Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Gəncə şəhərində təşkilatın 28 May - Müstəqillik günü ərəfəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının Konstitusiyasının və Suverenliyinin banisidir” mövzusunda regional konfransı keçirilib.
Konfransda Gəncə ilə yanaşı, ölkəmizin qərb bölgəsi – Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, habelə Kəlbəcər rayonu üzrə Azərbaycan Ağsaqqallar Şurasının, YAP-ın və gənclər təşkilatlarının rəhbər şəxsləri və üzvləri, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, eləcə müəllim və tələbələr iştirak ediblər.
Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açaraq konfrans iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Əhməd Məlikov Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixli Sərəncamının müddəalarından bəhs edib. Ölkə başçısının rəhbərliyi ilə qüdrətli Azərbaycanın davamlı inkişafı, dünya ölkələri arasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında Ulu Öndər Heydər Əliyev ideyalarının əvəzsiz rol oynadığını vurğulayıb.
Regional konfransda digər natiqlərlə yanaşı, Respublika Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov da çıxış edərək Azərbaycanın müstəqillik mübarizəsi tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıb. Hələ sovetlər dövrünün mövcud olduğu 17 noyabr 1990-cı ildə dahi rəhbərin qətiyyəti sayəsində üçrəngli bayrağımızın Naxçıvanda rəsmən ucaldılmasını milli azadlıq hərəkatında, müstəqilliyə gedən yolda böyük tarixi hadisə kimi dəyərləndirib. Vurğulayıb ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderimizin uğurlu strategiyasının yüksək səviyyədə davam etdirilməsi və Konstitusiyamızın real həyatda tam tətbiqi nəticəsində suverenliyini bərpa edən ölkəmiz hazırda davamlı inkişaf edir, qüdrətlənir, beynəlxalq nüfuz sahibi olur. Çıxışının sonunda natiq əmin olduğunu bildirib ki, müasir, müstəqil, suveren Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacaq və biz ağsaqallar hər zaman, hər sahədə möhtərəm Prezidentimizi qətiyyətlə dəstəkləyəcəyik.
Sonra konfrans digər tədbir iştirakçılarının maraqlı çıxışları və səmərəli müzakirələri ilə davam edib.