Mötəbər tarixi həqiqətlər məbədi

post-img

əvvəli 

Mərkəzi Dövlət Arxivi – 105

1930-cu illərin axırı və 1940-cı illərin əvvəlində beynəlxalq aləmdə yaranan siyası gərginlik və II Dünya müharibəsinin başlanması ilə əlaqədar İttifaq dövləti bir sıra sahələrdə olduğu kimi, dövlət arxiv fondu sənədlərinin mühafizəsinin təşkili, arxiv fondlarının təhlükəsiz yerlərə köçürülməsi, arxivlərin müharibə dövrü sənədləri ilə komplektləşdirilməsi, müharibə zamanı əldə edilmiş sənədlərin arxiv fondlarına daxil edilməsi və digər məsələləri əhatə edən xüsusi qərarlar qəbul etdi.

Azərbaycan SSR-nin Nazirlər Soveti yaranmış vəziyyəti nəzərə alaraq 17 iyul 1940-cı ildə “AzSSR-də arxiv işinin vəziyyəti haqqında” xüsusi qərar qəbul edir. Həmin qərarda iki ay müddətində arxiv kadrlarının tərkibinə baxılması, onların siyasi cəhətdən hazırlıqlı şəxslərlə əvəz olunması, İcraiyyə Komitələrində dövri olaraq arxiv rəhbərlərinin hesabatlarının dinlənilməsi, tarixi-siyasi əhəmiyyət kəsb edən arxiv materialları əsasında fabrik və zavodlarda, tədris müəssisələrində kütləvi təbliğat-təşviqat işlərinin aparılması, tarixi-siyası əhəmiyyət kəsb edən sənədlərin mətbuatda işıqlandırılması, sərgilərin təşkili və sair məsələlər əhatə olunurdu.

“Dövlət arxivlərinin hərbi dövrdə mühafizəsi haqqında” SSRİ daxili işlər nazirinin əmrinə uyğun olaraq 1941-ci ildə ölkəmizdə də Azərbaycan arxivlərinin zərurət yarandığı halda təhlükəsiz əraziyə təxliyyəsi barədə plan hazırlandı. Plana əsasən arxiv sənədlərinin məhv olması təhlükəsi yarandığı halda Azərbaycan arxivlərində mühafizə olunan sənədlərin bir hissəsinin Qazaxıstanın Qızıl Orda vilayətinə, digər hissəsinin Bakı ətrafı rayonlara köcürülməsi qərara alınır. Həmçinin Azərbaycan arxivləri Sovet İttifaqının müxtəlif şəhər və vilayətlərindən (Rostov, Stavropol, Krasnodar və s.) məhv olmaq təhlükəsi ilə bağlı ölkəmizə köçürülmüş minlərlə arxiv materiallarının müvəqqəti mühafizəsini təmin edir.

Müharibə başa çatdıqdan sonra iqtisadi və mədəni həyatın ayrı-ayrı sahələrində olduğu kimi, respublikamızda arxiv işinin inkişafına, arxiv sənədllərinin mühafizəsi, elmi-məlumat vasitələrinin yaradılması və sənədlərin bərpası işinin təşkilinə xüsusi önəm verildi. Arxiv sənədlıərinin mühafizəsi şəraitinin yaxşılaşdırılmasına yönəlmiş qərarlar qəbul olundu. “Nazirlik və idarələrdə arxiv materiallarının saxlanılması rejiminin qaydaya salınması və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” AzSSR Nazirlər Sovetinin 11 iyul 1956-ci il tarixli 332 №-li qərarın bu sahədə xüsusi əhəmiyyəti oldu.

Qərarda arxiv materiallarından elmi və iqtisadi məqsədlər üçün istifadəsi işinin genişləndirlməsi, əsasız olaraq məxfiləşdirilmiş inqilabaqədərki və sovet dövrü sənədlərinin məxfiliyinin açılması məsələsinə baxılması, tarixi əhəmiyyətli arxiv materialları əsasında sənəd məcmuələrinin, göstəricilərin hazırlanması, Moskva, Leninqrad, Tbilisi arxivlərində saxlanılan Azərbaycanla bağlı arxiv materialları aşkar edilərək surətlərinin fondlaşdırılması üçün elmi təşkilatların, arxivlərin işə cəlb edilməsi, habelə arxiv sənədlərinin bərpası, mikrofilmləşdirilməsi məqsədilə Dövlət Arxivi tərkibində bərpa və mikrofilmləşdirmə mərkəzinin, fotolaboratoriyanın yaradılması istiqamətində tədbirlərin görülməsi barədə aidiyyəti dövlət orqanlarına xüsusi tapşırıqlar verildi.

