Aqrar Tədqiqatlar Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

post-img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Aqrar Tədqiqatlar Mərkəzində maarifləndirmə tədbiri keçirilib. Tədbirin məqsədi insan hüquqlarının təşviqi, müdafiəsi və təmini işinə diqqəti daha da artırmaqdır.

Tədbirdə çıxış edən Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Birliyinin sədr müavini Fuad Məmmədov bildirib ki, insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il 18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir.

Fuad Məmmədov insan hüquqları və onların təmin olunması istiqamətində dövlət səviyyəsində görülən işlər, o cümlədən aqrar sahədə çalışan işçilərin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Sonra tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev çıxış edib. O, Nazirlikdə və tabeli qurumlarda insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində görülən işlər və prioritetlər, əmək hüquqlarının qorunması barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edənlər Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı və regionlarda da əməkdaşların və fermerlərin sağlam və təhlükəsiz əmək şəraitinin təşkili və təmin edilməsinə xüsusi diqqət yetirildiyi, bu istiqamətdə maarifləndirmə tədbirlərinin, təlimlərin keçirildiyini diqqətə çatdırıblar.

Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.











Sosial həyat