Naxçıvan Muxtar Respublikasının ərazisində külli və xüsusilə külli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyanın üzvləri və media nümayəndələrinin iştirakı ilə Naxçıvan şəhərində yerləşən xüsusi məkanda məhvetmə aksiyası həyata keçirilib.
Aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikası Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 55 cinayət işi üzrə ümumilikdə 1432 kq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.
Bu narkotiklərin 70%-i daha təhlükəli narkotiklər - 1001 kq 6 qramı heroin, 15,4 %-i, yəni 222 kq 540,832 qramı metamfetamin olub. Bundan əlavə, 180 kq 882,748 qram tiryək və digər maddələr də məhv edilib.
Onu da qeyd edək ki, gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən götürülərək məhv edilən narkotiklərin 98%-i, yəni 54 fakt üzrə 1431 kq 960 qramı cənub sərhədlərindən Azərbaycan ərazisinə daxil olmaqla tranzit yolla Avropa ölkələrinə çatdırılması üçün nəzərdə tutulurdu.