Mərkəzi Arxiv İdarəsi Nazirlər Sovetinin müvafiq qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə nazirlik və idarələrdə arxiv işinin təşkilinə yoxlama baxışlar keçirməklə nəzarəti artırdı, Arxiv İdarəsinin tərkibində Sənədlərin bərpası və mikrofilmləşdirmə laboratoriyası yaradıldı, nazirlik və idarələrdə məxfi qriflə mühafizə edilən 50 mindən artıq saxlama vahidinin məxfilik qrifi açılmaqla dövlət arxivinə qəbulu təmin edildi. Dövlət Tarix Arxivi mühafizədə olan arxiv fondlarının göstəricisini və tarixi əhəmiyyətli mövzular üzrə elmi nəşrləri çapa hazırlandı.

Mərkəzi Arxiv İdarənin adıçəkilən qərarın icra vəziyyəti ilə bağlı hazırladığı və DİN-ə təqdim etdiyi arayışdan aydın olur ki, bir sıra nazirliklərdə və idarələrdə qərarın icrasına lazımi diqqət verilməmiş, bəzi hallarda hətta Arxiv İdarəsinin razılığı olmadan arxiv sənədləri məhv edilmişdir. Eyni zamanda Dövlət Arxivlərinə bina tikintisi məsələsi həll edilmədən qalmış, rayon dövlət arxivlərinin bina ilə təminatında ciddi problemlər qalmaqda davam etmişdir. AzSSR daxili işlər naziri adıçəkilən qərarın icra vəziyyəti ilə bağlı Arxiv İdarəsindən daxil olan arayışı və təklifləri müzakirə üçün 23 may 1957-ci il tarixli 26/1-563 nömrəli məktubla hökümətə təqdim edır.

AzSSR Nazirlər Soveti məsələni müzakirə edərək DİN-nin təqdim etdiyi təklifləri baxılmaq üçün Dövlət Plan Komitəsinə göndərir. Komitə layihə ilə bağlı rəyi hazırlayaraq Nazirlər Sovetinə təqdim edir. Azərbaycan SSR Nazirlər Soveti daxil olan materialları araşdıraraq ölkədə arxiv işinin vəziyyətini bir daha dəyərləndirir və daha əvvəl verilmiş qərarda nəzərdə tutulan tədbirlərin icrasında yaranan problemlərin aradan qaldırılması və bu sahədə görülən işlərin sürətləndirilməsi məqsədilə 11 iyul 1957-ci ildə “Nazirlik və idarələrdə arxiv materiallarının saxlanılması rejiminin qaydaya salınması və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” AzSSR Nazirlər Sovetinin 11 iyul 1956-ci il tarixli 332№-li qərarın yerinə yetirilməsinin gedişi barədə” daha bir qərar qəbul edir.

Nazirlər Soveti bu qərarla nazirliklərə və idarələrə sənədlərinin dövlət arxivinə vaxtında təhvil verilməsi, onların mühafizəsi şəraitinin yaxşılaşdırılması, icrayyə komitələrinə rayon dövlət arxivləri üçün binaların ayrılması, prokrorluq orqanlarına arxiv sənədlərinin qanunsuz məhv edənlərin qarşısının alınması üçün əməli tədbirlərin görülməsi barədə xüsusi tapşırıqlar verir.

