Abşeron rayonu, Masazır kənd 3 nömrəli tam orta məktəbdə "Ədəbiyyat ruhun qidasıdır" adlı ədəbi-bədii görüş keçirilib. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin Poeziya sektorunun müdiri, tanınmış şair İbrahim İlyaslı, Beynəlxalq "Alaş" Ədəbiyyat mükafatı laureatı şair-publisist Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı şair-publisist İntiqam Yaşar, Azərbaycanın Əməkdar artisti, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Rauf Ağakişiyev, AYB üzvü şair Hikmət Fərzəli, AYB üzvü şair Novruz Qələndərli, məktəb rəhbərliyi, gənc ədəbiyyatşünaslar, müəllim və şagirdlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Gülnarə Allahverdiyevanın salamlama nitqindən sonra söz qonaqlara verilib, qonaqlar çıxış edərək ədəbiyyatımızın həm keçmişi, həm bu günü ilə bağlı fikirlərini bölüşüb, eyni zamanda şeirlər səsləndiriblər.
Sonra şagirdlər qonaqlara öz suallarını ünvanlayıb, tədbirdə qonaq olan ədəbiyyat nümayəndələrinin yaradıcılıqlarından şeirlər söyləyiblər.
Tədbirin sonunda məktəbin direktoru Gülnarə Allahverdiyeva dəvəti qəbul edib şagirdlərlə görüşə gəldiklərinə görə qonaqlara kollektiv adından bir daha təşəkkür edib. Xatirə fotosu ilə tədbirə yekun vurulub.
Z.HÜSEYNOVA
XQ