Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni istiqamətlər üzrə uçuşlar təşkil edilir

post-img

Heydər Əliyev Beynəlxalq Aeroportu yaz mövsümündə sərnişinlərə yeni və genişlənmiş səyahət imkanları təklif edir.

Hava limanından XQ-yə bildirilib ki, martın 2-dən etibarən “Air Astana” Bakı – Almatı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirəcək. Martın 21-dən etibarən “Fly Arystan” Bakı – Aktau marşrutu üzrə reysləri bərpa edəcək.

Bundan başqa, martın 30-dan etibarən “Pegasus Airlines” Dalaman istiqamətində müntəzəm uçuşlara başlayacaq. “Flynas” Bakı – Dammam marşrutu üzrə birbaşa reyslərə start verəcək. “Uzbekistan Airways” Bakı – Daşkənd marşrutu üzrə uçuşların sayını həftədə dörd dəfəyə qədər artıracaq.

Aprelın 15-dən “Aegean Airlines” Bakı – Afina marşrutu üzrə birbaşa reysləri bərpa edərək Yunanıstanla hava əlaqəsini yenidən açacaq.

Bununla yanaşı aprel 28-dən AZAL Tivat istiqamətində birbaşa uçuşlar açacaq və sərnişinlərə Monteneqronun füsunkar təbiətini kəşf etmək üçün unikal imkan yaradacaq.

Bundan əlavə, Roma, İstanbul, Küveyt və Ər-Riyad istiqamətlərində reyslərin sayı artırılacaq. Tel-Əvivə uçuşları artıq təkcə AZAL və “Israir” deyil, həm də “Arkia” həyata keçirəcək ki, bu da sərnişinlərə daha çox seçim imkanı verəcək.

Sərnişinlər, həmçinin Avropa, Yaxın Şərq və Asiyanın əsas turistik və biznes mərkəzlərinə birbaşa uçuşlardan faydalana biləcəklər. Populyar istiqamətlərə Berlin, Paris, Vyana, Barselona, Praqa, Budapeşt, Dubay, Abu-Dabi, Küveyt, Dammam, Pekin, Urumçi, Maldiv adalarındakı Male, Şarm əl-Şeyx və digər şəhərlər daxildir.

Yaz aylarında hava səyahətlərinə olan ənənəvi yüksək tələbatı nəzərə alaraq, sərnişinlərə aviabiletlərini əvvəlcədən sifariş etmələri və səyahətlərini əvvəlcədən planlaşdırmaları tövsiyə olunur.

Sosial həyat