Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının, vətəndaş rifahının təminatına xidmət edir” mövzusunda tədbir keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, ictimai-siyasi və elm xadimləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və b. iştirak edib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə mərkəzdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan sərgi ilə tanış olublar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın uğur və qələbələrinin başlanğıc tarixi olan bir gün olduğunu vurğulayıb. Nazir bildirib ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı ölkəmizi dövlət müstəqilliyinin itirilməsi, vətəndaş qarşıdurması, ölkənin parçalanması kimi böyük təhlükələrdən xilas edib.
Anar Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin ölkədə sosial inkişafın təmin edilməsi istiqamətində mühüm xidmətlərini diqqətə çatdırıb. Ulu Öndər tərəfindən 1993-2003-cü illərdə əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan artıq sənəd imzalandığını, 1995-2003-cü illərdə ölkədə pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, orta aylıq əməkhaqqının 6 dəfədən çox artdığını qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının, vətəndaş rifahının təminatına xidmət edən müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının müəllifidir. 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyamızda xalqın rifahının yüksəldilməsi, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin məqsədləri kimi bəyan olunur.
Nazir Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətləri qeyd edib. Zəfər zirvəsinə yüksələn, ərazi bütövlüyü və suverenliyi tam bərpa edən ölkəmizdə dövlət başçısının tapşırıqları ilə son illər icra olunan ardıcıl sosial islahatların uğurlarını, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının nailiyyətlərini diqqətə çatdırıb. Habelə dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması sahələrində son illər əldə olunan uğurlardan bəhs olunub.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızın bütün sahələrdə inkişafı üçün göstərmiş olduğu misilsiz tarixi xidmətlərdən bəhs edib. O, 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkəmizin böyük təhlükələrdən xilas olduğunu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı uzunmüddətli inkişaf yoluna çıxardığını vurğulayıb. Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Noçuyevin atası, Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Əbdül Noçuyev Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərlə bağlı qürur hisslərini bölüşüb.
Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamızın ehtiva etdiyi ali dəyərləri diqqətə çatdırıb. O, Əsas Qanunun ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməli olduğunu vurğulayıb. Professor, əməkdar elm xadimi Şahlar Əsgərov Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin, milli dəyərlərimizin qorunmasında müstəsna xidmətlərindən bəhs edib. Ulu Öndərin uğurlu daxili və xarici siyasətinin, sosial, elm, təhsil, mədəniyyət sahələrində həyata keçirdiyi islahatların nailiyyətlərini diqqətə çatdırıb. Vətən Müharibəsi Qəhrəmanları polkovnik-leytenant Ceyhun Camalov və XTQ-nin ehtiyatda olan mənsubu, mayor Zaur Hüseynov ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası uğrunda döyüşlərdə ordumuzun keçdiyi şərəfli döyüş yolunu vurğulayıblar.
Tədbirdə Ulu Öndərimizin müəllifi olduğu ilk milli Konstitusiyamızın ölkədə sosial inkişafın, vətəndaş rifahının təminatı, sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət etməsindən bəhs olunub. Sonra tədbir iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının ifalarından ibarət inklüziv konsert proqramını izləyiblər.