Azərbaycan qadını tarixin bütün dönəmlərində öz yüksək keyfiyyətləri ilə seçilib, təqdir olunub. Bütün bu keyfiyyətlər içərisində ən üstün məqam isə qadınlarımızın cəmiyyət, insanlıq üçün faydalı olmasındadır. Bu mənada tam əminliklə demək olar ki, akademik Zərifə xanım Əliyeva tək Azərbaycan tarixi üçün deyil, bütövlükdə dünya üçün əsl qadın örnəyidir. Tarixdə iz qoymuş yenilikçi həkim kimi şəxsiyyətində işıq daşıyan Zərifə xanım, eyni zamanda, alim olaraq özünü dünya tibbi üçün təsdiqləyərək mütərəqqi Azərbaycan qadınının bəşəri obrazını nümayiş etdirməyi bacardı. Zərifə xanım oftalmologiya elminin inkişafında müstəsna xidmətlər göstərərək o zaman geniş yayılmış traxomanın müalicəsində inqilabi elmi ixtiraları ölkəmizdə deyil, dünya miqyasında birmənalı şəkildə qəbul olundu.
O, oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, nadir elmi əsərlərin, monoqrafiya, dərsliklərin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi gerçəkdən böyük alim idi.
Həkim kimi şəfa verdiyi xəstələrə yüksək insani münasibət göstərən Zərifə xanım tələbələrinə də ana qayğısı ilə yanaşırdı. O, yüksək elmi potensialı ilə ölkəmizdə oftalmologiya sahəsində məktəb qura bildi. Kamil alim kimi zülmətə, qaranlığa meydan oxuyan akademik ölkəmizdə oftalmologiya elminin fundamental əsaslarını yaratdı, müəllim kimi xüsusi rəğbət qazandı və dünyaca şöhrətli alimimiz, böyük müəllim, unudulmaz şəxsiyyət kimi tibbin- oftalmologiyanın istinad nöqtəsinə çevrildi.
Azərbaycan mentalitetinin ideal həyat yoldaşı və ana obrazını özündə daşıyan bir xanımın elm xadimi kimi də dünyanı fəth etməsi səhiyyəmiz üçün qürurverici hadisə oldu.
Zərifə xanım məhz bu mənada hər zaman bəşəri dəyərlərdə ideal xanım - şəxsiyyət obrazını qoruyub saxlaya bildi.
Aprelin 15-i Zərifə xanım Əliyevanın anım günüdür. Həyatının böyük hissəsini səhiyyəmizin inkişafına həsr edərək qaranlıqla mübarizədən qalib ayrılan Zərifə xanımın işıqlı həyatı hər birimiz, şəxsən mənim üçün etalon, örnəkdir. Onun elmi yanaşmaları, dərslikləri, əsərləri bu gün durmadan inkişaf edən milli səhiyyəmizin sərvətidir.
Bununla yanaşı, Zərifə Əliyeva xalqın həyatında müstəsna xidmətlər göstərərək əbədiyyət qazanmış Ulu öndərin ömür-gün yoldaşı, təkcə qonşu düşmən ölkə ilə deyil, səlibçi dünya ilə döyüşərək Azərbaycanın ərazi bütövlüyünü tam təmin edərək evimizə zəfər gətirən, tarixi haqqımızı bizə qaytaran Qarabağ fatehinin, ümumxalq Qəhrəmanının anasıdır. Bugünkü qüdrətimiz, bütövlüyümüz və bunun ardınca yaşadığımız milli xoşbəxtliyimiz Zərifə xanımın ana kimi tərbiyə etdiyi Sərkərdənin tarixi xidmətidir. Ona görə də Zərifə xanım alim, ziyalı, ictimai xadim, ANA kimi ucalıqdadır və həmişə o yüksəklikdə sevgi ünvanı kimi qalacaq. Dədə Qorqud demişkən, Ana haqqı, Vətən haqqı!
Rəşad Mahmudov,
Milli Məclisin deputatı