Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı yan tədbir keçirilib.
Tədbir Türk dünyasında ailənin önəmindən bəhs edən video-çarxın nümayişi ilə başlayıb.
Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş salamlama nitqi ilə çıxış edərək türk dünyasının ortaq dəyərlərindən biri olan ailəni qorumağın və gələcək nəsillərə daşımağın vacibliyini qeyd edib.
Vurğulayıb ki, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin “Ailə İli” elan edilməsi, bu sahədə Türkiyənin qətiyyətini və baxışını əks etdirir: “Eləcə də, ötən il Türkiyədə ilk dəfə həyata keçirdiyimiz ailə və sosial siyasət sahəsindəki görüşlər, Türk dünyasında ailə siyasətinə dair əməkdaşlığın güclənməsinə mühüm töhfələr vermişdir”.
Nazir bildirib ki, Türk dövlətləri, ortaq tarix və mədəniyyət zəminində ailə mərkəzli siyasətlər ətrafında birləşərək bu sahədə əməkdaşlığı gücləndirir. Bu isə ailənin qorunması və gücləndirilməsi istiqamətində atılan addımlar gələcəyin formalaşmasında böyük rol oynayacaq.
O, yan tədbirlərin təşkili və bu mövzuda əməkdaşlığın inkişafında Azərbaycanın xüsusi rolu vurğulayıb və görüşün Türk Dövlətləri Təşkilatı üçün faydalı olacağına inamını ifadə edib.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova hər kəsi salamlayıb və Bakıda görməkdən məmnunluğunu ifadə edib. O, qardaş Turkiyənin ailə və demoqrafik tərəqqini hədəfləyən addımlarını və bu sahədəki qətiyyətli mövqeyini alqışlayıb.
B.Muradova bildirib ki, ailə dəyərlərinin qorunması artıq təkcə mədəni məsələ deyil, həm də strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan bu reallıqları nəzərə alaraq ailə siyasətini daim yeniləyir və onu zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirir: “Fəaliyyətimizin mərkəzində ailə institutunun möhkəmləndirilməsi, qadınların və uşaqların rifahı, gender bərabərliyi və rəqəmsal mühitdə təhlükəsizlik dayanır”— deyə Komitə sədri vurğulayıb.
Muradova TDT çərçivəsində ailə siyasətləri üzrə əməkdaşlığın gücləndirilməsini vacib hesab etdiklərini qeyd edib. O, ortaq layihələrin həyata keçirilməsi, daimi əlaqələndirmə imkanlarının nəzərdən keçirilməsi, gənc ailələr və valideynlər üçün ortaq təlim və maarifləndirmə platformalarının yaradılması kimi təşəbbüsləri dəstəklədiklərini bildirib.
Sədr, xüsusilə ortaq elmi tədqiqatların və məlumat mübadiləsinin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, bu cür əməkdaşlıq ailə siyasətlərinin daha uyğun və effektiv şəkildə formalaşmasına töhfə verəcək.
Gənclərin ailə dəyərləri ilə bağlı daha çox maarifləndirilməsinə ehtiyac olduğunu vurğulayan B.Muradova, bu baxımdan, Gənc Ailə Forumu kimi təşəbbüslərdən yaranan müsbət sinerji, gənclərin ailəyə bağlılığını və ailə həyatına hazırlığını artırmaq üçün mühüm platformaya çevrilə biləcəyini əlavə edib.
Rəqəmsal transformasiyanın yaratdığı imkanlar və risklər fonunda ailələrin, xüsusilə uşaqların informasiya təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayan Komitə sədri, rəqəmsal savadlılıq sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.
Sədr çıxışında yaşıl inkişaf kontekstində ailə siyasətlərinə yeni yanaşmaların daxil edilməsinin də əhəmiyyətini qeyd edib. O, ailə daxilində ekoloji dəyərlərin təşviqi və qadınların yaşıl iqtisadiyyatda iştirakı sahəsində birgə layihələrin aktuallığını vurğulayıb.
Muradova, həmçinin postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sürətlə aparılan bərpa və quruculuq işlərindən bəhs edərək, yeni sosial infrastrukturun qurulmasının ailə, qadın və uşaq rifahını prioritetə çevirdiyini bildirib. Bu prosesin TDT ölkələri ilə əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb.
Sonda Bahar Muradova, Türk Dövlətləri Təşkilatının “ailə” anlayışını gələcəyin əsas dayağı kimi qəbul etməsini təqdir etdiklərini bildirib və ortaq dəyərlər, ortaq məsuliyyət, ortaq gələcək prinsipi əsasında əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiq olduqlarını bəyan edib.
Daha sonra Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə Naziri Sadık Gardiyanoğlu, Türkmənistanın Əmək və Sosial Müdafiə nazirinin müavini Halbibi Tachjanova, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin sədri Kairat Kambarov və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Ailə və Gənclər Məsələləri Komitəsinin sədri cənab Kayrat Kambarov, və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocamanın çıxışları dinlənilib.
Tədbir müzakirələrlə davam edib.