah gücünə yurd-yuvasından didərgin salınıbsa, deməli, ora onun əsl torpağı, Vətənidir. O millət o torpağı, o Vətəni heç vaxt unutmur, o yurda qayıtmaq istəyi ilə qovrulur, inamını itirmir. Abbas da doğma od-ocağına qovuşmaq üçün ümidlə yaşayır.

Vətən müharibəsi başlayanda Abbas və Xalid birlikdə uçacaqlarına qərar verirlər. Birlikdə uçub, birlikdə də şəhid olurlar. Mayor Abbas Qasımov II Şəhidlər xiyabanında dəfn edilir.

Şəhidin həyat yoldaşı Siddiqə xanım o günləri belə xatırlayır: “Abbas sentyabrın 25-i axşam evə gəldi. Uşaqlarını qucaqlayıb bağrına basdı. Səhəri gün isə tezdən yola düşdü. Mənə anasına müharibəyə getməyi barədə bildirməməyi tapşırdı. Uşaqlarına çox bağlı insan idi. İstəyirdi ki, oğlanları savadlı olsun. Hətta onlara saymağı da birinci dəfə ataları öyrətmişdi. Deyirdi, hansı peşəni seçmələrindən asılı olmayaraq, qoy öz işlərinin peşəkarı olsunlar. Oğlumuz Rzanı ilk dərs günü məktəbə özü aparmaq istəyirdi. Ancaq işi ilə əlaqədar icazə alıb gələ bilmədi. Ona oğlumun məktəbli formasında şəkillərini çəkib göndərdim. Çox sevindi, dedi, evə qayıdan kimi özü onu dərsə aparacaq.

Kiçik oğlum onun yoxluğunu qəbul edə bilmir. Onları başa salıram ki, ata qəhrəmandır. Abbas və döyüş yoldaşı Xalidin şəhid olması ilə ordumuz düşmənin mövqelərini aşkarlayaraq məhv edib. Onlar şəhadətləri ilə həm də Silahlı Qüvvələrimizə yol açıblar. Bu cür qəhrəmanların adının yaşaması şəhid ailələri üçün təskinlikdir”.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Abbas Qasımov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Binəqədi rayonu 6-cı mikrorayonda küçələrin birinə şəhidin adı verilib.

Digər şəhidimiz Xalid Gözəlov da torpaqlarımızın azad olunması uğrunda canından keçib. Biləsuvarda dünyaya göz açan şəhidimiz ailənin üç oğul payından ortancılı idi. O, 2002-ci ildə Zaqatalada 2 saylı orta məktəbin 1-ci sinfinə gedib. Atasının işi ilə əlaqədar daha sonra təhsilini Biləsuvarda davam etdirib. 2012-ci ildə Oktay Babayev adına orta məktəbin məzunu olub. Ödənişsiz əsaslarla Texniki Universitetə daxil olsa da, orada oxumayıb. Hərbi sahəyə daha çox maraq göstərdiyindən sənədlərini yenidən Dövlət Sərhəd Xidməti Akademiyasına verərək, istəyinə çatıb.

Xalid 2017-ci ilin iyun ayında leytenant rütbəsi alır. Təyinatı üzrə Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində hərbi pilot qismində əmək fəaliyyətinə başlayır. Xidməti dövründə peşəkar, savadlı, bilik və bacarığını daim təkmilləşdirən, ünsiyyətcil, hərbi kollektivdə sayılıb-seçilən zabitlərdən olur. Hər bir Azərbaycan vətəndaşı kimi, Xalidin də ən böyük arzusu torpaqlarımızın düşmən işğalından azad edilməsi idi. Bu arzu bir an da olsun onu rahat buraxmırdı.

1990-cı illərin əvvəllərindən mənfur qonşumuz olan ermənilərin və onların separatçı dəstələrinin Azərbaycan torpaqlarını işğal etməsində, onlara havadarlıq edən xarici qurumların otuz ilə yaxın apardıqları gərəksiz danışıqları torpaqların azad olunması məsələsini ləngidirdi. Xalid çox yaxşı bilirdi ki, əgər Ali Baş Komandan İlham Əliyev hücum əmrini verərsə, ordumuz mütləq zəfər çalacaq. Çünki ədalət gec də olsa həmişə haqqın yanında olur.

