“Xaos sponsoru” iflas astanasında

post-img

Məkrli ssenarilər üzərində qurulan oyunların sonu yaxınlaşır

Bu günlərdə ABŞ Prezidenti Donald Trampın milyarder Corc Soro­sa qarşı cinayət işinin açılması ilə bağlı çağırışı Vaşinqtonun daxili siyasi gündəmini daha da qızışdırıb. Tramp Sorosu hökumətə qarşı etiraz hərə­katlarını maliyyələşdirməkdə ittiham edib və onu ABŞ dövlətçiliyinə zərbə vurmaqda günahlandırıb. Ölkə liderinin sərt ritorikasında Soros və onun fondu barədə təhqiredici ifadələrin işlədilməsi isə məsələnin qarşıdurma müstəvisinə keçdiyini göstərir. 

Əslində, yaxın keçmişdə baş verən ha­disələrə nəzər yetirsək, görərik ki, Tramp hələ seçkiöncəsi təşviqat kampaniyaların­da Soros mövzusuna toxunmuşdu. Bu da təsadüfi deyil. Çünki uzun illər ABŞ-da, eləcə də Qərbin siyasi dairələrində Sorosun fəaliyyəti ətrafında mübahisələr gedirdi. Xüsusilə 2018-ci ilin payızında Brett Ka­vanonun Ali Məhkəmə hakimi vəzifəsinə təyinatı ilə bağlı qalmaqal qarşıdurmanın açıq şəkildə görünən məqamlarından biri idi. O zaman Donald Tramp bəyan etmişdi ki, Soros Fondu Kavanoya qarşı etirazla­rı maliyyələşdirib. Sonradan məlum oldu ki, bu etirazları təşkil edən bir neçə qrup həqiqətən də “Açıq Cəmiyyət Fondu”ndan maliyyə alıb. Digər bir diqqətçəkən məqam ondan ibarətdir ki, D.Tramp Sorosu həm fərdi səviyyədə, həm də respublikaçı ide­ologiyanın qarşısında duran güc mərkəzi kimi görür. Sorosun maliyyə dəstəyi ver­diyi təşkilatlar və şəbəkələr isə ABŞ siyasi mühitində “solçu gündəmin” əsas aparıcı qüvvələrindən sayılır.

Sorosçuların təsir dairəsi təkcə ABŞ-laməhdudlaşmır. 2017-ci ildə Konqresdə respublikaçılar Şərqi Avropada da Sorosun fəaliyyətinə qarşı mövqelərini sərtləşdir­mişdilər. Konqresmen Kris Smit və senator Mayk Li dövlət katibi Reks Tillersona mü­raciət edərək Soros Fondu vasitəsilə Şərqi Avropada siyasi balansın pozulduğunu bil­dirmişdilər. Qanunvericilər iddia edirdilər ki, Sorosun təşəbbüsləri ABŞ-ın müstəqil qurumu sayılan USAID tərəfindən ma­liyyələşdirilir. Hətta ABŞ-ın Makedoni­yadakı səfiri də açıq şəkildə solçu siyasi qrupların xeyrinə proseslərə müdaxilədə ittiham olunmuşdu. Respublikaçılar Döv­lət Departamentindən Balkanlarda Soros şəbəkəsinə yönələn yardımla bağlı hesabat da tələb etmişdilər. Bu qarşıdurma cari ildə yeni mərhələyə qədəm qoydu. Hakimiy­yətə qayıdan Donald Tramp fevral ayında USAID-i “saxtakarlıq və korrupsiya mən­bəyi” adlandırdı. 

Cari il iyulun 1-dən agentliyin fəaliyyə­tinin dayandırılması qərarı verildi. Sözüge­dən addım respublikaçıların uzun müddət­dir tələb etdikləri siyasətin praktiki nəticəsi idi və Soros şəbəkəsinin maliyyə mənbələ­rini məhdudlaşdırmaq məqsədi daşıyırdı. Lakin qarşıdurma bitmədi. Əksinə, Sorosun dəstəklədiyi solçu təşkilatlar Tramp əley­hinə aksiyalar üçün 20 milyon dollardan ar­tıq vəsait topladılar. Xüsusilə “Community Change” və “Community Change Action” təşkilatları Ağ Evin qarşısında 150 etiraz­çı toplayaraq prezidentin qərarlarına qar­şı çıxmış və həmin illərdə Sorosdan külli miqdarda maliyyə mənimsəmişdilər. Təkcə 2023-cü ildə isə bu iki təşkilat “Açıq Cə­miyyət Fondu”ndan 4 milyon dollar ianə almışdılar. Bütün bu faktlar Trampın nara­hatlığının əsasını təşkil edir və göstərir ki, tərəflər arasındakı savaş artıq ölkədaxili müstəvidən çıxaraq qlobal miqyasda ideo­loji savaşa çevrilib. Qeyd etmək vacibdir ki, Tramp tənqidlərinin hədəfini yalnız Corc Sorosla məhdudlaşdırmır, eyni zamanda onun oğlu Aleks Sorosu da ön plana çıxarır. Aleks Soros son illərdə Demokrat Partiya­sına yaxınlığı ilə seçilir və ABŞ siyasətində təsir imkanlarını sürətlə genişləndirir. 

