ATİAHİ Respublika Komitəsindən növbəti bayram düşərgəsi

post-img

Müqəddəs Ramazan ayında  Novruz bayramı münasibətilə təşkil ediləcək düşərgəyə 700-ə yaxın ittifaq üzvü cəlb olunub

Komitədən XQ-ə verilən məlumata görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsi  müqəddəs Ramazan ayında Novruz  bayramı münasibətilə “Novruz 2025” adlı düşərgə təşkil edib. 

Xaçmaz rayonunun Xuray kəndində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil olunan düşərgədə 350-yə yaxın təhsil işçisi,həmçinin həmkarlar ittifaqının üzvü olan  300 nəfərdən artıq ali məktəb tələbələri iştirak edəcəklər. 

Düşərgədə ilk 5 gündə, yəni  martın 21-dən 25-dək məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçiləri, ikinci mərhələdə, yəni, martın 26-dan 31-dək isə müxtəlif ali təhsil müəssisələrindən olan tələbələr iştirak edəcəklər. Düşərgə çərçivəsində bayram proqramları ilə yanaşı, iştirakçıların bilik və bacarıqlarının inkişafına yönəlmiş intellektual oyunların və maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub.

Düşərgənin açılış mərasimində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev çıxış edərək ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. T.Abdullayev düşərgədə iştirak edən respublikanın müxtəlif bölgələrindən olan məktəbəqədər təhsil müəssisələrində çalışan ittifaq üzvlərinə xoş istirahət və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Martın 21-dən 25-dək “Novruz-2025”  düşərgəsi iştirakçılara vaxtlarını səmərəli keçirmək,  istirahət, məktəbəqədər təhsil işçilərinin uşaqları üçün isə rəngarəng əyləncə proqramı kimi imkanlar təqdim edəcək. “Novruz 2025” bütövlükdə  iştirakçıların sosial inkişafını dəstəkləməklə yanaşı, onların komanda işi və yaradıcılıq bacarıqlarının artırılmasına şərait yaradacaq.

Beş günlük proqram çərçivəsində məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçilərinin iştirakı ilə mədəniyyət və incəsənət tədbirləri, əyləncəli şou proqramlar təşkil olunacaq, komanda quruculuğuna dair fəaliyyət istiqamətində əməkdaşlıq və ünsiyyət bacarıqları müzakirə ediləcək. Həmçinin düşərgə iştirakçıları üçün psixoloji dəstək seminarları keçiriləcək.

Düşərgənin ikinci mərhələsində, yəni martın 26-dan 31-dək tələbələr üçün  istirahətlə yanaşı, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə  intellektual bacarıqlarının təqdimatı üçün geniş imkanlar yaradılacaq. Ümumiyyətlə, “Novruz 2025” düşərgəsi gənclərin təfəkkürünün sosial və akademik inkişafını dəstəkləməyi, o cümlədən onların liderlik, komanda işi və yaradıcılıq bacarıqlarını artırmağı hədəfləyir. Burada tələbələr üçün komanda ruhunun və fiziki aktivliyinin artırılması üçün müxtəlif idman yarışları, onların analitik düşüncə və məntiqi təhlil qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edən  intellektual oyunlar, mədəniyyət və incəsənət tədbirləri, eyni zamanda, iştirakçıların natiqlik qabiliyyələrinin peşəkar inkişafı, liderlik, şəxsi bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlər təşkil olunacaq.

Bir sözlə, “Novruz-2025”  düşərgəsi gənclərə yeni dostluqlar qurmaq, fərqli təcrübələr qazanmaq və özünü inkişaf etdirmək üçün unikal bir platforma təqdim edəcək.

























Sosial həyat