Deyirlər “Şəmkirin torpağı qızıldandır”. Amma onu da deyirlər ki, sakit kənd yollarının hər addımında dövlətin nəfəsi duyulur. Bax, ona görə də kəndlilərin baxışlarında ümid, canlarında isə işgüzarlıq var. Qasımallar kəndində keçirilən səyyar görüş də məhz bu ümidin bir ifadəsi oldu...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşla birbaşa təmasın gücləndirilməsi, rayonlarda mövcud problemlərin yerində öyrənilməsi və operativ həll olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə əsasən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin sakinlərlə mütəmadi keçirdiyi görüşlərin daha birisi Qasımallar kəndində baş tutdu.
Görüş başlamazdan əvvəl icra hakmiyyətinin başçısı ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Şəmkirdə həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələri və regionun ümumi inkişaf tendensiyası barədə ətraflı məlumat verdi. O vurğuladı ki, bu gün rayonun hər yerində hiss olunan canlanma iqtisadi gücün və dayanıqlı idarəçiliyin nəticəsidir.
Daha sonra kənd sakinləri çıxış etdilər. Sözlər sadə idi, lakin dərin idi. Su, yol, iş, ümid, bəzən bir ürək sözü, bəzən bir kəndin ümumi dərdi dillərə gəldi.
Rayon rəhbəri hər bir vətəndaşı diqqətlə dinlədi. Müraciətlərin bəziləri yerindəcə aidiyyəti şəxslərin iştirakı ilə həll olundu, bir sıra məsələlər isə araşdırılmaq və qanunvericiliyə uyğun şəkildə həll edilmək üçün nəzarətə götürüldü.
Ümumi görüşdən sonra Rəşad Tağıyev fərdi şəkildə müraciət etmək istəyən sakinləri də ayrıca qəbul etdi. Hər bir görüşdə məqsəd birdir: xalqın sözünü eşitmək, yükünü bölmək və dövlətin varlığını insanın yanında hiss etdirmək.
Qasımallar səması altında səslər bir daha dövlətin səsinə qarışdı. İstər-istəməz hər baxışda bir ümid parladı: “bizi dinləyən var”…
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Şəmkir rayonu