Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tədbir keçirilib

post-img

Baş prokurorun müavini - Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə orqanlarında göstərdiyi yüksək peşəkarlığı, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının müdafiəsində, xüsusilə də Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib.

Xanlar Vəliyevə Azərbaycan Prezidentinin 2025-ci il 17 mart tarixli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisləri Natiq Hüseynov, Mahir Abbasov, Hərbi prokurorun müavini Şəfahət İmranov və digərləri Xanlar Vəliyevlə bağlı xoş sözlər söyləyiblər.

Öz növbəsində Xanlar Vəliyev çıxış edərək dövlətimizin başçısına təltif olunmasına görə dərin və səmimi minnətdarlığını bildirib, həmçinin prokurorluq orqanlarındakı fəaliyyətinə göstərilən xüsusi diqqətə və verilən qiymətə görə təşəkkür edib.

Məlumat üçün bildiririk ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Əmək fəaliyyətinə Gəncə Şəhər Prokurorluğunun baş müstəntiqi və şəhər prokurorunun köməkçisi kimi başlayan Xanlar Vəliyev daha sonra Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində çalışıb, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

2005-ci il 10 fevral tarixli Azərbaycan Prezidentinin Sərəncamı ilə Baş prokurorun müavini –Hərbi prokuror vəzifəsinə təyin edilən Xanlar Vəliyev hazırkı vaxtadək həmin vəzifədə çalışıb.

Prokurorluğun fəxri işçisi və hüquq üzrə fəlsəfə doktoru olan Xanlar Vəliyev xidmətləri dövründə dövlətimizin ali rəhbərliyi tərəfindən, habelə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bir sıra mükafatlara layiq görülüb.

O, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Vətənə xidmətə görə” 2-ci və 1-ci dərəcəli ordenləri, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib, həmçinin “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.





Sosial həyat