Varşava Azərbaycan Evində soydaşlarımız üçün təlim keçirilib

post-img

Polşanın Varşava şəhərində fəaliyyət göstərən Azərbaycan Evində əmək bazarına inteqrasiya və karyera inkişafını təşviq etmək məqsədilə ödənişsiz təlim keçirilib. Təlim Polşa Azərbaycanlıları Şurası (PAŞ) və “Citi Bank”ın dəstəyi ilə baş tutub.

Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli Azərbaycan Evi haqqında geniş məlumat verib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Varşava  Azərbaycan evində soydaşlarımızın karyera yollarında inkişafları üçün mütəmadi olaraq layihələr həyata keçirildiyini vurğulayıb.

“Citi Bank”ın insan resursları mütəxəssisləri, Mixal Radeçki və Karola Sulinska iş axtarışı strategiyaları, peşəkar CV yazılması, müsahibə texnikaları və işə qəbul prosesində sosial əlaqələrin əhəmiyyəti barədə geniş məlumat verib. İştirakçılara real müsahibə şəraiti simulyasiya edilərək praktiki örnək göstərilib.

60-dan çox iştirakçının qatıldığı təlim Polşada yaşayan azərbaycanlıların beynəlxalq əmək bazarına uyğun bacarıqlar əldə etməsinə dəstək göstərilməsi məqsədilə təşkil olunub.

Məlumat üçün bildirək ki, Varşava Azərbaycan evində PAŞ və “Citi Bank”ın dəstəyi ilə soydaşlarımızın peşəkar inkişafını və Polşa əmək bazarına inteqrasiyasını dəstəkləyən layihələrin keçirilməsi planlaşdırılır.





Sosial həyat