Mayın 18-də “Ümid yeri” uşaq sığınacağında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsində həlak olan kapitan-pilot İqor Kşnyakinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, öncə Vətən uğrunda bütün şəhidlərin və AZAL-a məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsində həlak olan Milli qəhrəmanlar - kapitan-pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökumə Əliyevaya və sərnişinlərin xatirəsi bir dəqiqəlik sükütla anılıb.
Sonra tədbirdə çıxış edən Milli Qəhrəmanın qızı Natalya Kşnyakina atasının həyatı boyu xeyirxah insan olduğunu və uşaqları çox sevdiyini diqqətə çatdırıb. "Mənim üçün bu gün sadəcə bir tarix deyil. Bu, atamla xüsusi bir əlaqə hiss etdiyim gündür. O, şərəfli, səmimi və qayğıkeş insan idi. O, həmişə çətinliyə düşənlərə kömək etməyə çalışırdı. Bu gün mən onun yolunu davam etdirmək üçün buradayam - əməllərimlə, diqqətimlə, xeyirxahlığımla. İnanıram ki, kiçik bir hərəkət də kiminsə həyatını dəyişdirə bilər. Əgər heç olmasa bir uşağa bu gün hiss etdirə bilsək ki, o, tək deyil, deməli, atamın xatirəsi əbədi yaşayacaq”, - deyə Natalya Kşnyakina bildirib.
“Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsimova bildirib ki, ötən ilin sonunda bu xəbər ölkəmizin hər bir vətəndaşını kədərinə səbəb olub. “Bu, təkcə sizin ailənin deyil, həm də bizim dərdimizdir. Çünki onlar kimi təcrübəli insanlar daima lazımdırlar. Həmin hadisə zamanı qəhrəmanlıq göstərən, canından keçərək, həmin təyyarədəki insanların həyatını düşünərək öz adlarını tarixə yazan qəhrəmanlar heç zaman bu xalqın yaddaşından silinməyəcəklər”, - deyə N.Mənsimova əlavə edib.
Tədbirdə “Ümid yeri” uşaq sığınacağının sakinləri Milli qəhrəmanların xatirəsinə həsr olunmuş musiqi kompozisiyası təqdim ediblər.
Sonra bütün şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Qeyd edək ki, mayın 19-da Milli Qəhrəman - kapitan-pilot İqor Kşnyakinin anadan olmasının 63-cü ildönümü qeyd ediləcək.