Aktau şəhərində Birinci Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi keçirilib

post-img

Qazaxıstanın Aktau şəhərində “Azərbaycan və Qazaxıstan: Konstitusiya və Suverenlik ilində əlaqələrin möhkəmləndirilməsi” adlı I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi keçirilib.

Tədbir Aktau şəhərində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi” İctimai Fondu və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə, ölkəmizin Aktaudakı Baş Konsulluğu və Qazaxıstanın  Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin dəstəyi ilə təşkil edilib.

İki günlük tədbirdə Azərbaycandan, Qazaxıstandan və digər türk dövlətlərindən 40 dan çox dinləyici, Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin əməkdaşları, o cümlədən Bakı Dövlət Universitetinin professoru Eldar Cəfərov və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdir Elvin Talışinski  iştirak ediblər.

Məktəbdə konstitusiya quruculuğu, suverenliyin tarixi və mədəniyyətlərarası dialoq sahəsində təcrübə və bilik mübadiləsi aparmaq üçün dinləyicilərə əlverişli şərait yaradılıb, onlara hər iki ölkənin tarixi, mədəniyyəti və ictimai həyatı haqqında məlumat verilib.  

Tədbirin bağlanış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistanın baş konsulları, o cümlədən baş konsulluqların əməkdaşları da  iştirak ediblər.

Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə ”Konstitusiya və Suverenlik ili” elan edilməsini, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunduğunu və 12 noyabr tarixinin Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Qeyd edilib ki, Konstitusiya suveren dövlətin ayrılmaz atributu, onun müstəqilliyinin və öz müqəddəratını təyin etməsinin simvoludur.

Baş konsul bildirib ki,  Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş bütün ərazilərdə təmin olunub. Azərbaycan Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.

Çıxışının sonunda A.Süleymanlı Yay məktəbinin uğurla keçirilməsindən məmnunluğunu ifadə edib və iştirakçılara uğurlar arzulayıb.

“Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov öz çıxışında Yay məktəbinin işinin yekunlarını açıqlayıb, bunun əməkdaşlığın inkişafına və Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edib, bu istiqamətdə mədəniyyətlərarası dialoqun və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin nümayəndəsi Elvira Canqojaeva universitetin bazasında belə tədbirlərin keçirilməsini alqışlayıb və gələcəkdə də  belə tədbirlərin keçirilməsinə hazır olduqlarını diqqətə çatdırıb.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində gənclərin rolunu vurğulayaraq Yay məktəbinin bütün iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib.

“Dostluq” Birliyinin sədri Şəmsəddin Hüseynov Azərbaycan və Qazaxıstan arasında dost münasibətdən söz açıb və iştirakçılara uğurlar arzulayıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qulu Kəngərli

Aktau

 

 









Sosial həyat