Andrey Sibiqa: Türkiyə ilə Ukraynanın təhlükəsizlik təminatında iştirakı müzakirə olunub

post-img

Türkiyə bizim ən mühüm strateji tərəfdaşlarımızdan biridir. Türkiyə təmsilçiləri ilə görüşlər zamanı Qara dənizdə təhlükəsizlik və ola bilsin ki, Türkiyənin Ukraynanın gələcək infrastrukturunda, gələcək təhlükəsizlik təminatlarında iştirakı müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Ukrinform”a müsahibəsində bildirib. “Biz sülh səylərimizi dəstəkləməkdə Türkiyənin fəal roluna ümid etməyə davam edirik. Biz bu səyləri alqışlayırıq. Türkiyə Qara dəniz bölgəsində çox mühüm rol oynayır. Əsirlərin azad edilməsində Türkiyə bizə kömək etdi və bütün bunlar gündəmdə qalır. Ona görə də biz yalnız strateji tərəfdaşımız Türkiyə ilə ikitərəfli əlaqələri dərinləşdirəcəyik”, - deyə Andrey Sibiqa əlavə edib.

Nazirin sözlərinə görə, Antalyada ikitərəfli və çoxtərəfli görüşlərin, müzakirə panellərində iştirakın nəticələrindən aydın olan odur ki, hər kəs Ukraynada müharibəyə ədalətli şəkildə son qoymağın zəruriliyini və vacibliyini dərk edir. “Onlar Ukrayna üçün hərtərəfli və ədalətli sülhün əldə edilməsini, bu səbəbsiz müharibəyə son qoymaq və Rusiya təcavüzünü dayandırmaq üçün bu yolda Ukraynanın səylərini artırmaq zərurətini dəstəkləyirlər”,- deyə XİN başçısı bildirib.

Andrey Sibiqa qeyd edib ki, Rusiyadan müharibənin dayandırılması istiqamətində ilk addım kimi Amerika tərəfinin atəşkəs yaratmaq təkliflərinə aydın cavab, qeyd-şərtsiz cavab verməsi tələb edilməlidir. “Bunu Rusiyadan tələb etmək lazımdır. Biz gəlib mövqeyimizi bildirəndə isə həmsöhbətlərimiz yanaşmalarımızı dəstəkləyir. Onlar aydın görür və başa düşürlər ki, ədalətli sülhün əldə olunmasına maneə olan Ukrayna deyil.

Biz Ciddədə Amerika tərəfinin təklifini qəbul etdik, Rusiya isə yalnız Ukraynanın mülki obyektlərinə hücumları artırdı və enerji obyektlərinə zərbələr də daxil olmaqla raket terrorunu gücləndirdi. Bizdə statistika var. Dünən Ciddə görüşündən düz bir ay keçmişdi. Bundan sonra ruslar Ukraynada 70-ə yaxın raket, 2200-dən çox “Şahed” tipi dron və 6000-dən çox bomba atıb”, - deyə nazir vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Dünya