Gəncə: Niyazi Bayramov sakinlərlə növbəti görüşünü keçirib

post-img

Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyəti daim əhalinin sosial rifahının yüksəldilməsi, yerli problemlərin operativ həlli və dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi istiqamətində qurulub. Bu məqsədlə təşkil olunan səyyar görüşlər şəhərin müxtəlif ərazilərində mütəmadi şəkildə keçirilir

Növbəti belə görüş Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbin binasında keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüş zamanı şəhər sakinləri tərəfindən müxtəlif sahələrə dair müraciətlər səsləndirilib. Bu müraciətlər arasında işlə təminat, maddi yardımın göstərilməsi, su təminatı və subartezian quyularının təmiri, həmçinin kommunal və məhəllədaxili infrastrukturla bağlı məsələlər üstünlük təşkil edib. Niyazi Bayramov hər bir vətəndaşı diqqətlə dinləyib, məsələlərə fərdi yanaşaraq konkret göstərişlər verib. Bir sıra problemlər elə yerindəcə operativ həll olunub, digərləri isə aidiyyəti qurumlar tərəfindən araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Vətəndaşlarla keçirilən bu cür birbaşa görüşlər ölkə rəhbərliyinin həyata keçirdiyi “xalqla birbaşa təmas və xidmət mədəniyyəti” strategiyasının bir hissəsidir. Prezident İlham Əliyevin “dövlət məmuru xalqın xidmətçisidir” prinsipi Gəncədə də ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Fazilqızı bildirib:“Cənab Prezidentin rəhbərliyi ilə ölkədə formalaşdırılan vətəndaş yönümlü idarəçilik sistemi Gəncə şəhərində də davamlı olaraq tətbiq olunur. Niyazi müəllim tərəfindən keçirilən bu cür səyyar görüşlər vətəndaşlarla birbaşa ünsiyyəti təmin edir, ehtiyac və narahatlıqların yerində öyrənilməsinə imkan yaradır. Eyni zamanda, əhalinin dövlətə olan etimadını daha da möhkəmləndirir.”

Görüş zamanı çıxış edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, dövlətin həyata keçirdiyi sosial siyasət sadə vətəndaşların rifahının təmin olunmasına yönəlib və bu istiqamətdə görülən işlər yüksək qiymətə layiqdir.

Görüş bir daha nümayiş etdirdi ki, Gəncə Şəhər İcra Hakimiyyəti vətəndaş məmnuniyyətini əsas meyar kimi qəbul edir və yerli icra strukturları sakinlərin gündəlik həyatında qarşılaşdıqları çətinliklərin həllinə məsuliyyətlə yanaşırlar.

Qeyd edək ki, Gəncə şəhərində vətəndaşlarla belə səyyar görüşlər davamlı və ardıcıl şəkildə həyata keçirilir, hər bir müraciət isə fərdi qaydada araşdırılır və nəticəsi barədə müvafiq məlumat verilir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

























Sosial həyat