Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Muhəmməd Əl Bluşi ilə görüşüb. Mərasimdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Bahar Muradova Azərbaycanla BƏƏ arasında münasibətlərin ortaq tarixi, milli və mədəni dəyərlərə əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf edən, yüksək səviyyəli tərəfdaşlıq xarakteri daşıdığını bildirib. Son illər ərzində iki ölkə arasında iqtisadi, ticari, siyasi əlaqələrin dinamikasının müsbət istiqamətdə dəyişdiyini, bir sıra strateji sahələrdə – xüsusilə də yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində mühüm əməkdaşlıqlar qurulduğunu deyib. Əlavə edib ki, bu uğurlar təkcə iki ölkənin deyil, eyni zamanda regionun inkişafına və rifahına xidmət edir.

İnsan kapitalını tükənməz enerji adlandıran komitə sədri hər iki ölkənin bu kapitalın inkişafı və rifahınının təmin olunmasını əsas hədəf kimi müəyyən etdiyini vurğulayıb. AQUPDK-nin fəaliyyət istiqamətlərindən söz açan sədr, beynəlxalq təcrübə mübadiləsinin əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığını qeyd edib. O, həmçinin bu sahədə parlamentlərarası əməkdaşlıq və qarşılıqlı layihələrin icrasında əlaqələrin intensivləşməsinin əhəmiyyətindən danışıb.

Səfir Muhəmməd Əl Bluşi iki ölkə arasında mövcud olan yüksək səviyyəli ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Səfir, Azərbaycan və BƏƏ dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin, xüsusilə də COP29 ərəfəsində keçirilən yüksək səviyyəli görüşlərin ticari, iqtisadi və mədəni sahələrdə artan mübadilənin daha da dərinləşməsinə təkan verdiyini qeyd edib.

Görüş çərçivəsində ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, bu istiqamətdə BƏƏ-nin Ailə Müdafiəsi Nazirliyi ilə əlaqələrin qurulması və qarşılıqlı görüşlərin təşkili təklif edilib. Tərəflər bu sahədə təcrübə mübadiləsinin və institusional əməkdaşlığın gələcəkdə hər iki ölkənin sosial siyasətinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Zərifə HÜSEYNOVA
XQ



Sosial həyat