Xalid uşaqlıqdan idmanın güləş növü ilə məşğul idi. Saysız-hesabsız mükafatlar, medallar qazanmışdı. Çempion da olmuşdu. Həyatda arzuları böyük idi. Xalid evlənib ailə həyatı qurmaq istəyirdi. Atanın-ananın da arzusu oğlunun toyunu görmək idi, lakin onun şəhid olması bu arzuları yarımçıq qoydu. II Fəxri xiyabanda Polad Həşimovla eyni sırada dəfn olundu.

Prezident İlham Əliyevin sərəncamları ilə baş leytenant, hərbi pilot Xalid Gözəlov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

…Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.

Murovdağ zirvəsində şəhadət

Vətən müharibəsi şəhidi Adəm İlqar oğlu Əliyev 2000-ci il noyabrın 19-da Ağdam rayonunun Üçoğlan kəndində anadan olub. 2002-ci ildə ailə Kürdəmirə köçüb. Məktəbi bitirdikdən sonra Adəm Bakıda əczaçılıq kursuna yazılıb. 2019-cu ildə bu təhsil müəssisəsini bitirib və hərbi xidmətə yollanıb. 3 ay Gəncədə, aprel ayında isə Daşkəsəndə “N” saylı hərbi hissədə ön cəhbədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətə başlayıb. O, Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb.

20 yaşlı oğlunun qəhrəmanlıqlarından, mərdliyindən və şücaətindən anası Akifə Ağayeva söhbət açır: İki oğlumu təkbaşıma böyütmüşəm. Adəm çox güclü, fədakar və istiqanlı uşaq olub. İki qardaş ağılları kəsəndən əzab-əziyyət görüblər. Adəm 15 yaşından səhər məktəbə gedirdi, günortadan sonra işləyib pul qazanırdı ki, mənə kömək olsun. Kənd həyatını çox sevirdi. “Mən baytar olacağam”, deyirdi, etiraz etmirdim, gülürdüm...”.

Qəhrəmanın anası qeyd edir ki, Aprel döyüşlərində həmyerlisi, Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı Əbubəkir İsmayılovun şəhid olması Adəmi çox sarsıtmışdı. Əbubəkrə şeir ithaf etmişdi. Oğlumun ürəyindəki belə bir güclü Vətən sevgisi məni təəccübləndirmişdi. Şəhid olandan sonra gündəliyini tapdım, məzuniyyətə gələndə nədənsə evdə qoymuşdu. Oradakı fikirlər bunu bir daha sübut edirdi.

Adəmin başqa bir dostu 2018-ci ildə şəhid olmuşdu. Daşkəsənə xidmətə gedəndən sonra zəng vurub dedi ki, ana, bilirsən hara gəlmişəm, Fuadın şəhid olduğu yerə... Çox ağladım, dedi ki, narahat olma, buranın yolunu düzəldiblər. Fuad uçquna düşmüşdü. 3 gün sonra tapmışdılar. Gündəliyində Fuada müraciətlə yazmışdı ki, sağ olsaydın indi bir yerdə xidmət edirdik. Nə bilmək olar, bəlkə mən də sənin kimi şəhidlik zirvəsinə ucaldım. İndi məzarları düz Fuadla yanaşıdır. Adəm heç vaxt xidmətdəki çətinlikdən danışmayıb. Yanına gəlməyə də qoymazdı.

Gündəliyini oxuyandan sonra bilmişəm ki, balam odun-alovun içində olub. Buna baxmayaraq, təyinatı gələndə sevindiyindən qanad açıb uçurdu. Əslində o müharibənin olacağını bilirdi. Zəng edəndə deyirdi ki, sən özündən muğayat ol, mən də yaxşı olum...

Akifə ana oğlu ilə son dəfə sentyabrın 25-i danışıb: “Sentyabrın 26-sı yazdı ki, ana, yuxarı qalxırıq, imkan olanda yığacağam”, sonra telefonu söndürüb. Sentyabrın 27-si müharibə başladı. Cəbhəyə gedən gündən güclü təlimlər keçirdilər. Oğlum müharibənin ilk səhifələrinə qanı ilə tarix yazdı. Sentyabrın 27-si silahdaşları ilə birlikdə Kəlbəcər istiqamətində döyüşə yollanıb. Çox şiddətli döyüşlər nəticəsində 5-6 post almağa müvəffəq olublar. 28-i isə axşam oğlumun şəhid xəbəri gəldi. Həmin gün ürəyimə daş asılmışdı, oğlum Arif elə hey sakitləşdirməyə çalışsa da, özümə gələ bilmirdim...

Prezident İlham Əliyevin sərəncamları ilə Murovdağ döyüşləri zamanı şəhadətə yüksələn Adəm ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Müşfiq MİRZƏ
XQ





Sosial həyat