Azərbaycanın Malayziyadakı səfirliyinin təşkilatçılığı ilə Malayziya Beynəlxalq İslam Universitetinin Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutunda təhsil alan tələbələr üçün iftar süfrəsi açılıb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, iftarda universitetin müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan 100-dən çox tələbəsi iştirak edib. Beynəlxalq İslam Universitetinin rektoru professor Osman Bakarın da iştirak etdiyi tədbirdə müqəddəs Ramazan ayının mahiyyəti və insanlara qazandırdığı mənəvi üstünlüklərdən söz açılıb. Səfirliyin müşaviri E.Salmanov İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda Ramazan ayı ənənələri barədə məlumat verib, bu ayın mənəvi mənalarından birinin də həmrəylik və birlik kimi insani dəyərlərin möhkəmləndirilməsi olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin, milli və dini mənsubiyyətinə görə soyqırımına məruz qalan insanların, o cümlədən Xocalı soyqırımının, 1918-ci il mart qırğınlarının, 20 Yanvar hadisələrinin qurbanlarının əziz xatirəsi də anılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin