Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Azərbaycanşünaslıq Mərkəzində Xocalı soyqırımına həsr olunmuş açıq dərs keçirilib.
Universitetdə Azərbaycan dili fənnini tədris edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva özbək tələbələrə bu haqda geniş məlumat verib. O bildirib ki, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə gecə saatlarında şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım törədiblər. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və alayın hərbçiləri dinc əhaliyə divan tutublar.
M.Xudiyeva deyib ki, erməni hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərinə hücumu nəticəsində 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca olmaqla 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 1000 nəfər sakin aldığı güllə yarasından əlil olub. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi faktını videolentə almaq istəyən rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşları olan jurnalist və publisistləri qarşılaşdıqları görüntülər dəhşətə gətirib.
Mətanət Xudiyeva həmçinin qeyd edib ki, hər il Xocalı soyqırımı Azərbaycanda və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir və dünya ictimaiyyətinə bu haqda məlumatlar çatdırırlar. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotostendlər, sənədli filmlər nümayiş olunur, soyqırımın həqiqətlərini əks etdirən kitablar sərgilənir.
Dərsin sonunda bu dəhşətli soyqırımı əks etdirən sənədli film izlənilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd