Tarixə qızıl hərflərlə yazılan 44 günlük Zəfər Yürüşü zamanı fövqəladə igidlik nümunəsi göstərmiş əsgər və zabitlərimizdən 83 nəfəri “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Onların hər birinin hünəri ilə fəxr edir və sevinirik ki, doğma torpaqlarımızı yağılardan qoruyan, işğaldan azad edən belə oğullarımız olub və var! Bizə tarixi qələbə anlarını yaşadan bütün şəhid qəhrəmanlarımızın ruhu qarşısında baş əyir, sağ qalanlara cansağlığı arzulayırıq.
Biz rəşadətli Vətən oğullarını daha geniş kütləyə tanıtmaq üçün qarşıdakı 44 gün ərzində hazırlayacağımız “Zəfər yolu” səhifələrində ardıcıl olaraq Vətən müharibəsi qəhrəmanları haqqında qısa tanıtım yazıları verməyi qərara almışıq. Bu gün onlardan birini – Raqif İsrayılovu oxuculara təqdim edirik.
Vətənin mərd oğlu
Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Murovdağ və Şuşa uğrunda döyüşlərdə fərqlənmiş Raqif İbadulla oğlu İsrayılov 1975-ci ildə Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. Orduda həqiqi hərbi xidmətini başa vurandan sonra Bakı Ali Komandanlıq Məktəbinin xüsusi fakültəsinə daxil olub və oranı taktiki mühəndis qoşunları komandiri ixtisası üzrə bitirib. Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsinin İdarəetmə akademik kursunda nəzəri biliklərini daha da təkmilləşdirib.
İkinci Qarabağ müharibəsində Raqif İsrayılov qoşunların mühəndis təminatının təşkilinə, xüsusilə də düşmənin artilleriya və aviasiya qüvvələrinin atəşi altında olan Həkəri çayı üzərindəki partladılmış körpülərin ətrafının təhlükəli maneələrdən təmizlənməsinə, brod keçidlərindən istifadə etməklə hərbi körpülərin hazırlanmasına rəhbərlik edib. Düşmənin partlayışa hazırladığı 2 körpünün elektrik xəttini kəsərək zərərsizləşdirib.
Polkovnik Raqif İsrayılov Kəlbəcərin sərt dağlıq və qarlı ərazilərində Ömər aşırımından keçməklə düşmən tərəfindən minalanmış və dağıdılmış yolun bütün maneələrdən təmizlənərək bərpa olunmasına, qeyri-mümkün hissələrdə isə yeni yolun çəkilməsinə bacarıqla rəhbərlik edərək qoşunların maneəsiz hərəkətinə şərait yaradıb. Laçının Güləbird istiqamətində isə partladılmış körpülərin ətrafının minalardan təmizlənərək keçidlərin hazırlanmasını təmin edə bilib.
Ərazi bütövlüyümüzün bərpasında xüsusi xidmətlərinə və azadlıq yürüşü zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Raqif İsrayılova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, 2021-ci il sentyabrın 15-də Milli Ordu sıralarından ehtiyata buraxılıb. Azərbaycan Ordusu Təlim-Tədris Mərkəzində baş müəllim kimi fəaliyyətinə davam edir.
Əli NƏCƏFXANLI
XQ