Mayın 16-da Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşi doğulduğu kəndə gətirilib.
Əvvəlcə doğulduğu evdə şəhidlə ailə üzvlərinin vida mərasimi keçirilib.
Sonra şəhidin nəşi Şərur şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Mərasim zamanı "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib, "Qurani-kərimdən" ayələr və Dövlət Himni oxunub, havaya yaylım atəşi açılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, qazilər, icra hakimiyyətinin əməkdaşları, hökumət, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.