Paytaxtın və bölgələrin əksər kollektivləri Anım Günündə Vətən müharibəsi qurbanlarını dərin ehtiramla yad etdilər. Şəhid məzarları və xatirə abidələri ziyarət edildi, qazanılmış Zəfərin xalqımızın tarixi taleyində misilsiz rolu qeyd olundu.
Gömrük Komitəsi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda şəhid və qazi ailələrinin üzvləri, eləcə də yerli sakinlər üçün Anım Gününə həsr olunmuş ödənişsiz tibbi-sosial aksiya təşkil edilib.
Mərkəzi Gömrük Hospitalının müxtəlif ixtisaslı həkimləri tərəfindən 200 nəfərə kardioloji, uroloji, endokrinoloji, radioloji, nevroloji, oftalmoloji, ginekoloji, terapevtik, pediatrik və cərrahi xidmətlər daxil olmaqla 500-dən çox tibbi müayinələr göstərilib.
Medianın İnkişafı Agentliyi
Medianın İnkişafı Agentliyində Anım Günü ilə əlaqədar mərasim keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Agentliyin kollektivi Zəfər parkına gəlib, Zəfər abidəsinin önünə gül dəstələri düzüb.
Pedaqoji Universitet
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyi tərəfindən Anım Gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı mərasim keçirilib.
Toplantıda 44 günlük şərəfli yolun, misilsiz igidliyin və milli birliyin ölkəmizə bəxş etdiyi Zəfər ruhu birliyin üzvlərinin hazırladıqları ədəbi-bədii kompozisiyalarla bir daha canlandırılıb, tələbələrin təqdimatında səsləndirilən şeirlər və nəğmələrlə qəhrəman oğullarımızın xatirəsinə ehtiram ifadə olunub.
***
Naxçıvan
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri şəhidlərin əziz xatirəsini yad ediblər.
Səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, üzərinə tər qərənfillər düzüblər. Fuad Nəcəfli şəhidlərin ailə üzvləri ilə görüşərək ehtiramını ifadə edib.
“Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Dizə kəndində və Culfa şəhərində Vətən müharibəsi şəhidləri mayor Vüsal Vəliyevin və leytenant Yaqub Nəcəfovun, eləcə də Naxçıvan şəhərində antiterror əməliyyatları zamanı şəhid olmuş kapitan Elcan Bababəylinin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Gəncə
Anım Günü münasibətilə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Gəncə, Göygöl, Goranboy və Naftalanda da ümumşəhər mərasimləri təşkil olunub.
Gəncədə şəhər rəhbərliyi başda olmaqla idarə, müəssisə və təşkilat rəhbərləri və nümayəndələri, eləcə də şəhər əhalisi Gəncə Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərin əziz xatirəsini anıblar.
Gəncəbasarın Göygöl rayonunda təşkil olunan anım tədbirində Şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhər sakinləri xiyabana axın edərək, şəhidlərin məzarlarını ziyarət ediblər. Goranboy rayonunda da Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Naftalanda keçirilən tədbirdə əvvəlcə Şəhidlər xiyabanı ziyarət olunub. Daha sonra ağacəkmə aksiyası keçirilib.
Mingəçevir
Anım Günü münasibətilə Mingəçevir şəhərində Şəhidlər xiyabanı ziyarət edilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə şəhərin hüquq-mühafizə, bələdiyyə orqanlarının, dövlət təşkilatlarının nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər.
Ziyarət zamanı Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, onların ruhuna dualar oxunub, məzarlarının üzərinə gül dəstələri düzülüb. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir, qazilərimizə və müharibə veteranlarına isə şəfa dilənilib.
Həmin gün şəhərdə Anım Günü münasibətilə müxtəlif tədbirlər də keçirilib.
Şirvan
Şirvan şəhərində də Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib. Şəhidlər xiyabanı və “Şəhid anası” memorial abidəsi ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.
Çıxış edənlər 27 sentyabrın Anım Günü elan edilməsinin şəhidlərin müqəddəs xatirəsinə ehtiramın ən yüksək təzahürü olduğunu vurğulayıblar. 44 günlük Vətən müharibəsinin gedişindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən bəhs edilib.
Şəki
Anım Günündə Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq- mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə əklil və gül dəstələri qoyublar.
Mərasimdə bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü gedən vətənpərvər gənclərimizin igidliyi nəticəsində tariximizə yazılmış şanlı salnamədir.
Vurğulanıb ki, artıq Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.