Azərbaycan hökuməti arxiv işinin dövlət quruculuğunda əhəmiyyətli sahə olduğunu nəzərə alaraq, ölkədə arxiv işinin və arxivlərin vəziyyətini daimi nəzarətdə saxlayır, görülmüş işlərlə bağlı müzakirələr təşkil edir, hesabatları dinləyir və mütəmadi olaraq bu sahədəki vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş qərarlar qəbul edildi. Nazirlər Sovetinin “Azərbaycan SSR-də arxiv işinin vəziyyəti və yaxşılaşdırılması tədbirləri haqqında” 11 noyabr 1958-ci il tarixli 861 nömrəli qərarı dövlət arxivlərinin və arxiv işi sahəsindəki fəaliyyətin tənzimlənməsinə yönələn daha bir adım kimi dəyərlənirmək olar.

Qərarda bütun nazirliklərə, təşkilatlara, XDS İcrayə komitələrinə tabeliyində olan idarə arxivlərində saxalanılan sənədlərin qaydaya salınmasının təmin edilməsi, arxivlərin bina, avadanlıq və kadr təminatının yaxşılaşdırılması, arxiv arayışlarının verilməsinə nəzarətin artırılması, həmçinin prokrorluq orqanlarına saxta arxiv arayışının verilməsində günahkar olanların məsuliyyətə cəlb edilməsi, DİN-ə arxivlərə metodiki nəzarətin artırılması tapşırılır, habelə Bakı və Gəncə (Kirovabad) icraiyyə komitələrinin birləşmiş arxivlərinin 1959-cu ildən tərkibi daimi sənəd materiallarından ibarət dövlət arxivlərinə çevrilməsinin təşkil edilməsi və 1959-cu il üçün Arxiv İdarəsinin elmi işçilərinin sayının 11 ştat vahidi artırılması Maliyyə Nazirliyinə tapşırılır.

XX əsrin 50-ci illərində arxiv işinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı İttifaq və ya respublika səviyyəsində qəbul edilmiş qərarlar, xüsusi ilə 13 avqust 1958-ci ildə təsdiq edilmiş “SSRİ-nin Dövlət arxiv fondu və dövlət arxivləri şəbəkəsi haqqında” Əsasnamə dövlət arxivlərinin və dövlət arxiv fondunun formalaşdırılmasının əsas prinsiplərini müəyyənləşdirdi. Əsasnamədə dövlət arxiv fondu anlayışının izahı verilir, onun arxiv fondu sənədlərinin mərkəzləşmiş şəkildə hesaba almaq, saxlamaq və əməli cəhətdən istifadə etmək məqsədilə təşkil olunduğu qeyd edilir, həmçinin arxiv fondunun idarə, müəssisə, təşkilat və fiziki şəxslərin fəaliyyəti nəticəsində yaranan elmi, tarixi və əməli əhəmiyyətə malik sənədlərin məcmusu olduğu, sənədli materialların mühafizəsi və uçotu məqsədilə təşkil edildiyi və bölünmədən tam şəkildə bir arxivdə saxlanıldığı bildirilirdi.

1960-cı ildə keçmiş İttifaq respublikalarında daxili işlər orqanlarının fəaliyyətinin yenidən təşkili ilə əlaqədar dövlət arxivlərinin DİN tabeliyindən Nazirlər Sovetinin tabeliyinə verilməsi qərara alınır. Bununla arxivlərin fəaliyyətində yeni bir mərhələnin əsası qoyulur. 28 iyul 1961-ci ildə “Dövlət arxiv fondu və dövlət arxivlərinin şəbəkəsi haqqında” Əsasnamə, 1962-ci ildə isə “Dövlət arxivlərinin əsas iş qaydaları” təsdiq edilir. Bu Qaydalarda arxiv işinin elmi əsaslarla təşkili metodları və prinsipləri müəyyən edilir. Arxiv İdarəsində Elmi Şuranın yaradılması, respublikamızın arxiv təşkilatlarının fəaliyyətində yaranan elmi-metodiki məsələlərə baxılması və həlli məqsədilə Metodiki Komissiyanın təşkili qərara alınır. Arxivin elmi-məlumat kitabxanası qiraət zalı ilə birləşdirilir, sənədlərin daimi mühafizə üçün seçilməsi və saxlanılmalı olmayan sənədlərin məhv edilməsi məsələlərinə baxılması məqsədilə dövlət arxivlərində Ekspert-yoxlama komissiyaları (EYK) təşkil edilir.

