FHN-nin Şimal-qərb Regional Mərkəzi Qəbələ aeroportunda təlim keçirib

post-img

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ Beynəlxalq Aeroportunda “Hava limanında mümkün fövqəladə hadisələr zamanı fəaliyyət” mövzusunda təlim keçirilib.

Təlim Qəbələ Beynəlxalq Aeroportunda həyata keçirilən müvafiq təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması, fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.

Təlimdə şərti olaraq cari texniki təmir işləri aparılan zaman anidən yaranmış yanğın hadisəsinin baş verməsi, həmçinin hava limanının sərnişin gözləmə zalında şərti yanğın məlumatına əsasən həyata keçirilən yanğın-xilasetmə əməliyyatı simulyasiya edilib.

Təlimə ümumilikdə 46 nəfərdən ibarət şəxsi heyət və 9 ədəd texnika cəlb edilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

P.ƏMİRCANOV
XQ





Sosial həyat