Qarabağ Universitetinin qazi tələbəsi
İlqarla görüşümüz təsadüfi olmadı. Şanlı qələbələrimizin tərəqqi timsalına çevrilən Qarabağ Universitetində müəllimlər də, tələbə yoldaşları da fəxrlə onun adını çəkdilər, haqqında xoş sözlər danışdılar.
Dedilər ki, mühəndislik fakültəsinin inşaat ixtisası üzrə I kurs tələbəsi İlqar İsgəndərli təhsil həyatına ordu sıralarından gəlib. Antiterror əməliyyatları zamanı Xankəndin, ilk daxil olan döyüşçülərdəndir.
Necə deyərlər, dünən düşməndən azad etdiyi yerdə indi silahını kitabla, dəftər, qələmlə əvəzləyib, elm savaşındadı. Bütün bu deyilənlərdən sonra Qarabağ Universitetinin hələlik yeganə “döyüşçü-tələbə”si olan İlqarla görüşüb həmyaşıdları üçün nümunə olan ömür yoluna birlikdə nəzər saldıq. Onu dəyərli oxucularımıza daha yaxından tanıtmaq üçün həmsöhbət olduq.
İmtahanlara hazırlaşdığı üçün başı oxumağa qarışsa da, dəvətimizi qəbul edib universitetə gəldi, auditoriyalardan birində oturub söhbətləşdik.
Öncə qeyd edək ki, gözlərindən Vətən sevgisi, sadəlik, bir az da utancaqlıq yağan İlqarın tərbiyəsi də, vətənpərvərliyi də elə ilk tanışlıqdan özü haqda xoş təəssürat yaradır. İstər-istəməz qürur hissi ilə Azərbaycanımızın gələcəyinin etibarlı əllərdə olduğunu, Vətənimizi daha böyük uğurların, qələbələrin gözlədiyini düşünürsən.
Öyrəndik ki, İlqar İsgəndərli 2001-ci ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub, orada şəhid Vilayət Cəfərov adına orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb, zəfər dastanımızın şanlı səhifələrinin yazıldığı 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanda xidmət edib. Xidmətini başa vurduqdan sonra evə dönsə da sonsuz vətənpərvərliyi, ərazi bütövlüyümüzün tam bərpa edilməsi, suverenliyimizin təmin olunması uğrunda davam edən haqq savaşının iştirakçısı olmaq, yenidən orduya qayıtmaq qərarına gəlib.
Həmin vaxt yeni yaradılan komando birliklərinin kurslarına qəbul edilib, 75 gün davam edən ağır təlimlərdən uğurla keçərək kursu üçüncülüklə bitirib. Bununla da kiçik çavuş rütbəsi ilə komando bölüyünün kəşfiyyatçısı kimi xidmətə davam edib. Müddətdən Artıq Xidmət Edən (MAXE – M.R.) hərbi qulluqçu İlqar İsgəndərli “N” saylı hərbi hissəsinin tərkibində 2022-ci ildə ordumuzun şərti sərhəddə Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq məqsədilə keçirdiyi sentyabr döyüşlərinin iştirakçısı olub. Bir il sonra, 2023-cü ildə sentyabrın 19-dan 20-ə keçən gecə isə Qarabağda erməni separatçılarına qarşı antiterror tədbirləri zamanı xidmət etdiyi taborun tərkibində Xankəndiyə ilk daxil olanlar sırasındadır. Vətənimizin bu əsrarəngiz gözəlliyə malik bölgəsinə dərin sevgisi, bağlılığı da həmin vaxtdan daha da qüvvətlənib.
Bəs bir komando kəşfiyyatçısı necə oldu ki, Qarabağ Universitetinin tələbəsinə çevrildi? Axı ali məktəbə daxil olmaq üçün uzun müddət hazırlaşmaq, əksər hallarda xüsusi müəllimlərdən dərs almaq lazım gəlir? İlqar suallarımıza cavab olaraq bildirdi ki, hazırda təhsil aldığı ali məktəbin yaradılması xəbərini hərbi xidmətdə olarkən eşidib və çox sevinib:
– Möhtərəm Prezidentimizin Qarabağ Universitetinin yaradılması haqqında sərəncamı mənə yaxşı mənada sürpriz oldu. Çox sevindim ki, bu qədər qısa vaxtda Xankəndidə universitet fəaliyyətə başlayacaq. Antiterror tədbirləri zamanı Xocalı, Şuşa, Xankəndi istiqamətlərində olmuşdum. Buralar həqiqətən cənnəti xatırladır, havası, suyu, mənzərələri möcüzədir elə bil. Çox bağlanmışam bu yerlərə. Ona görə də qərara gəldim ki, bəxtimi sınayım, bacarsam ancaq və ancaq Qarabağ Universitetinə daxil olum. Ordudan təxris olundum, hazırlaşdım, Allaha şükür, arzuma çatdım. Bu gün artıq fəxrlə deyirəm ki, mən Qarabağ Universitetinin ilk tələbələrindən biriyəm!
Yəqin, “döyüşçü-tələbə”yə müəllimlərin, tələbə yoldaşlarının münasibəti də fərqli olar? İlqar gülümsənərək bildirdi ki, bəli, elədir, xüsusi hörmətlə yanaşırlar. Ancaq bu, onun məsuliyyətini artırır, daha yaxşı oxumasına, nümunəvi tələbə olmasına ruhlandırır. Məhz buna görə ilk semestri zərbəçi kimi başa vurmuş həmsöhbətim hazırkı imtahanlardan da yüksək ballar toplamaqdadır. Məqsədi yenə ən azından zərbəçi olmaqdır.
Sonda İlqar İsgəndərli Xankəndidə onlar üçün yaradılmış şəraitdən də, təhsilin səviyyəsindən da razı olduğunu dedi, gələcəklə bağlı arzularını dilə gətirdi:
– Mən də ona görə inşaat mühəndisi ixtisasını seçmişəm ki, təhsilimi bitirib ixtisaslı kadr kimi Vətənimə xidmət edim, Qarabağda həyata keçirilən tikinti-quruculuq “savaş”ının iştirakçısı olum. Elə gələcəkdə də ailə qurub burada yaşamaq istərdim. Çünki biz bu yerlərin əsl sahibləriyik!
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi