Xıdırlı, biz də qayıtdıq!

post-img

Ağdamın bu tarixi kəndində həyat yenidən canlanır

Ağdamda Böyük Qayıdışın ilk ünvanlarından olan Xıdırlı kəndinin ra­hat, asfalt örtüklü küçələri ilə irəlilədikcə, buraya, təxminən, bir il əvvəl, 2024-cü ilin sentyabr ayında “Prezidentin izi ilə” olan səfərimi xatırladım. İndi ətrafda Qarabağın dirçəlişinin qürurverici mənzərəsi kimi göz oxşa­yan yeni yaşayış evlərinin, yaraşıqlı məktəb və uşaq bağçasının, müxtəlif təyinatlı binaların bir qisminin yeri həmin vaxt böyük tikinti meydança­sını xatırladırdı. 

Hər yerdə əzəli sakinlərinin doğma yurdlarına əbədi qayıdışlarına ciddi hazır­lıq gedirdi. Ustalar, fəhlələr dayanmadan işləyirdilər, çoxsaylı tikinti texnikalarının zəfər marşını andıran səsləri aləmi götür­müşdü. İndi isə böyük amal uğrunda “sa­vaş”ın uğurlu nəticələri göz önündədir. İşğal dövründə erməni vandalizminin qur­banına çevrilmiş, daşı daş üstdə qalmamış Xıdırlıda qısa müddətdə belə müasir kənd salınıb. Həmin vaxt yaşayış evləri ilə ta­nışlıq zamanı tək bir şeyin çatışmadığı haqqında düşünmüşdüm – bu gözəl təmirli, yaraşıqlı evləri isidəcək insan nəfəsi, şən­ləndirəcək körpə gülüşü... Çox şükür, artıq 2 aya yaxındır ki, Xıdırlıya həyat qayıdıb. Kənd gecələr gur işıqlara qərq olur, evlərin odu-ocağı qalanır! Elə budəfəki səfərimizin də məqsədi yeni Xıdırlının yeni növrağı ilə tanış olmaqdır...

Xoş gördük, yeni Xıdırlı!

Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşən yeni Xıdırlının təməli 2022-ci il oktyabrın 4-də qoyulub. Mərasimdə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlə­rinin gedişini hər zaman xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. 

Ağdam, Füzuli və Xocavənd rayonla­rında Bərpa, Tikinti və İdarəetmə Xidmə­tinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəsmi məlumatına görə, kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Burada 1-ci və 2-ci mərhələ üzrə 1498 fərdi evin inşası, həmin evlərə 6 minə yaxın əha­linin köçürülməsi nəzərdə tutulur.

Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mər­hələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Ar­tıq sözügedən sayda fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq bu günə qədər Xıdırlı kəndində 1359 nəfər sakindən ibarət 360 ailə daimi məs­kunlaşdırılıb, keçmiş məcburi köçkünlərin qayıdışı prosesi davam etdirilir.

Böyük Qayıdışa qardaş töhfəsi

Kənddə, yuxarıda qeyd etdiyimiz kimi, zəruri müasir infrastruktur yaradılıb, o cümlədən inzibati və xidmət binaları tiki­lib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və sə­hiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıl­laşdırılıb. 

Yolumuz ağdamlılara Qırğızıstan Res­publikasının hədiyyəsi olan Aykol Manas adına Xıdırlı kənd tam orta məktəbinin yanından keçir. Məktəbin qarşısında qələ­bəlikdir, ilk təhsil ilinə hazırlıq gedir. Öy­rəndik ki, 528 şagird yerlik məktəb binası 5 blokdan, o cümlədən idman zalı bölmə­sindən ibarətdir. Ərazisi 2,7 hektar olan binada 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otağı, həmçinin 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana fəaliyyət göstərəcək. Təhsil müəssisəsinin mad­di-texniki bazası şagirdlərin biliklərə yük­sək səviyyədə yiyələnmələri üçün hərtərəfli imkana malikdir. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərə­cək qaçış zolağı olan geniş idman mey­dançası, oyun və istirahət sahələri də inşa edilib. Bir sözlə, doğma yurdlarına geri dönmüş ailələrin övladlarını savadlı, sağ­lam, vətənpərvər yetişdirmələri üçün bura­da qardaş Qırğızıstan dövləti tərəfindən hər cür şərait yaradılıb. 

Yenidən ata-baba yurdunda

Xıdırlıya yolunuz düşsə, mütləq Bay­raq meydanına da baş çəkməyi unutmayın. Çünki buradan həm kəndin gözəl mən­zərəsini seyr edə biləcək, həm də başınız üstə məğrur-məğrur dalğalanan müqəddəs bayrağımızın fonunda külündən doğulan Ağdamda yan-yana ucaldılan tikililəri – yeni şəhəri görəcəksiniz. Bu yüksəklikdən baxanda, el arasında deyilən kimi, Ağdam sanki ayaqlarının altında qalır...

