Haaqada Xocalı mövzusunda kitabların təqdimatı

post-img

Erməni cəlladlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində dinc insanlara qarşı törətdikləri qanlı soyqırımı aktı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha bir layihə reallaşdırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən “Xalq Qəzeti”nə verilən məlumata görə, Niderland krallığının Haaqa şəhərində Xocalı sakini, yazıçı-publisist Səriyyə Müslümqızının “Onlar heç zaman böyüməyəcəklər” (“Ze werden nooit volwassen“) və “Xocalıdan gələn var” (“Geesten uit Khojaly”) adlı kitablarının Holland dilində təqdimatı keçirilib. Öz ailə üzvlərini, doğmalarını da Xocalı faciəsində itirmiş S.Müslümqızının kitabları holland dilinə yazıçı Henri van Rens təfəfindən tərcümə olunub.

Dəhşətli soyqırımı gecəsində erməni faşistləri tərəfindən amansızcasına qətlə yetirilmiş qadınların və uşaqların ölüm anını təsvir edən kitablar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Kitabların holland dilinə tərcümə edilməsinin əsas səbəblərindən biri isə Beynəlxalq Ədalət Məhkəməsinin məhz Niderland Krallığında yerləşməsidir.

Təqdimat mərasimində çıxış edən müəllif bildirib ki, ədalətin ocağı sayılan Niderland Xocalı qətliamını törədənlərin cəzalandırılmasını tələb etməlidir. 32 ildən sonra doğma yurduna dönərək burada yaşadığını bildirən S.Müslümqızı tədbir iştirakçılarına Xocalıya bu gün yenidən həyatın qayıtması, burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib, Vətənimizin, xalqımızın bir daha belə məşəqqətlərlə üzləşməmisini arzulayıb.

Qeyd edək ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Niderland Krallığında anım mərasimi də keçirilib. Mərasim çərçivəsində Haaqa şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirən abidə ziyarət olunub, önünə əklil və çiçəklər qoyulub. Daha sonra anım mərasimini təşkil edən Holland-Azərbaycan Türk Kültür Dərnəyi başqanının videoçıxışı izlənilib.

Məlumatda, həmçinin bildirilir ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi Almaniyada da yad ediləcək. Mərasimdə Xocalıya qayıdış, Prezident İlham Əliyevin Xocalıya səfəri və burada doğma yurda dönən xocalılarla görüşünü əks etdirən videolar nümayiş olunacaq.

XQ

Sosial həyat