Dövlət idarəetmə sistemindəki yeniliklərə uyğun olaraq arxiv işinin idarəedilməsi və fəaliyyətinin tənzimlənməsi məqsədilə AzSSR Nazirlər Soveti 15 sentyabr 1961-ci ildə 790 nömrəli qərarla “AzSSR Nazirlər Soveti yanında Arxiv İdarəsi haqqında Əsasnamə”ni və 1963-cü il 6 iyul tarixli 487 nömrəli qərarla “AzSSR rayon (şəhər) dövlət arxivi və onların filiallarına dair Əsasnamə”ni təsdiq edir. Bununla da arxiv işi ilə bağlı 1938 -1960-cı illərdə qəbul edilmiş 35-ə yaxın normativ hüquqi akt qüvvədən düşmüş hesab olunur.

Arxiv işinə və arxiv sənədlərindən elmi-tədqiqat məqsədilə istifadə olunmasına diqqət artırılır, dövlət arxivləri şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi işinə start verilir. Bu sahədə görülən işlərin yaxşılaşdırılması, respublikamızın arxiv təşkilatlarının fəaliyyətində nəzərə çarpan çatışmamazlıqların aradan qaldırılması, yerlı icrayə komitələri tərəfindən arxiv işinin təşkilinə diqqətin artırılması, arxivlərin müvafiq tələblərə uyğun binalarla təmin edilməsi, arxivçi kadrların peşə hazırlığının yüksəldilməsi sahəsində irəliləyişin təmin edilməsi məqsədilə AzSSR Nazirlər Soveti 6 sentyabr 1963-cü ildə ”AzSSR-də arxiv işinin yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul edir.

On bir bəndən ibarət qərarda dövlət orqanlarının qarşısına ölkədə arxiv işinin inkişafına təsir edəcək mühüm vəzifələr qoyulur. Qərarda nazirliklərə, icraiyyə komitələrə, idarə və təşkilatlara onlarda saxlanılan arxiv materiallarının 1963-1965-ci illər ərzində tam olaraq qaydaya salınması işlərinin yekunlaşdırılması, idarə arxivlərinin ixtisaslı kadrlarla, ştatlarla təmin edilməsi, Bakı kitabxanaçılıq texnikumunun nəzdində 1964-65-ci tədris illərində orta səviyyəli arxivçi kadrların hazırlanması üçün kursların təşkil edilməsi məsələsinə baxılması, Arxiv İdarəsi tərəfindən idarə arxivlərinə elmi-metodiki köməkliyin artırılması, Arxiv İdarəsinin strukturunda təşkilat-metodika şöbəsinin yaradılması, dövlət arxivi üçün binanın tikintisi işlərinin sürətləndirilməsi, Naxçıvan və Qarabağda (keçmiş DQMV-də) arxiv binalarının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması, arxiv işçiləri üçün yaşayış binasının tikintisi, arxiv və kargüzarlıq işinin avtomatlaşdırılması üçün avadanlaıqların alınması və sənədlərin indeksləşdirilməsi və təsnifatı üzrə Vahid Dövlət Kargüzarlıq Sisteminin tətbiqi kimi mühüm məsələlər əks olunurdu.

Ölkədə arxiv işinin yaxşılaşdırılması məqsədilə ayrı-ayrı nazirliklərə, dövlət strukturlarına icrası vacib tapşırıqlar verilməsinə baxmayaraq, qərarın icrasını təmin etməli olan bəzi nazirliklər və təşkilatlar öz vəzifələrinin icrasına səthi yanaşır, nəticədə qərarda göstərilən bir sıra məsələlər həll edilmədən qalır, arxiv təşkilatlarının fəaliyyətinin və arxiv işinin təşkilində yaranan çətinliklərin aradan qaldırılması təmin edilmirdi.