Bayraq meydanı ilə tanışlıqdan sonra 104 b nömrəli evə yollandıq. Ev sahibi Eh­tibar Süleymanovla görüş üçün əvvəlcədən zəngləşib razılaşmışdıq. Bizi qapıda qarşı­layaraq içəri dəvət etdi. Gəlişimizi eşidən qonşusu Ərəstun Hüseynov da bizə qoşul­du. Üçotaqlı evlə tanışlıq zamanı Xıdırlıda sakinlərin rahat yaşamaları üçün hər şeyin nəzərə alındığına bir daha əmin olduq. Tam təmirli otaqlar, hamam, sanitar qovşağı, işıq və istilik sistemi, daimi su, sürətli in­ternet... Evlərin tavanının hündür olması ilk baxışdan diqqətimizi çəkdi, “Qışda isitmək çətin olmayacaq ki?”, - deyə soruşduq. Ev sahibi gülərək cavab verdi ki, 3 metr 40 sm-dir, ancaq ikitərəfli izolyasiya edilib, yayda sərin olur, qışda isti. Beləcə, xoş əhvali-ru­hiyyəli söhbətimizə başladıq. Öyrəndik ki, Süleymanovlar ailəsi işğaldan əvvəl də Xıdırlıda yaşayıb, indi kəndə ilk qayıdan­lardandır. 

Evlərinin açarını Azərbaycan Prezi­dentinin şəxsən təqdim etməsi isə onların həyatlarının ən əlamətdar hadisəsidir. E.Süleymanov həmin anı heç vaxt unutma­yacaqlarını bildirdi: 

– Xıdırlıdan çıxanda gənc ailə idik, 25 yaşım vardı. Məcburi köçkün kimi so­nuncu dəfə Sumqayıt şəhərində 14 kvad­ratmetrlik yataqxana otağında məskun­laşmışdıq. Təkcə bu fakt uzun illər hansı əziyyətlər çəkdiyimizi göstərir. İyul ayında isə bütün həyatımız dəyişdi. Həm Vətən həsrətimiz bitdi, həm saray kimi evlə tə­min olunduq. Ən möhtəşəmi də odur ki, evimizin açarlarını möhtərəm Prezidenti­miz, Müzəffər Ali Baş Komandanımız özü şəxsən təqdim etdi (qürurla içində evin açarının da olduğu dəsti göstərir – M.R.). Bu, sözlə ifadə ediləcək hiss deyil... 

Anam, həyat yoldaşım və oğlumla geri qayıtmışıq. Bir qızım, 2 nəvəm da var, qı­zım laçınlı ilə ailə həyatı qurub, onlar da, inşallah, Laçına qayıdacaqlar!

“Bu yerləri cənnətə çevirəcəyik!”

Evin xanımı Mehparə Süleymanova isə Xıdırlıda keçən hər günləri üçün Al­laha şükürlər etdiyini dedi:

– Bu yaşadıqlarımız sanki şirin bir yuxu­dur. Allah bizə bu duyğuları bəxş edən, bizi öz ata-baba yurdumuza qaytaran Preziden­timizi qorusun, pənahında saxlasın! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Yenidən kəndimizə qayıtmaq, burada yaşamaq böyük xoşbəxtlikdir!

Ev sahiblərinin qonşuları, 70 yaşlı Ə.Hüseynov da Xıdırlının əzəli sakinidir. Bildirdi ki, doğma kəndlərinə qayıdandan bütün dərdləri unudub, ağrı-acıları canla­rından çıxıb. Bundan sonra isə...

Bundan sonrasına keçməmişdən qeyd edim ki, mənim evimin açarını Qırğızıstan Prezidenti Sadır Japarov təqdim edib. Son­ra da həm onunla, həm də cənab Prezidenti­mizlə birlikdə şəkil çəkdirmişəm. Belə xoş anı yaşamaq dünyada az-az insana qismət olar!

İnsan doğulanda ilk ayaq basdığı torpa­ğa, havasını udduğu yurda ölənə kimi bağlı olur. Biz indi həmin torpaqdayıq. Bundan sonra bizim ən böyük vəzifəmiz əkib-becər­mək, qurub-yaratmaqdır. Camaatımız qocaq camaatdı, Xıdırlını cənnətə çevirəcəyik!

Çayımızı içib sağollaşmaq, səfərimizi yekunlaşdırmaq üçün bayıra çıxanda üz­bəüz qonşunun həyətində qısa müddətdə gördüyü işlər diqqətimizi çəkdi. Gələn gün­dən 12 sotluq həyətyanı sahəsində yaşıllıq salmağa başlayan, yayın istisinə meydan oxuyaraq ilin-günün bu vaxtı lobya yetiş­dirən, tövlə tikib mal-qara saxlayan Dilavər Şirinovla ayaqüstü söhbət əsnasında əmin olduq ki, həqiqətən xıdırlılılar tezliklə on­suz da gözəl olan bu kəndi daha da gözəl­ləşdirəcəklər. Tezliklə həyətlər daha yaşıl, Xıdırlı daha cazibədar olacaq. Çünki bu torpaqlara əsl sahibləri qayıdıblar! 

Mahir RƏSULOĞLU, 
XQ-nin Qarabağ müxbiri

Ağdam

P.S. Yazının hazırlanmasına göstər­dikləri köməyə görə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyət­lə əlaqələr şöbəsinin əməkdaşlarına təşəkkür edirik.





Sosial həyat