Ümumiyyətlə, Soros Fondu müxtəlif ölkələrdə “xaos sponsoru” kimi fəaliyyət göstərib. Qərbin siyasi dairələrində belə qəbul olunur ki, fond müxtəlif regionlarda rəngli inqilabların təşkilatçısı və maliyyə dəstəkçisi rolunda da çıxış edib. Təsadüfi deyil ki, Corc Soros bəzi dövlətlərdə arzu­olunmaz şəxs elan olunub, onun fondu isə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Məsələn, Macarıstan hökuməti So­rosu milli təhlükə kimi qiymətləndirərək 2018-ci ildə fondun Budapeştdəki ofisini bağladı. Ölkənin Baş naziri Viktor Orban açıq şəkildə bəyan etdi ki, Sorosun miq­rasiya siyasəti Avropa dövlətlərinin suve­renliyinə təhdid yaradır və milli dövlətləri zəiflətməyə xidmət edir. Balkanlarda da Sorosun təsirinə qarşı ciddi müqavimət for­malaşmışdı. Xüsusilə Makedoniyada 2017-ci ildən “Stop Operation Soros” (SOS) adlı ictimai hərəkat yarandı və onun daxili si­yasətə müdaxilə cəhdləri ifşa edildi. Polşa­da isə fondun fəaliyyəti rəsmi şəkildə qada­ğan edilməsə də, hakimiyyət nümayəndələri Sorosu ölkə siyasətinə müdaxilə etməkdə və “liberal xaosun yayılmasına” zəmin ya­ratmaqda ittiham edirlər. Qardaş Türkiyədə də fondun fəaliyyəti dayandırılıb. Prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan etdi ki, Soros Gezi Parkı iğtişaşlarının əsas maliyyəçisi olub və ölkədə xaos yaratmaq niyyəti güdüb: “Soros xalqı parçalamaq və Türkiyənin sabitliyini pozmaq istəyən qlo­bal güclərin alətidir”. Bu səbəbdən fondun Türkiyədəki bütün layihələri ləğv edildi və ölkədən çəkilməyə məcbur oldu.

Sorosun fəaliyyətinin ziddiyyətli nə­ticələri Azərbaycanda da özünü büruzə verib. 2011-ci ildə korrupsiya faktları sə­bəbindən “Açıq Cəmiyyət Fondu” ölkə­mizdə bağlanıb. Şübhəsiz, məsələ yalnız maliyyə pozuntuları ilə yekunlaşmırdı. Fondun ölkədə müxalifətçi qrupları dəstək­lədiyi və müxtəlif QHT-lərə milyonlarla dollar maliyyə ayırdığı məlum idi. Bundan başqa, Soros Fondu Azərbaycana qarşı in­formasiya hücumlarının da əsas maliyyə mənbələrindən biri olub. Qərbin bir sıra media orqanlarında aparılan çirkin kam­paniyalar məhz onun şəbəkəsi ilə bağlıdır. Bağlandıqdan sonra fondun USAID kana­lı ilə Azərbaycandakı vəziyyətə müdaxilə cəhdləri iflasa uğradı. Çünki dövlət həm milli təhlükəsizlik baxımından, həm də ic­timai sabitliyi qorumaq istiqamətində vax­tında tədbirlər gördü. Bu gün Soros Fondu və onun dayaqları arzuolunmaz strukturlar kimi tanınır və qadağan olunur. Sadalanan faktlar göstərir ki, Corc Sorosun təsir im­kanları qlobal miqyasda ciddi şəkildə zəif­ləməkdə davam edir.

Müşfiq ƏLƏSGƏRLİ, 
XQ-nin media eksperti

Prezident Donald Trampın Corc So­ros və onun oğlu Aleks Sorosun RICO Aktı (mütəşəkkil cinayətkarlığa qarşı qanun) əsasında ittiham olunmasının zəruriliyini bildirməsi, onları ABŞ-da baş vermiş zorakılıq aksiyalarını dəstək­ləməkdə günahlandırması, əslində, Soros üçün taleyin ironiyasıdır. Çün­ki Soros Fondu özü uzun illər OCCRP adlanan şəbəkəni, yəni “Mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı hesabat layihəsi”ni maliyyələşdirib. Bu şəbəkəni maliyyə ilə şirnikləşdirərək OCCRP-nin tərkibində birləşən jurna­listləri, media qurumlarını, QHT-ləri ayrı-ayrı siyasi liderlərə qarşı qərəzli şəkildə yönləndirib. Hədəfində olan şəxsləri “korrupsiya və cinayətkarlıq yolu ilə kapital qazanmaqda” ittiham edib. Amma hər kəs bilirdi ki, OCCRP və Sorosun “korrupsioner, cinayətkar” adlandırdığı şəxslər, əslində, “Soros İm­periyası”nın siyasi-iqtisadi hədəfinə tuş gələnlərdir. Onları şərləyib qaralamaqla Soros öz rəqiblərini zərərsizləşdirir. 

Bu məsələ uzun illər dünyanın siya­si gündəmində yer tutub. Amma ABŞ Demokratlar Partiyası ilə müttəfiq ol­duğu üçün Soros Fondunun əsl simasını göstərmək, onu zərərsizləşdirmək çətin bir məsələyə çevrilmişdi. Əlamətdar haldır ki, bu gün Prezident Tramp So­ros Fondunun iç üzünü açır, onun əsl qiymətini verir. Araşdırmalar başlayan­dan sonra, yəqin ki, USAID kimi Soros Fondunun da bütün mahiyyəti ortaya çıxacaq. Soros tərəfdarlarının narahatlıq içində olmaları bununla bağlıdır. Onlar bilirlər ki, Tramp komandası fondun bütün zərərli fəaliyyətini faktlarla orta­ya qoyacaq, sonra da məsuliyyət tələb edəcək.

Nəzrin ELDARQIZI
XQ



Siyasət