ATU-da Tibb Festivalı

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və Azərbaycan Tibb Universitetinin 95 illik yubileyinə həsr olunmuş Tibb Festivalında Türkiyə, Özbəkistan və Belarusdan gəlmiş alimlər də iştirak ediblər. Aktual elmi mövzular müzakirə edilib.

Əvvəlcə qonaqlar Tibb Festivalının sərgi və startap guşəsinə baxıblar. Sonra açılış mərasimi olub. ATU-nun rektoru, professor Gəray Gəraybəyli az qala 1 əsr əvvəl bu ali məktəbin yaradılmasını ölkəmizdə səhiyyənin və tibb təhsilinin inkişafı tarixində önəmli bir dönüş nöqtəsi kimi qiymətləndirib. Rektor Ulu öndərin elmə, təhsilə, xüsusilə də tibb sahəsinin inkişafına böyük diqqət və qayğı ilə yanaşdığını, Azərbaycan Tibb Universitetinin inkişafını strateji əhəmiyyətli bir məsələ kimi dəyərləndirib. Heydər Əliyev ideyalarının sədaqətli davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 3 dəfə universitetin tələbə-gəncləri, professor-müəllim heyəti ilə görüşdükləri, eləcə də ATU-nun nəzdində yeni klinikaların təməlqoyma və açılış mərasimlərində iştirak etdikləri də minnətdarlıqla xatırlanıb.

Rektor qeyd edib ki, müasir dövrdə ATU-nun fəaliyyəti böyük nailiyyətlərlə müşayiət olunur. Burada 1500-dən çox əməkdaş çalışır, akademiklər, AMEA-nın müxbir üzvləri, Əməkdar elm xadimləri fəaliyyət göstərir. Universitetdə 7500 tələbə təhsil alır ki, onların 3000-ə yaxını 45 ölkədən olan əcnəbi tələbələrdir. Bu göstərici həm də Azərbaycan Tibb Universitetinin dünya akademik ailəsində artan nüfuzunun və beynəlxalq əlaqələrinin göstəricisidir. Bu gün ATU-nun məzunları dünyanın dörd bir yanında peşəkar fəaliyyət göstərir, ölkəmizi layiqincə təmsil edirlər. Hazırda universitet “EduRank” və “H-index Azerbaijan” kimi nüfuzlu beynəlxalq platformalarda yüksək mövqe tutmağa çalışır, 25-dən çox ölkə və 110-dan artıq universitet və elmi təşkilatla əməkdaşlıq edir. Son illər aparılan islahatlar tədrisin keyfiyyətinin artırılması və rəqəmsallaşmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə, tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsinə xidmət edib. ATU “Tədqiqat universiteti” statusunun əldə olunması, infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi, startap təşəbbüslərinin genişləndirilməsi istiqamətində işləri də intensivləşdirib.

Sonra ATU-nun tarixi inkişaf yolundan bəhs edən “95 ilin işığında” film, nümayiş olunub. Ardınca isə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Türkiyənin Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Kəmaləddin Aydın, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, professor Nazim Qasımov, Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev, Belarus Dövlət Tibb Universitetinin rektoru Sergey Rubnikoviç və Buxara Dövlət Tibb Universitetinin rektoru, professor Şöhrət Taşayev təbrik nitqi ilə çıxış edərək festivalın işinə uğurlar arzulayıblar.

ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə Səmərqənd Dövlət Tibb Universitetinin fəxri professoru diplomu təqdim edilib.

Tibb Festivalının açılışında musiqiyə də yer verilib. Xalq artisti, “Şöhrət” ordenli professor Mənsum İbrahimov bayrama daha şən ovqat qatıb. Onu tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov müşayiət ediblər.

Növbəti günlərdə Tibb Festivalı öz işini paralel panel sessiyalarla davam etdirəcək. Festival çərçivəsində “ATUREK 13” konfransı və ATU Tələbə Elmi Cəmiyyətinin yekun konfransı da keçiriləcək.

Qəzənfər QASIMOV
XQ

Sosial həyat