Ağdam
Anım Günü münasibətilə Ağdam Dövlət Dram Teatrının Ağdam şəhərindəki binasının qalıqları qarşısında tamaşa nümayiş olunub. Teatrının aktyorlarının təqdim etdikləri "Günahsızlar" tamaşası Qarabağ hadisələrinə həsr olunub.
Ağdam şəhərindəki Şəhidlər xiyabanında isə şəhidlərin əziz xatirəsi ehtiramla anılıb. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, Ağdam rayon polis şöbəsinin və digər dövlət qurumlarının, tikinti şirkətlərinin əməkdaşları, doğma yurda qayıtmış sakinlər şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şamaxı
Anım Günündə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini rayon ictimaiyyətinin nümayəndələri ehtiramla yad ediblər.
Şəhidlər xiyabanı ziyarət olunub, Vətən qurbanlarının məzarları üzərinə tər çiçəklər düzülüb və şəhid ailələrinə baş sağlığı verilib. Daha sonra Şamaxı Rayon İcra Hakimiyyəti və Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü ilə Şamaxı Cümə Məscidində şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib.
Zaqatala
Anım Günü ilə əlaqədar Zaqatalada “Torpaq uğrunda ölən varsa, Vətəndir” adlı mərasim keçirilib. Şəhər qəbiristanlığında şəhid məzarları, “Zəfər kompleksi” abidəsi və Şəhidlər xiyabanı ziyarət edilib.
Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsində, eləcə də ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi xalqımızın qələbəsi və Zəfəri kimi nəsillər ötdükcə ürəklərdə yaşayacaq.
Göyçay
Göyçayda keçirilən Anım günündə rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, Vətən müharibəsi əlilləri və iştirakçıları, eləcə də rayon sakinləri iştirak ediblər.
Şəhidlərin portretləri əks olunmuş yeni memorial abidəyə əklil qoyulub və şəhid ailələrinin üzvləri ilə səmimi söhbət aparılıb. Şəhidlərin ruhlarına dualar oxunub.
Mərasimdə qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, milli ordunun rəşadəti, xalq və dövlətin birliyi, Vətən qarşısında borclarını layiqincə yerinə yetirən qəhrəman şəhidlərimizin sayəsində Azərbaycan bütöv olub, Qarabağ həsrəti bitib.
Sonda şəhidlərin xatirəsinə ağacəkmə kampaniyası keçirilib.
Xaçmaz
Xaçmazda anım mərasimində Şəhidlər xiyabanında alovlanan məşəlin önünə əklil qoyulub, Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü ziyarət edilib, şəhidlərin xatirə lövhələri önünə tər qərənfillər düzülüb.
Rayon rəhbərliyinin şəhid ailələri ilə görüşündə Vətənimizin ərazi bütövlüyünün və dövlət suverenliyinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində tam bərqərar olduğu qeyd edilib.
Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Laçın
Anım Günü münasibətilə Laçın rayonunda “Zəfər yolunun unudulmaz izləri” adlı mərasim təşkil olunub.
Çıxış edənlər bildiriblər ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiramla yad edirik və onların ruhu qarşısında baş əyirik: “Onların fədakarlığı sayəsində Azərbaycan bayrağı Laçında, Şuşada, bütün Qarabağda və Şərqi Zəngəzurda dalğalanır. Onların qəhrəmanlığı sayəsində biz sülh, təhlükəsizlik və quruculuq dövründə yaşayırıq”.
Sonra şəhidlərin ruhuna dualar oxunub.
“LaCinema” kino mərkəzində davam edən tədbirin bədii hissəsində gənc rəssam Fuad Musayevin əsərlərindən ibarət “Zəfər rənglərdə” adlı sərgi nümayiş etdirilib.
Zəngilan
Anım Günü münasibətilə Zəngilan Şəhidlər xiyabanı ziyarət edilib, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın məzarlarına gül dəstələri qoyulub.
Mərasimin davamında Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə Zəngilan Şəhidlər xiyabanı ətrafında ağacəkmə aksiyası keçirilib.
Müasir damcı suvarma sistemi çəkilən ərazidə 140 ədəd Leyland sərvi, 100 ədəd Xan çinarı, 100 ədəd Eldar şamı, 50 ədəd isə Parlaq birgöz ağacı olmaqla, ümumilikdə 390 ədəd ağac əkilib.
Səhifəni hazırladılar:
Tahir AYDINOĞLU,
İlqar HƏSƏNOV,
Səbuhi HƏSƏNOV,
Mahir RƏSULOĞLU
XQ