14 mart ekoloji təqvim günü olaraq Beynəlxalq Çaylar Günü və ya Çaylar üçün Beynəlxalq Hərəkat Günü kimi qeyd olunur. Bu gün dünyanın su ehtiyatlarının qorunması, çayların ekoloji vəziyyətinin yaxşılaşdırılması və çay hövzələrində yaşayan insanların hüquqlarının müdafiəsinə həsr olunur.
1998-ci ildən qeyd olunan Beynəlxalq Çaylar Günü ekoloji təqvim günü kimi beynəlxalq ictimai diqqəti planetimizin ən vacib ekosistemlərindən biri olan çayların ekoloji problemlərinə yönəldir.
Çaylar içməli su, kənd təsərrüfatı, sənaye və enerji istehsalı üçün əsas mənbədir, həmçinin biomüxtəlifliyin qorunmasında, iqlim dəyişməsi ilə mübarizədə mühüm rol oynayır.
Ölkəmizin çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir və bunlardan ən böyüyü Kür çayıdır. Kür çayı mənbəyini Türkiyənin Qızılgədik dağından (2740 m) götürür, Gürcüstandan keçərək Azərbaycana daxil olur. Kür çayının 906 km-i Azərbaycan Respublikasının ərazisindən keçir və Neftçala rayonunda Xəzər dənizinə tökülür.
Ən böyük çaylarımız olaraq Araz, Samurçay, Qabırrıçay, Qanıxçay, Tərtərçay, Kürəkçay və digər çayları misal gətirmək olar ki, bunlar da respublikamızın bərpa olunan şirin su ehtiyatlarında önəmli yer tutur.
Çaylar ölkənin təbii və milli sərvətidir. Onların qorunması hər bir vətəndaşın borcudur. Çaylarımızı qoruyaq, gələcəyimizi təmin edək!