Azərbaycan SSR Nazirlər Soveti respublikamızda dövlət arxiv fondu sənədlərinin komplektləşdirilməsi, qaydaya salınması, mühafizəsi və istifadəsi sahəsində arxiv təşkilatlarının işinin yaxşılaşdırılması, görkəmli elm və incəsənət xadimlərinin şəxsi sənəd irsinin toplanılması, dövlət arxiv təşkilatları səbəkəsinin təkmilləşdirilməsi, dövlət arxivlərinin elmi-tədqiqt müəssisələri ilə kordinasiyalı fəaliyyətinin təşkili, kinofoto sənədlərin sığorta fondunun yaradılmasının zəruriliyi, idarə arxivlərinin qeyri-qənaətbəxşt vəziyyəti və digər məsələləri müzakirə edərək bu sahənin daha sürətli inkişafını təmin etmək məqsədilə 17 iyul 1965-ci ildə daha bir qərar qəbul edir.

“AzSSR-də arxiv işinin gələcəkdə daha da yaxşılaşdırılması barədə” AzSSR Nazirlər Sovetinin qərarının ölkəmizdə arxiv işinin inkişafında, onun təşkilati strukturunun təkmilləşdirilməsində və dövlət arxivləri şəbəkəsinin genişləndirilməsində müstəsna əhəmiyyəti oldu. Eyni zamanda bu qərarla Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi yaradıldı və 1966-cı ilin yanvarından fəaliyyətə başladı. Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin vəzifə və funksiyalarına görkəmli mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin, yaradıcı təşkilatların, teatr, muzey, nəşriyyat, qəzet və jurnal redaksiyalarının sənədlərinin aşkar edilməsi, arxivə komplektləşdirilməsi, qaydaya salınması, mühafizəsi və istifadəsi işinin təşkili daxil edilir.

1966-cı ildən fəaliyyətə başlayan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində hazırda Azərbaycan ədəbiyyatının, incəsənətinin və bütövlükdə mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan görkəmli şəxslərin şəxsi fondları və müvafiq profilli yüzlərlə müəssisənin idarəşilik sənədləri mühafizə edilir və elmi-tədqiqat, mədəni-maarifçilik məqsədləri üçün həmin sənədlərdən geniş istifadə olunur. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin yuxarıda adıçəkilən qərarı ilə respublikmızın dövlət arxivlərinin şəbəkəsini təsdiq edilir, Arxiv İdarəsinin nəzdində İdarə sənədlərini qaydaya salan təsərrüfathesablı qurup yaradılır, dövlət və idarə axivlərinə, elmi-tədqiqat müəssisələrinə, kitabxana və muzeylərə dövlət, ictimai, mədəniyyət və incəsənət xadimlərinin sənədlərinin qəbulu ilə bağlı məsələlərin koordinasiyası məqsədilə Arxiv İdarəsin

Aidiyyəti dovlət orqanlarına Naxçıvanda, Xankəndidə, Gəncə (Kirovabad), Şəki (Nuxa), Yevlax rayonlarında arxiv binalarının tikintisinin 1966-ci ilin planına daxil edilməsi, dövlət arxiv işçiləri üçün yaşayış binasının tikintisi işinin sürətləndirilməsi, Arxiv İdarəsinin sifarişi ilə qiymətli kinosənədlərin neqativ və pozitivlərinin sığorta fondunun yaradılması, Dövlət Elm və Texnika Sənədləri Arxivinin yaradılması ilə bağlı təkliflərin hazırlanması barədə tapşırıqlar verilir. Qərarda müəyyən olunmuş tapşırıqların icrası ölkəmizdə arxiv quruculuğunun yeni mərhələyə keçidini sürətləndirir və bu sahənin inkişafına təkan verir.

Ölkədə arxiv quruculuğunda baş verən yeniliklər, həmdə onun təşkilati strukturunun və şəbəkəsinin yenidən qurulması ilə nəticələnən instisional dəyişikliklərin həyata keçirilməsini zəruri edirdi. Bu zərurəti nəzərə alan AzSSR Nazirlər Soveti 5 sentyabr 1967-ci ildə “AzSSR-nin arxiv təşkilatlarının işinin və təşkilatı strukturunun təkmilləşdirilməsi haqqında” növbəti qərar qəbul edir. Qərar respublikamızda arxiv sənədlərinin mühafizəsi şəraitinin yaxşılaşdırılmsı, onlardan elmi-tədqiqat məqsədi ilə istifadəsi işinin səmərəli təşkili, Arxiv İdarəsinin və dövlət arxivlərinin strukturunun və şəbəkəsinin təkmilləşdirilməsi kimi aktural məsələləri həll edir.

