“e-bülleten” sisteminə keçid
Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən tətbiq edilən innovativ yenilik olaraq, mayın 1-dən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” qurumun və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq.
Bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək.
Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.
Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib. Nəticədə işəgötürənlər bu e-bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.
“E-bülleten” sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərat yaradır.
8,7 min uşağa bərpa xidmətləri göstərilib
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən cari ilin birinci rübündə əlilliyi olan 8 min 700 uşağa bərpa xidmətləri göstərilib.
Onlardan 5 min 900 nəfəri ambulator, 431 nəfəri stasionar, digərləri icma əsaslı, onlayn və səyyar xidmətlərə cəlb olunub.
Bu kateqoriyadan olan uşaqlar agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, habelə Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində bərpa xidmətləri ilə təmin edilirlər.
3 beynəlxalq mükafat
Dövlət Əmək Müfəttişliyi Xidməti “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində 3 nominasiya üzrə uğur qazanıb.
Böyük Britaniyada yerləşən “The International 100 Magazine” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə xidmətin fəaliyyət istiqamətləri üzrə aparılan islahatlar, “Əmək və Məşğulluq” altsistemi, maarifləndirmə tədbirləri beynəlxalq ekspertlər tərəfindən yüksək qiymət alıb.
Beləliklə, DƏMX “Korporativ Sosial Məsuliyyət”, “İlin Əmək Müfəttişliyi Xidməti” və “Rəqəmsal İnnovasiya” nominasiyaları üzrə mükafatlara layiq görülüb və adı müsabiqənin qalibləri sırasına daxil edilib.
Müsabiqədə DƏMX ilə yanaşı, Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit okean hövzəsi regionundan 500-dən çox qurum iştirak edib.
Zərifə HÜSEYNOVA
XQ