"Sumqayıt hadisələri əvvəlcədən düşünülmüş bir ssenari idi"

post-img

Ermənilər tarix boyu yalan və saxtakarlıqlara əl ataraq ölkəmizə qarşı əsassız iddialar irəli sürüblər. Bu absurd iddialardan biri də elə Sumqayıt hadisələri ilə bağlıdır. Ermənilər o zaman SSRİ dövründə Azərbaycana qarşı planlaşdırılmış və ermənilərin əli ilə törədilmiş təxribat hadisələrini sanki onların faciəsi kimi qələmə verməyə çalışıblar.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, 1988-ci il fevralın 27-29-da Sumqayıtda baş vermiş hadisələrin ssenarisi əvvəlcədən hazırlanmışdı: “Həmin günlər ermənilər Sumqayıtda özlərinə xas olan bir şou yaratdılar. Belə ki, onlar tərəfindən qabaqcadan hazırlanmış plan əsasında və onların bilavasitə iştirakı ilə fevralın 28-29-da Sumqayıtda baş verən kütləvi iğtişaşlar nəticəsində 26 erməni, 6 azərbaycanlı qətlə yetirilmişdi, müxtəlif bədən xəsarəti alan 198 nəfərin 87 nəfəri isə xəstəxanaya yerləşdirilmişdi. Bundan başqa, hadisələr zamanı 60 mənzil qarət edilmiş,14 avtomaşın yandırılmış, 8 avtomaşın zədələnmiş, 16 ticarət obyektinin şüşələri qırılmış. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17 avtomaşını əzilmişdi. Bir xüsusi məqam da ondan ibarətdir ki, Sumqayıtda evlərinə hücum edilənlər məhz “Krunk” təşkilatına pul ödəməyən ermənilər olublar”.

S.Salmanova bildirib ki, aparılan araşdırmalar və şahid ifadələri təsdiq edir ki, hadisələrin təşkilatçısı, iki dəfə məhkum edilən Eduard Qriqoryan olub: “Təsadüfi deyil ki, SSRİ Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə keçmiş müstəntiq Vladimir Kaliniçenko da müsahibələrində Qriqoryanın cinayətkar kütləni yönləndirən şəxs olduğunu təsdiqləmişdi: “Qriqoryan cinayətkar kütləni yönləndirən şəxs idi. Həbs olunmasına qədər şahidlərin ifadələrinə görə o, gah ləzgi, gah dağıstanlı, gah da avar kimi – bir sözlə, Şimali Qafqaz nümayəndəsi kimi göstərilirdi.” Çoxsaylı şahid ifadələri həmçinin təsdiqləyir ki, o, şəxsən 6 nəfəri öldürüb və erməni millətindən olan 3 qadına təcavüz edib. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb".

“Bir məsələni də diqqətə çatdırım ki, 2019-cu ildə Sumqayıtın 70 illiyi ilə bağlı tədbirdəki çıxışında dövlətmizin başçısı İlham Əliyev qeyd etdi ki, biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. Ölkə başçımız onu da əlavə etdi ki, Qriqoryan həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır: "Bax sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir". Bütün bu faktlardan da aydın görünür ki, 1988-ci il fevralın sonlarında erməni şovinist millətçilərinin təşkil etdiyi və erməni ekstremistlərinin həyata keçirdiyi Sumqayıt hadisələri faşist ideologiyalı hayların indiki Ermənistan ərazisində yaşayan yüz minlərlə azərbaycanlının zorla tarixi yurdlarından qovulması, Qarabağın Ermənistana birləşdirilməsi kimi çirkin planlarının qanlı bəndlərindən sadəcə biri olub”, - deputat sözlərinə əlavə edib.

Parlamentari vurğulayıb ki, 37 il əvvəl baş vermiş Sumqayıt hadisələrinin ermənilərin maraqlarına xidmət edən təxribat olduğu faktlarla sübut edilib: “Bu, əvvəlcədən düşünülmüş və həyata keçirilmiş bir ssenari idi. Ermənilər bu qanlı əməllərindən öz mənafeləri üçün istifadə etməyə, beynəlxalq miqyasda xalqımız haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirdilər. Ancaq zaman hər şeyi yerbəyer edərək kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirdi”.

Sosial həyat