Adıçəkilən qərarla respublikamızın rayon (şəhər) dövlət arxivlərinin bazasında Oktyabr İnqilabı və Sosializm quruculuğu Mərkəzi Dövlət Arxivinin 15 filialı yaradılır, digər rayon dövlət arxivlərinin dəyişən tərkibli sənəd materiallarının mühafizə olunduğu arxivlər kimi fəaliyyəti təşkil edilir. Naxçıvan MSSR Nazirlər Soveti yanında və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti İcrayyə Komitəsinin nəzdində Arxiv İdarələri təşkil olunur. Həmçinin respublika və yerli əhəmiyyətli idarə, müəssisə və təşkilatların sənədlərinin qaydaya salınması və dövlət mühafizəsinə təhvil vermək üçün hazırlanması işinin səmərəli təşkili məqsədi ilə dövlət arxivlərinin tərkibində təsərrüfat hesablı qrupların yaradılması barədə Mərkəzi Arxiv İdarəsinin təklifi qəbul edilir.

Dövlət Plan Komitəsinə Azərbaycan Dövlət Univeristetinin (indiki BDU) tarix fakultəsində arxivşünaslıq, orta ixtisas təhsili müəsssilərin birində isə arxivçi ixtisaslarının təşkili məsələsinə baxılması, həmçinin Dövlət arxivinin yeni binasının yanğın təhlükəzliyinin təmin edilməsi məqsədilə həmin ərazidə yerləşən yanacaq doldurma məntəqəsinin digər yerə köşürülməsi kimi vacib məsələlər qərarda öz əksini tapır. Qəbul edilmiş qərar vətənimizin mədəni sərvəti olan arxiv fondu sənədlərinin dövlət mühafizəsi, komplektləşdirilməsi və istifadəsi işinin daha səmərəli təşkilini təmin etməklə, həm də arxiv təşkilatları şəbəkəsinin genişlənməsini və çevik idarəetmə sisteminin formalaşdırılmasını təmin edir.

Həmin illərdə arxiv təşkilatları qarşısında duran vacib məsələlərdən biri də respublikamızın kolxoz və sovxozların fəaliyyətində yaranan sənədlərin arxivləşdirilməsi və mühafizəsinin təşkili məsələsi idi. AzSSR Nazirlər Soveti bu sahədə mövcud olan boşluqların aradan qaldırılması məqsədilə 19 avqust 1967-ci ildə “AzSSR-nin kolxoz və sovxozlarında arxiv materiallarının mühafizəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul edir.

Bu qərar ölkəmizin kolxoz və sovxozlarında arxiv işinin təşkilində əsaslı dönüşə səbəb olur. Qərarda aidiyyəti kənd təssərüfatı qurumlarına bütün kolxoz və sovxozlarda arxivarus ştat vahidinin yaradılması, Arxiv İdarəsinə arxivçilərin peşə hazırlığının təmin edilməsi üçün kursların təşkili, onlara elmi-metodiki köməklik göstərilməsi, kolxoz və sovxozlarda arxiv işinin aparılmasına dair təlimatın hazırlanması tapşırılır.

Qərar ölkəmizin kənd təssərüfatı müəssisələrində yaranan qiymətli arxiv fondu sənədlərinin məhv edilməsinin qarşısının alınmasında, onların qaydaya salınması və mühafizəsinin təşkilində, xüsusilə arxiv sənədlərindən istifadə olunmaqla təqaüdə çıxan kolxozçuların və qulluqcuların sosial hüquqlarının müdafiəsinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Eyni zamanda ölkəmizin kənd təsərrüfatı müəssisələrində yaranan sənədlərin elmi-tarixi və əməli əhəiyyətə malik hissəsinin dövlət arxiv fondunda cəmləşdirilməsinə müsbət təsir göstərir.

(ardı var)

Əsgər RƏSULOV,
Milli Arxiv İdarəsinin rəisi,
Həsən HƏSƏNOV,
rəis müavini



Sosial həyat